Fakt

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevdən şikayət var

Qurumun Mingəçevir filialında ixtisara düşmüş 44 işçinin əmək haqlarından son 3 ildə müxtəlif adlar altında tutulmalar yoxa çıxıb.

32 ilə yaxın “Aztelekom” MMC-nin Mingəçevir Telekommunikasıya Qovşağında (indiki Mingəçevir filialı) çalışmış Rafael Məhərrəmli savash.org-a müraciət edib. Şikayətçi qeyd edir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin 26.07.2021-ci il tarixli Ə-118/21/1 saylı əmrinə əsasən “Aztelekom” MMC-nin fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədilə Tərtər, Goranboy, Mingəçevir, Bərdə, Ağdam, Yevlax və Naftalan şöbələrinin (indiki filialların) tabe olduğu Mərkəzi Aran regional filialının strukturu təsdiq edilmiş, o cümlədən həmin əmrə əsasən “Aztelekom” MMC-nin Mingəçevir Telekommunikasıya Qovşağının (indiki Mingəçevir filialı) strukturunda tutduğu mülki müdafiə mühəndisi vəzifəsi ştatı ixtisar olunub.

Baş direktorun 1-ci müavini Zaman Verdiyevin imzasıyla göndərilən məktubda müəssisənin 44 işçisiylə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyinə dair Xəbərdarlıq edilib. 23.08.2021-ci tarixdən başlanan xəbərdarlığın müddəti 25.10.2021-ci il tarixdə başa çatıb.

R.Məhərrəmlinin sözlərinə görə, ixtisar aparılarkən sosial ədalət prinsiplərinə əsla riayət olunmayıb: “Belə ki, işçinin fasiləsiz, qüsursuz və uzun illər bir vəzifədə çalışması, təqaüd yaşına 1-2 il, hətta aylar qalması, iş təcrübəsi və s. qətiyyən nəzərə alınmayıb. Mən və mənim kimi digər şəxslərin bu yaşdan sonra hardasa iş axtarıb tapmağımız qeyri-mümkündür, necə ki, indiyədək buna nail olmamışıq”.

R.Məhərrəmli deyir ki, əmək müqaviləsinə xitam verildikdən sonra işsiz statusu və işsizlik müavinətinin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq filialına müraciət ediblər: “Çox getgəldən sonra filialda məni və ixtisara düşmüş keçmiş iş yoldaşlarımdan bəzilərini işsiz kimi qeydə alsalar da, son anda bizə işsizlik müavinətinin təyin edilməsindən imtina olunub. Qurumun müdiri Babək Tağıyevin imzaladığı 06.12.2021-ci tarixli 21230669111 №li məktubda qeyd olunur ki, 01.10.2018-ci il tarixdən bizim fərdi hesabımızda sığorta ödəmələri aparılmadığı üçün işsizlikdən sığorta ilə bağlı müraciətimizdən imtina edilmişdir. Halbuki hazırki dövrdə hər şeyin şəffaf və elektron qaydada həyata keçirildiyini nəzərə alsaq, bu hardasa absurd səslənir və mümkünsüz görünür. Lakin əgər hər şey Dövlət Məşğulluq Agentliyi 20 saylı Ərazi Məşğulluq filialı müdirinin iddia etdiyi kimidirsə, o zaman sual yaranır: ötən illər ərzində bizim əmək haqlarından məcburi dövlət sosial sığorta və digər adlar altında tutulmalar hara yönəldilib ki, bu gün mən və mənim kimi onlarla insan çıxılmaz vəziyyətdə qalıb?”

R.Məhərrəmli bildirib ki, məsələylə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə məktub ünvanlayıb. Şikayətçi son illər ərzində “Aztelekom” MMC-nin Mingəçevir Telekommunikasıya Qovşağı tərəfindən əmək haqqımdan məcburi dövlət sosial sığorta adı altında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş vəsaitlə bağlı rəsmi məlumat verməyi və yaranmış anlaşılmazlığa aydınlıq gətirilməsini xahiş edib.

Qeyd edək ki, qurumun adındakı “Rəqəmsal inkişaf” sözlərinə baxmayaraq nazirlik hələ ki məsələ ilə bağlı rəsmi mövqe bildirməyib.

Azər

Savash.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button