Fakt

Ramiz Mehdiyev Tarix İnstitutunu tənqid etdi, direktor istefa ərizəsi yazdı

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ötən gün Tarix İnstitutunda baş verən “bir sıra xoşagəlməz hallar” haqda danışıb, institut rəhbərliyini tənqid edib. R.Mehdiyev AMEA Rəyasət Heyətinin iclasında bildirib ki, Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsidir.

“Müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyi məni narahat edir. İnstitut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırır, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edirəm”, – AMEA prezidenti qeyd edib.

Bu tənqidə cavab olaraq Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Report” agentliyinə açıqlama verib və bildirib ki,  Ramiz Mehdiyevin “ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o cümlədən baş direktor kimi mənim haqqımda söylədiyi hüquqi baxımdan ziddiyyətli və həqiqəti əks etdirməyən fikirlərindən” çox böyük təəssüf hissi keçirir.

“Ramiz Mehdiyev instituta rəhbərlik etdiyi bir ildən az müddət ərzində bir dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVID-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumayıb. Onda aydın olardı ki, Tarix İnstitutunda elmi tədqiqat işlərinin və idarəetmənin təkmilləşdirilməsi sahəsində hansı müasir islahatlar həyata keçirilib”, – direktor deyib.

Kərim Şükürovun fikrincə AMEA -nın prezidenti “milli akademiyaların rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur” və onu akademiyanın gündəliyinə çevirir.

“Bu gün, 20 Yanvar şəhidlərinin əziz xatirəsini dövlətimiz və xalqımızla birlikdə qeyd edəcəyəm. Sabah, 21 yanvarda bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm”, – o bildirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button