Fakt

Oliqarx İlham Rəhimov çörəkpulu dalınca gedən azərbaycanlılardan necə qazanır…

Oliqarx İlham Rəhimov çörəkpulu dalınca gedən azərbaycanlılardan necə qazanır...
Bu ilin yanvarından etibarən Rusiya miqrantlara dair qanunvericiliyi daha da sərtləşdirib.

Virtualaz.org saytının xəbər verdiyi kimi, həmin vaxtdan etibarən Rusiyada işləmək istəyən miqrantlar əmək patentləri almalıdır və rus dilindən imtahan verməlidir.

RBC agentliyi yeni qaydaların qüvvəyə minməsindən kimlərin varlandığı barədə araşdırma aparıb. Məlum olub ki, Azərbaycan və digər keçmiş sovet respublikalarından çörəkpulu qazanmaq üçün Rusiyaya üz tutanların hesabına varlananlardan biri də azərbaycanlı oliqarx İlham Rəhimovdur (prezident Vladimir Putinlə tələbəlik yoldaşı olduğunu nəzərə alaraq onu “İlham Putinka” da adlandırırlar).

Agentliyin araşdırmasında deyilir ki, 2015-ci il, yanvarın 1-dən etibarən Azərbaycan, Ukrayna, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistandan vizasız Rusiyaya gedən miqrantlar üçün patent iş icazəsi verən yeganə sənəddir.

Federal Miqrasiya Xidmətinin statistikasına görə, həmin ölkələrdən olanlar Rusiyada işləyən miqrantların böyük əksəriyyətini təşkil edir. İlin birinci yarısı ərzində onlara verilən əmək patentləri regionların büdcəsinə əlavə olaraq 10,5 milyard rubl gəlir gətirib.

Lakin miqrantların Rusiyada qalmaq və işləmək üçün xərcləri təkcə patent haqqı ilə bitmir. Onlar tibbi şəhadətnamə almalı, təhlükəli xəstəliklərə dair analizlər verməli, rus dili, tarixi və qanunvericiliyi haqda imtahanından keçməli, barmaq izi verməli və foto çəkdirməlidir.

Araşdırma göstərib ki, miqrantlar ilin birinci yarısında təkcə Moskvada, Moskva ətrafında, Sankt-Peterburqda və Leninqrad vilayətində bu sənədlərin toplanılmasına 6,5 milyard rubl xərcləyiblər.

Moskvada meriya tərəfindən miqrantların sənədlərinin hazırlanmasında səlahiyyətli olan yeganə təşkilat büdcədən maliyyələşdirilən Çoxfunksiyalı Miqrasiya Mərkəzidir. Bu mərkəz ilin əvvəlindən 265 min patent verib, 300 mindən çox miqrantın sənədlərini araşdırıb. Patent sahibi hər il dövlətə 48 min rubl ödəməlidir.

Mərkəzin baş direktoru Nikolay Fedoseyev deyib ki, meriya onlara miqrantlara xidməti mümkün qədər aşağı qiymətə göstərməyi və onlardan gəlir götürməməyə çalışmağı tapşırıb.

“Ona görə də biz miqrantlara minimal tariflərlə xidmət göstəririk. Çünki daha çox pul istəsən, miqrant kölgəyə çəkiləcək, qeyri-leqal fəaliyyətə keçəcək”- N.Fedoseyev deyir.

Mərkəz sutka boyu işləyir, onun 800 əməkdaşı gündə 4500-ə yaxın miqrantı qəbul edir. Hazırda şirkətin əməkdaşları müvəqqəti konstruksiyalarda işləyirlər, ancaq yaxınlıqda mərkəz üçün 60 min kvadratmetrlik bina tikilir.

Moskva hakimiyyəti Çoxfunksiyalı Miqrasiya Mərkəzi üçün müvəqqəti və daimi konstruksiyaların tikilməsi üçün 18 tender elan edib. Bu tenderlərdən ən irisinin qalibi “Treyd İnvestment” şirkətidir. Şirkət Azərbaycan əsilli yəhudi milyarderlər Zarah İliyev və Qod Nisanovun “Kiyevskaya ploşad” şirkətlər qrupuna daxildir.

Onun təsisçilərindən biri isə Putinin tələbə yoldaşı, “Yevropeyskiy” və “Ukrayna” otellərinin, çoxsaylı daşınmaz əmlakın sahibi oliqarx İlham Rəhimovdur. İlham Rəhimov Qod Nisanov və Zarah İliyevin biznes partnyorlarıdır.

Qeyd edək ki, İlham Rəhimov bu günlərdə yerli mətbuata müsahibəsində ona “oliqarx damğasının yapışdırılmasından” narazılığını bildirib, deyib ki, əslində o, elmi fəaliyyətlə məşğuldur. Yəni “oliqarx” yox, “professor” kimi çağırsalar, daha yaxşı olar.

“Treyd İnvestment” şirkəti Moskvada kommersiya təyinatlı çoxsaylı daşınmaz əmlakın, o cümlədən qalmaqallı “Sadovod” bazarının sahibidir. Bu şirkətin miqrantların hesabına varlanması barədə Rusiya mətbuatı ilk dəfə yazmır.

Hələ iki il əvvəl Moskvada azərbaycanlıların nəhəng topdansatış meyvə-tərəvəz bazası “Pokrovsk” bağlananda onun icarəçiləri məcburən “Sadovod”a və İlham Rəhimovun digər bazarlarına üz tutmalı olmuşdu.

Rusiya mətbuatı yazmışdı ki, əslində “Pokrovsk” bazarının bağlanmasının arxasında da Rəhimov və ortaqları dayanır, onlar güclü əlaqələrindən istifadə edərək bazarın icarəçilərini öz obyektlərinə yönəldiblər. Daha sonra Moskva meriyası Rəhimov və ortaqlarına Rusiya paytaxtında nəhəng aqroklaster – müasir topdansatış meyvə-tərəvəz bazası açmağa icazə verdi. Bununla da Moskvanın meyvə-tərəvəz bazarı Azərbaycan əsilli oliqarxların inhisarına keçdi.

“Treyd İnvestment” şirkəti həmçinin sovet dövrünün məşhur Ümumittifaq Sərgi Mərkəzinin bir hissəsinin icarəçisidir. Və bu icarə ətrafında xeyli müddət qalmaqallar baş verib. Oliqarxlar sərgi mərkəzinin ərazisində kommersiya obyektləri və anbarlar tikiblər. Bu da Moskva ictimaiyyətinin, mətbuatın kəskin tənqidlərinə səbəb olub.

Moskvanın Mədəni İrs Departamentinin rəhbəri Aleksandr Kibovski sərgi mərkəzinin ərazisində baş verənlər haqda bunları demişdi: “Ümumittifaq Sərgi Mərkəzi arxitektura abidəsindən porsuq piyinin satıldığı bazara çevrilib”.

Göründüyü kimi, Rəhimov & Company təkcə çoxsaylı daşınmaz əmlakdan və bazarlardan deyil, həm də yoxsul miqrantların Rusiyada iş icazəsi almaq üçün ödəməyə məcbur olduğu patent pulundan qazanmaqdadır.

RBC agentliyinin rəyini soruşduğu ekspertlərin əksəriyyəti deyir ki, indiki iqtisadi vəziyyətdə patentin haqqı və miqrantların sənədləri toplaması üçün tələb oluna digər xərclər onların çoxunun cibinə uyğun deyil. Bu səbəbdən miqrantların bir hissəsi artıq Rusiyanı tərk edib, yaxud kölgəyə çəkilib.

Çünki miqrantlar üçün qaydaların sərtləşdirilməsi ilə eyni vaxtda Rusiyada iqtisadi çətinliklər də başlayıb. İş yerləri bağlanır, sahibkarlar işçi qüvvəsi kimi miqrantları cəlb edə bilmir və ya onları işdən çıxarır. Bazarlarda ticarət zəifləyir və icarəçilər yer haqlarını ödəyə bilmir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button