Fakt

İftardan sonra qarpız yemək üçün bıçaq götürdü, adam öldürdü

İftardan sonra qarpız yemək üçün bıçaq götürdü, adam öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Samur Həsənovun məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının məhkəmə prosesini izləyən müxbirinin veriyi məlumata görə, prosesə hakim Əlisultan Osmanov sədrlik edib.

İttihama görə, Samur Həsənov 2014-cü il, iyul ayının 12-də gecə saatlarında Şəhriyar Həsənovla əvvəllər aralarında yaranmış ədavəti aydınlaşdırmaq üçün onu görüşə çağırıb. Biləcəri qəsəbəsindəki “Meydan” yaxınlığında görüşdükləri zaman Şəhriyar Həsənov Samura pnevmatik silahdan 5 dəfə atəş açıb.

Şəhriyarın qardaşı Fərid Həsənov isə Samuru vurmaq istədikdə sonuncu ov bıçağı ilə Fəridin boyun nahiyəsinə xəsarət yetirib. Daha sonra isə Şəhriyarı bıçaqla vurub.

Hadisə yerində olan şəxslərdən biri onları aralayıb. Fərid aldığı xəsarətdən dünyasını dəyişib, Şəhriyar isə həkimlərin səyi nəticəsində sağ qalıb.

Təqsirləndirilən şəxs qismində məhkəmə ifadə verən Samur Həsənov ona elan olunmuş ittihamla özünü təqsirli bilmədi. O, ifadəsində baş vermiş hadisənin səbəbkarı olmadığını göstərdi: “Mən Biləcəridə yaşayanam. Şəhriyargil isə Biləcəriyə sonradan köçüblər. Aramızda uzun müddət dostluq münasibətləri olub, bir-birimizin evinə gedib-gəlmişik, bir yerdə məşq eləmişik (Samur Həsənov peşəkar boksçu olub-red.). Şəhriyar namaz qılan olsa da söyüş söyən insan idi. Kiminsə arxasınca danışanda, artıq-əskik söz deyəndə bunu götürmürdüm. Dəfələrlə ona demişdim ki, mənim yanımda belə sözlər demə. Allah qarşısında ibadət ediriksə, gərək söyüş söyməyək.

Aramızın pozulmasına səbəb də elə bu olmuşdu. Bir ilə yaxın olardı münasibətlərimiz korlanmışdı. Sonradan eşitdim ki, mənim arxamca da söyüb, əhəmiyyət vermədim. Hətta dostum Vüsala da demişdi.

Hadisə baş verən gün iftardan sonra Şəhriyara xəbər göndərdim dedim ki, gəl görüşək, çayxanada oturub söhbət edək. Vüsala deyib ki, gələ bilmirəm. Gecə saat 2 radələrində məni çağırtdırdı, getdim. Heç ağlıma da gəlməzdi ki, üstümə silahla gələr. Mənə çatan kimi köynəyinin altından silah çıxarıb parkın içində, camaatın gözü qarşısında atəş açmağa başladı. Çaşıb qaldım, nə edəcəyimi bilmədim. Silahın pnevmatik tapança olduğunu sonradan bilmişəm. Elə bilirdim ki, əlindəki həqiqi “Makarov”dur. Atmağa başlayanda gözlədim ki, indi mənə nəsə olacaq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə zamanı heç kimi öldürmək niyyəti olmayıb: “Elə bu anda Şəhriyarın qardaşı Fərid üstümə gələrək məni yumruqla vurmağa başladı. Üstümdəki bıçağı çıxarıb onu vurdum. Bıçaq Fəridin boğazına dəydi. Şəhriyar isə silahdan atəş aça-aça gəlirdi. Bıçaqla Şəhriyara da zərbə endirdim. Əgər Şəhriyarı öldürmək niyyətində olsaydım, onu parka çağırmazdım. Şəhram kişi də (mərhumun atasını nəzərdə tutur-red.) buradadır. Bircə onu demək istəyirəm, qoy atası bilsin ki, bu hadisənin günahkarı mən deyiləm. Allah şahiddir, Fəridin ölümünə səbəbkar mən olmamışam”.

Dövlət ittihamçısının “Allah adamısan, dindarsan, birini öldürmüsən, o birini yaralamısan. Sən hadisə yerinə niyə bıçaqla gedirdin?”sualına təqsirləndirilən şəxs bıçağı iftardan sonra qarpız yemək üçün üstündə saxladığını dedi.

Dövlət ittihamçısı “İnsanı ya ürəyindən, ya da şah damarından vuranda ölür. Amma deyirsən ki, öldürmək niyyətin olmayıb. Sənə atəş açan Şəhriyar olub, Fəridi niyə qətlə yetirmisən?” sualına S.Həsənov “Şəhriyar silah atırdı, Fərid isə yumruqla məni vururdu” deyə cavab verdi.

Bundan sonra məhkəmədə mərhumun atası Şəhram Həsənov ifadə verdi. Zərərçəkmiş ifadəsində Samur Həsənovun əslində hər iki oğlunu öldürmək məqsədilə ora çağırdığını məhkəmənin nəzərinə çatdırdı: “Şəhriyarla aralarında söz-söhbətləri olub. Mənim oğlanlarım bunun dediklərini demirdilər. Gecə yatdığı yerdə oğlumu çağırıb söhbətə aparıblar. Bir oğlumu öldürüb, o birini də yaralayıb. Şəhriyar təsadüf nəticəsində sağ qalıb. Əslində isə məqsəd ikisini də öldürmək olub. Gecə xəstəxanadan zəng vurdular, getdim. Fərid dünyasını dəyişmişdi, Şəhriyar isə əməliyyat olunurdu”.

Mərhumun atası göz yaşları içində “Fərid subay idi, hələ evləndirməmişdim onu. Sözün var idi, gəlib mənə deyəydin, qapımı tanıyırdın. Mən özüm tədbir görərdim”dedi.

Təqsirləndirilən şəxs isə “mən sizin qarşınızda günahkaram” deyə cavab verdi.

Məhkəmə prosesi dekabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, öldürülən Fərid Həsənov və yaralanan Şəhriyar Həsənov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin yaxın qohumudur.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button