Bakıda şagirdin saçını yolan müəllimə dindirildi – (Yenilənib)
Təhsil Nazirliyi Bakıda yerləşən 53 saylı orta məktəbdə müəllimənin birinci sinif şagirdinin saçını yolması ilə bağlı mətbuatda yayılan xəbərləri araşdırır.
Bu barədə azvision.az-a sözügedən məktəbdən məlumat verilib. Bildirilib ki, hazırda Təhsil Nazirliyindən olan nümayəndələr məktəbə gəliblər və araşdırma aparırlar: “Naziliyin işçiləri hazırda məktəbdədirlər. Onlar məktəbin direktorunu, uşağın saçını yolduğu deyilən Züfiyyə müəlliməni və balaca Dənizi sorğu-sual ediblər. Hazırda yoxlama işləri davam edir. Müəllimənin işdən çıxardılması ilə bağlı isə hələlik heç nə bilmirik”.
* * *10:55
Bakıda yerləşən 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova rəhbərlik etdiyi təhsil müəssisəsində müəllimənin şagirdin saçını yolması haqda sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.
F.Həsənova azvision.az-a açıqlamasında deyilənləri yalanlayaraq ibtidai sinif müəlliməsi Zulfiyyə Hacıyevanın Dəniz adlı şagirdin saçını yolmadığını, bu məlumatların şagiridin anası tərəfindən uydurulduğunu bildirib: “Əgər həmin uşağın saçı yolunsaydı onun başı qıpqırmızı olardı və zorakılıq əlamətləri görünərdi. O uşağın adı Dənizdir. Birinci sinifdə oxuyur. Qaçqındırlar. Şəhərcikdə qalırlar. Uşağın saçlarının yolunması xəbərləri yalandır. Bu xəbərlər uşağın anasının uydurmasıdır. Hazırda həmin uşaq məktəbdədir. Müəllimə onun saçlarını yolmayıb. Uşağın saçları bir ay əvvəldən tölükürdü. Əgər müəllimə uşağın saçlarını yolsaydı, onun başında qızartılar və işgəncə izləri olardı. Araşdırmadan sonra uşağın anasının yalanı üzə çıxacaq. Bizə şər atırlar”.
* * *23:55
Sosial şəbəkələrdə Bakıda müəlimin azyaşlı məktəbli qıza qarşı etdiyi vəhşiliyin görüntüləri yayılıb.
Facebookda \”Sancaq\” səhifəsində yerləşdirilən məlumatda deyilir ki, Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zülfiyyə Hacıyeva 1-ci sinifdə oxuyan balaca məktəbli qıza qarşı zorakılıq və vəhşilik edib.
Belə ki, müəllimənin balaca qızın saçını dibindən yolduğu və döydüyü iddia olunur. Səbəb isə 1-ci sinif şagirdinin yazını yaxşı yazmaması olub.
Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı ANS PRESS-ə açıqlamasında bildirib ki, hazırda baş verən hadisə ilə bağlı məlumatları yoxdur: \”Bununla bağlı araşdırma aparılacaq\”.