Azərbaycan snayperi daha bir erməni əsgərini məhv etdi
Ermənistan silahlı qüvvələri ötən il dekabrın sonlarından etibarən təmas xəttində az qala hər gün itki verməkdədir.
Virtualaz.org saytı xəbər verir ki, düşmən ordusu daha bir hərbçisini itirdiyini açıqlayıb. Yanvarın 20-dən 21-nə keçən gecə işğalçı qüvvələrin Kəlbəcər istiqamətində təmas xəttini keçmək üçün göstərdiyi cəhdin qarşısı ordumuz tərəfindən alınmışdı və nəticədə azı bir erməni hərbçisi öldürülüb, biri yaralanıb.
Ermənistan Müdafiə Naziliyi mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan aysor.am saytına açıqlamasında bildirib ki, yanvarın 21-də erməni ordusu daha bir itki verib. Bu dəfə Azərbaycanla sərhəd Tavuş vilayətində Ermənistan ordusunun müqavilə əsasında xidmət keçən kiçik serjantı, 1980-ci ildə anadan olmuş Arman Udumyan öldürülüb. Ovanisyan bildirib ki, erməni hərbçisi Azərbaycan tərəfindən açılan snayper atəşi ilə vurulub.
Bununla da Ermənistan ordusunun təmas xəttində son üç həftədə verdiyi və rəsmən açıqlanan itkilərin sayı 9-a çatıb. Ehtimal olunur ki, Ermənistan tərəfi itkilərin bir qismini ictimaiyyətdən gizlədir və reallıqda bu rəqəm daha yüksəkdir.