Lamiyə Quliyeva azadlığın bir addımlığında
Aslan Aslanovun həbs etdirdiyi qadının işi ilə bağlı hakimiyyət hərəkətə keçdi – Baş Prokurorluq protest verdi, işə Apelyasiya Məhkəməsində baxılacaq; dövlətin imicini zədələyən cinayətkar çete tam ifşa ərəfəsində; Mədət Quliyev danışdı və jurnalistləri xain adlandırdı
Məhkum Lamiyə Quliyevanın işi ilə bağlı 17 günlük gözləmə mövqeyində dayanan dövlət qurumları nəhayət ki, araşdırmalara başlayıb. Fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın ana olması ilə bağlı araşdırmalara başlayıb. Bunu “Yeni Müsavat”a qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Deyib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1987-ci il təvəllüdlü Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında uşaq doğması və digər xüsusatlarla bağlı Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə müvafiq araşdırmalar aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. E.Sultanov “uşağın atası kimdir” sualına cavab verməyib.
ANS-in sperma açıqlaması – fantastika!!!
Fevralın 4-də bu mövzuya müraciət edən anspress.com belə bir xəbər yayıb.
Sitat: “Ombudsman Aparatının əməkdaşları uşağın atası olduğu iddia edilən məhkumla da görüşüblər. Adının açıqlanmasını istəməyən məhkum Lamiyə ilə bir müddət eyni penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT qan analizi verdiyini bildirib. O, izahatında onu da yazıb ki, Lamiyə onun spermasından istifadə edərək süni mayalanma edib. Ombudsman Aparatından verilən məlumatda deyilir ki, həmin məhkum heç bir təzyiqə məruz qalmadığını ərizəsində göstərib”.
Maraqlıdır ki, Ombudsman Aparatının mətbuat xidmətin yaydığı rəsmi məlumatda “O, izahatında onu da yazıb ki, Lamiyə onun spermasından istifadə edərək süni mayalanma edib” – cümləsi yoxdur.
“Bizim rəsmi açıqlamamızda elə bir cümlə yoxdur”
“Yeni Müsavat” əməkdaşı məsələyə aydınlıq gətirilməsi üçün Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmova müraciət edib. V.Məhərrəmov dəqiqləşdirmə apardıqdan sonra bildirib ki, həmin cümlə yaydıqları rəsmi məlumatda olmayıb: “Bizim rəsmi açıqlamamızda elə bir cümlə yoxdur”. Həmin cümləni rəsmi xəbərə soxuşduranlar Aslan Aslanova, Mədət Quliyevə “ayı xidməti” göstərmələrinin fərqinə varmalıdırlar.
Aslanovun adından açıqlama gəldi
Şəmkirin sabiq icra hakimiyyəti başçısı Aslan Aslanov ANS-ə açıqlama verib. Deyib ki, bu işdə adının hallanmasını yalan adlandırır və övlad itirən valideyn kimi spekulyasiyalardan təəssüf keçirir: “Xahiş edirəm ki, bizim yaramızı təzələməyin. Mənim oğlumu həmin şəxslər qrup halında qətlə yetiriblər. 11 il əvvəl olmuş hadisəni indi şişirdərək mətbuatda mənim adımı hallandıraraq sifarişlə yazı yazırlar. Vüqar Əliyev və Lamiyə Quliyevanın yaxınlarının həbsi üçün sifariş verməyim, onların həbsinin uzadılması üçün təzyiq etməyim. Bu barədə yazılanlar təxribatdır və mənim bu işlə heç bir əlaqəm yoxdur. Mən YAP-ın Siyasi Şurasının üzvüyəm, dövlətçiliyə xidmət edirəm\”.
Mədət Quliyev sükutu pozdu
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev azvision.az-a müsahibə verib. Xidmət rəisinin məhkum Lamiyə Quliyeva ilə bağlı suala cavabı belə olub:
– Mənim o yazılarla bağlı açıqlama verməyim müdafiə kimi qəbul edilə bilər. Guya mən özümü, xidməti və ya kimisə müdafiə edirəm kimi qəbul edilə bilər. Bu, mənim xasiyyətimə və həyat tərzimə ziddir. Heç vaxt müdafiədə olmuram. Mən öz xidməti işimi görürəm. Bu xəbərlər yazılmalıdır. Demokratik bir cəmiyyətdə yaşayırıq. Kimsə bu cəmiyyətdə öz fikirlərini bildirirsə, burada xətrə dəyəsi nə var ki? Burada narahatedici bir məsələ görmürəm. Cəmiyyətimiz inkişaf edir. Möhtərəm prezidentimiz şərəflə və çox böyük bir məharətlə respublikanın sükanını saxlayır. Xalqımız irəli gedir. Yaşayış səviyyəmiz yüksəlir.
General-leytenantın növbəti suala cavabı belə olub:
“Bu məsələlər hamısı açılacaq. Bizim xidmətə qarşı heç bir irad bildirilməyəcək. Bunu hər kəs görəcək. Allaha şükür ki, artıq Baş Prokurorluq bu məsələ ilə məşğul olur. Biz biləndə ki, Lamiyə hamilədir, ona kömək elədik ki, o, uşağını rahat şəkildə dünyaya gətirsin. Onun üçün bütün şəraiti yaratdıq. Bu, adi bir haldır. Belə şeylər ola bilir\”.
“Lamiyə Quliyeva uşağının atasının da məhkum olduğunu bildirib. Həmin şəxs isə bu iddiaları təkzib edərək Lamiyə ilə şəxsi yaxınlığının olmadığını bəyan edib. Bu məsələ araşdırılacaqmı” sualına M.Quliyev belə cavab verib: “Bu məsələ tərəfimizdən təbii ki, araşdırılacaq. O ki qaldı həmiş şəxsin bunu təkzib edərək ayrı şeylər deməsinə, onun uşağının atası da müəyyən olunacaq. Hamı onu tanıyacaq”.
Mətbuatda özünün tənqid edilməsinə gəlincə isə xidmət rəisinin cavabı belə olub: “Heç belə bir şeyi yazmaq və düşünmək olar? Belə yazı yazmaq olar? Kim nə yazır, yazsın.
Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılan adamlar var. Onlar müharibə şəraitində də satılırdılar. Onlar respublikanın xoş gününü istəməyən adamlardır”.
M.Quliyev özü ilə bağlı qara PR kampaniyası aparılması ilə bağlı suala “Mənə qarşı olan qara kampaniya kimlərsə tərəfindən formalışdırılır. Bunlar heç kimin qanını qaraltmamalıdır. Çünki demokratik cəmiyyətdə yaşayırıq. Hər kəs istədiyi fikri yaza bilər. Narahat olmağa heç bir əsas yoxdur. Hər şey yaxşıdır” – deyə cavab verib.
Baş Prokurorluqdan Lamiyə Quliyevanın işinə yenidən baxılmasına “yaşıl işıq”
Baş Prokurorluq məhkum Lamiyə Quliyevanın 2010-cu ildə Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə olan hökmünün ağırlığına görə apelyasiya protesti və müddətin bərpa olunması üçün vəsatət verib. Cəzaçəkmə müəssisəsində Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə vəsatətə baxılıb. Dövlət ittihamçısı qismində Eldar Balakışiyev çıxış edib. Müddətin bərpa olunması ilə bağlı vəsatət təmin edilib, protestə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib. Prosesdə Lamiya Quliyevanın müdafiəçisi Fəxrəddin Mehdiyev, həmçinin Lamiyə Quliyeva özü iştirak edib.
Prosesdən sonra F.Mehdiyev “Yeni Müsavat”a deyib ki, L.Quliyevanın vəziyyəti yaxşıdır.
– Lamiyəyə uşağın atası haqda sual verdiz?
– Dedi ki, bu haqda məlumat verib. Araşdırma gedir.
– Araşdırma harada gedir?
– Penitensiar Xidmətin Təhqiqat Şöbəsində.
– Baş Prokurorluq rəsmi açıqlama yayaraq araşdırma apardığını bəyan edib. Penitensiar Xidmətin Təhqiqat Şöbəsi nəyi araşdırır?
– Araşdırma Təhqiqat Şöbəsində gedir. Baş Prokurorluq o faktı araşdırır ki, qanunsuzluq olub ya olmayıb.
– Prokurorluq nəyi araşdırır?
– Bu məsələ ictimailəşdiyinə görə müəyyən məsələləri, cinayət faktlarının olub-olmamasını araşdırıb.
– Lamiyə Quliyeva cəzaçəkmə müəssisəsindən çıxarılıb?
– Xeyr, orada saxlanır, bu gün məhkəmə də orada oldu. Qərar qəbul olunubsa, Lamiyə Bakı İstintaq Təcridxanasına köçürüləcək, onu oradan Bakı Apelyasiya Məhkəməsinə aparıb gətirəcəklər.
– Məhkəmənin vaxtı təyin olunub?
– Bu gün işi ora göndəriblər. Gələn həftə prosesin günü təyin olunar.
– Müvəkkilinizə cəza təyin olunandan illər sonra protest verilməsi təsadüfidir?
– Təsadüfi deyil, məsələ ictimailəşib və diqqətlə öyrənilib. Lamiyənin günahsız olduğu hər kəsə bəllidir. Həmin vaxt şikayətlər göndərilməyib.
– Barəsindəki sonuncu hökmdən şikayət verməsinin qarşısını kim alıb?
– Mən konkret ad çəkmək istəmirəm. Amma proseslər olub və şikayət verilməyib.
– Aslan Aslanov həmin prosesləri yönləndirib?
– Mən ad çəkmək istəmirəm.
– Necə hesab edirsiz, qiyabi tanışlıqdan, spermanın məktubla göndərilməsindən bir qadının ana olması fantastika deyil?
– Mən bununla bağlı şərh vermək istəmirəm. DNK-lar götürülüb. Nəticəsi də olacaq.
– Yanvarın 17-də Lamiyənin ana olması xəbəri çıxıb. Növbəti gün DNK-ların götürüldüyü xəbəri çıxıb. Həmin DNK-lar Azərbaycanda ekspertiza ediləcək, yoxsa Rusiyaya, Amerikaya göndərilib?
– Azərbaycanda ekspertiza ediləcək. Azərbaycanda belə ekspertizaların keçirilməsi üçün şərait var.
– Lamiyə ötən ilin oktyabrında ana olub. Həmin vaxtdan 5 ay ötür. Sizcə, araşdırmaların gedişatı qaneedici səviyyədədir?
– Araşdırırlar. Nəticəsi də ortaya qoyulacaq.
– Uşağın atası hazırda həbsdədir?
– Həmin şəxs Bakı İstintaq Təcridxanasında saxlanıb. İndi haradadır bilmirəm.
– Həmin şəxs uşağın atası olduğunu danır. Deyir ki, L.Quliyevanı qiyabi tanıyır. Bu açıqlamadan belə təəssürat formalaşır ki, məsələ onun boynuna qoyulub. Siz necə düşünürsüz?
– Burada kiminsə boynuna qoyulması söhbətinə inanmıram. Bu məsələ araşdırılır. Özünün də açıqlaması var. Mən şərh verə bilmərəm.
– Sizə və müvəkkilinizə təzyiqlər var?
– Mənə təzyiq yoxdur. Lamiyədən də soruşmuşam. Deyir ki, yoxdur.
– Aslan Aslanovun oğlu Turqay Aslanov Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqidir. Onun müvəkkilinizə təzyiq etmək imkanları varmı? Hazırkı mərhələdə onun tutduğu vəzifədən müvəqqəti uzaqlaşdırılması haqda vəsatət qaldırmaq fikriniz varmı?
– Hələlik Lamiyə ona təzyiqlərin olması haqda bir söz deməyib. Olsa, bu addım atıla bilər.
– Aslanov deyir ki, onun bu işlərə heç bir aidiyyəti yoxdur.
– Bununla bağlı şərh verə bilmərəm.
– Uşağın vəziyyəti necədir?
– Lamiyənin saxlanma şəraitindən narazılığı yoxdur.
– Məhkəmənin nəticəsi olaraq L.Quliyeva azad ediləcəkmi?
– Mən buna əminəm. Məhkəmə ədalətli qərar verib günahsız olaraq həbsdə saxlanılan Lamiyə Quliyevanı azad edəcək. (musavat.com)