Gündəm

Özəl tibb klinikaları cəzalandırıldı

Özəl tibb klinikaları cəzalandırıldı

Səhiyyə Nazirliyi özəl tibb müəssisələri tərəfindən qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısının alınması məqsədilə yoxlamalar aparıb.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, keçirilmiş yoxlamalar zamanı özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib və bir sıra şəxslər barəsində inzibati-məcburedici tədbirlər görülüb.

Nazirlik ciddi qanun pozuntularına yol verdiklərinə görə “Bioloji Təbabət” MMC, “İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi”, “İdeal Tibb Şirkəti” MMC və “Diaqnoz Tibb Şirkəti” MMC şirkətləri barəsində mövcud qanunvericiliyə və İnzibati Xətalar Məcəlləsinə uyğun cəzalar verib.

Qeyd edək ki, tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan işlərin və xidmətlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.03.2009-cu il tarixli, 49 saylı qərarı ilə təsdiq edilib. Prezidentin 782 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.3-cü maddəsinə əsasən, tibb fəaliyyəti üzrə şəxslərin məşğul ola biləcəyi işlər və xidmətlərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsində göstərilir. Buna baxmayaraq, bir sıra özəl tibb fəaliyyəti subyektləri qanunsuz olaraq xüsusi razılığın əlavəsində qeyd edilməyən işlər və xidmətləri göstərirlər.

Nazirlikdən qeyd ediblər ki, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş şəxslərin siyahısı, eləcə də müvafiq lisenziyalar üzrə həmin şəxslərin həyata keçirdiyi işlər və xidmətlər haqqında məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Səhiyyə Nazirliyi lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyi, bununla özünüzün və yaxınlarınızın həyat və sağlamlığını təhlükə altına qoymamağınızı tövsiyə edir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button