Gündəm

Azərbaycanda üç qadının sensasion fırıldağı: yüz minləri götürüb yoxa çıxdılar – (Fotolar)

Azərbaycanda üç qadının sensasion fırıldağı: yüz minləri götürüb yoxa çıxdılar - (Fotolar)

Azərbaycanda bir qrup şəxs əlbir olaraq yüzlərlə insana qarşı dələduzluq edib. Dəstənin başçıları isə üç qadındır.

Bu məlumatı virtualaz.org saytına həmin dəstənin əməllərindən zərər görmüş şəxslərn bir qrupu verib.

Məlumatda deyilir ki, yüzlərlə insan “T-Group” Tədris Mərkəzi rəhbərliyinin fırıldaqçılığı ilə üzləşib və dələduzluğun qurbanı olub. Adıçəkilən tədris mərkəzi ali məktəblərə hazırlıq və dil kursları təşkil etdiyini bəyan edib. Tədris mərkəzinin Qazax, Mingəçevir və Bərdə ilə yanaşı daha bir neçə rayonda filialları olub.

“Bir neçə gün əvvəl “T-Group”un Mingəçevir filialının işçiləri etiraz olaraq yerli polis şöbəsinin qarşısına toplaşmışdılar. Onlar mərkəzin rəhbərliyi tərəfindən aldadıldıqlarını, maaşlarını ala bilmədiklərini deyirdilər. Zərərçəkənlər yerli polis şöbəsində olaraq izahat yazmış, mərkəzin Pərvanə, Ülviyyə və Ülkər adlı əməkdaşları tərəfindən aldadıqlarını söyləmişdilər” – deyə şikayətçilər bildirir.

Xəbərdə o da deyilir ki, “T-Group”un Qazax filialında işə götürülən şəxslər də narazıdır. Onlar da maaşlarını ala bilmirlər.

Fırıldaqçı qrupun digər qurbanları isə Bərdə sakinləridir. Belə ki, “T-Group”un rəhbərliyi Bərdədə uşaq bağçası açacaqlarını deyərək xeyli adamı bu təlim-tərbiyə müəssisəsində işə götürüb. İşə qəbul edilən hər kəsdən 1000-1200, əksər hallarda isə 1500 manat “şirinlik” də alınıb. Onlar kağız üstündə işə də götürülüb. Söhbət tərbiyəçi-müəllim adı ilə işə qəbul olunan 60 nəfərədək adamdan gedir. Daha bir qrup insandan isə tezliklə işə qəbul olunacaqları vədi ilə rüşvət alınıb. Burada da konkret rəqəm olub – 1200-1500 manat.

100-dən çox uşaq isə bağçaya qəbul olunub. Onların aylıq təhsilhaqqı isə 150 manat müəyyən edilib və bu pullar da alınıb.

Məlumatda deyilir ki, fırıldaqçı dəstə Bərdədə də eyni ssenari üzrə hərəkət edib. “T-Group”un bu rayondakı əməliyyatlarını Pərvanə, Ülkər və Ülviyyə adlı qadınlar həyata keçirib. Qazax və Mingəçevirdə isə bu əməllərlə əsasən Pərvanə və Ülkər adlı xanımlar məşğul olub.

Bərdədə “Acsess bank”ın filialında Ülkər Sanılı adlı şəxsin, yəni bu üç qadından birinin adına hesab açılıb. Bağçaya tərbiyəçi-müəllim və mühafizəçi kimi işə düzəlmək istəyənlər onlardan “şirinlik” kimi tələb olunan pulları bu hesaba yatırıblar. Bağçaya gətirilən uşaqların valideynləri də aylıq 150 manat ödənişlərini bu hesaba keçiriblər. Fırıldaqçı qrup bununla da işlərinin rəsmi olduğunu göstərməyə çalışıb.

Uşaq bağçası oktyabrın 12-dən fəaliyyətə başlayıb. Uşaqlar ora gedib-gəlib. Onların valideynləri növbəti ayın pulunu da ödəyib. Zahirən hər şey qaydasında olub. Təkcə bir məsələdən başqa. Belə ki, iki ay keçməsinə baxmayaraq tərbiyəçi-müəllimlər onlara vəd olunan maaşlarını ala bilməyiblər. Onlar məvaciblərini tələb etməyə başlayanda rəhbərlik etirazların qarşısını almağa çalışıb. Dekabrın 21-də işçilərin bir aylıq maaşlarının bir hissəsi ödənilib. Sonradan isə adıçəkilən hər üç qadın, yəni Pərvanə, Ülkər və Ülviyyə qeybə çəkiliblər. Onların tərbiyəçi-müəllimlərə və valideynlərə bəlli olan nömrələrinə zəng çatmır. Bu qadınların rayondan qaçdığı artıq təsdiqlənib.

Zərərçəkənlərə o da məlum olub ki, Pərvanə-Ülkər-Ülviyyə üçlüyü tərbiyəçi-müəllimlərin və texniki işçilərin maaşını verməməklə yanaşı xeyli sayda adamdan işə düzəldəcəkləri adı ilə də pul alaraq gizlənib. Bundan əlavə, onlar 100-dən çox uşağın valideynindən növbəti – dekabr ayının aylıq 150 manat təhsilhaqqını da qabaqcadan alıblar. Beləliklə, söhbət yüz minlərlə manatdan gedir.

Aldadıqlarını görən Bərdə sakinləri dünən uşaq bağçasının qarşısına toplaşıblar. Amma təxminən 100-ə yaxın narazı sakinin bu etirazının qarşısı alınıb.

Aksiyaya qatılanların bir qrupunun virtualaz.org saytına verdiyi məlumata görə, polis aksiyaya müdaxilə edib. Onlara Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) gedərək izahat vermələri məsləhət görülüb. Zərərçəkənlərdən bəziləri polis şöbəsinə gedərək şikayət ərizəsi yazıblar.

Bərdə RPŞ-dən sakinlərə deyilib ki, onları aldadan Pərvanə Tağıyeva bir dəfə də məhkumluq həyatı yaşayıb. O, əvvəllər də dələduzluqla məşğul olurmuş. Sonradan şərti cəza ilə həbsdən buraxılıb. Polis şöbəsindən o da deyilib ki, P.Tağıyeva 4-5 aydır axtarışdadır.

P.Tağıyevanın oğlu ilə birlikdə Gürcüstana qaçdığı və hazırda orada olduğu deyilir.

Şikayətçiləri hiddətləndirən daha bir məqam var. Onlar deyir ki, bank hesablarında bütün rekvizitlər olduğu halda bu insanların indiyədək məsuliyyətdən necə yaxa qurtarması çox maraqlı, daha doğrusu, müəmmalıdır: “4-5 aydır ki, Bərdədə bağça açan bu dələduzlar axtarışda olduqları halda niyə saxlanılmayıblar?”

Qeyd edək ki, “T-Group” Tədris Mərkəzinin facebook səhifəsi də fəaliyyətini dayandırıb. Səhifədə sonuncu dəfə dekabrın 3-də keçirilən sınaq imtahanlarının nəticəsi ilə bağlı məlumat yayılıb. Səhifəyə aldadılan xeyli sayda insanın şikayət və sualları da ünvanlanıb.

Mərkəzin tgroupltd.com saytı da fəaliyyətini dayandırıb.

Virtualaz.org saytının müxbiri zərərçəkənlərin verdiyi bu məlumatlara aydınlıq gətirmək üçün “T-Group” Tədris Mərkəzinin Qazax filialı ilə əlaqə saxlayıb.

Oradan bildirildi ki, Pərvanə Tağıyeva və Ülkər Sanılı həqiqətən də bu mərkəzin rəhbər şəxsləridir: “Onlar bizim müdirlərdir. Ülviyyə adlı xanım da rəhbər şəxslərdəndir. Lakin onların heç biri hazırda ofisdə deyil”.

Qazax filialından o da bildirildi ki, hazırda onlar işlərini davam etdirirlər və filialda 100-dən artıq abituriyent ali məktəbə hazırlaşmaqdadır.

Mərkəzdən onu da dedilər ki, Pərvanə Tağıyeva və Ülkər Sanılı Qazax filialında sonuncu dəfə dünən olublar. Qazax filialından müəllimlərin maaşlarının verilməsində problemin olduğunu təsdiqləsələr də bu məsələnin qısa bir zaman ərzində həll ediləcəyini də vurğuladılar.

Mərkəzin Qazax filialından Pərvanə Tağıyevanın əlaqə nömrəsini istədik. Onların verdiyi nömrə P.Tağıyevanın zərərçəkənlərə məlum olan əlaqə nömrəsi ilə eyni idi. P.Taöıyevanın onun ünvanına səslənən ağır ittihamlara münasibətini öyrənmək istədik. Lakin P.Tağıyevanın həmin nömrəsinə zəng çatmadı.

Bərdə Rayon Polis Şöbəsindən virtualaz.org saytına bildirildi ki, 52 nəfər Bərdə sakini “T-Group” Tədris Mərkəzinin əməkdaşları tərəfindən aldadıldıqları üçün polis şöbəsinə müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır.

Sonda onu da qeyd edək ki, şikayətçilərin sayının artacağı da istisna edilmir. Mövzuya qayıdacaq və adı bu qalmaqalda hallanan hər kəsin fikirlərini işıqlandırmağa çalışacağıq.
Azərbaycanda üç qadının sensasion fırıldağı: yüz minləri götürüb yoxa çıxdılar - (Fotolar)
Azərbaycanda üç qadının sensasion fırıldağı: yüz minləri götürüb yoxa çıxdılar - (Fotolar)
Azərbaycanda üç qadının sensasion fırıldağı: yüz minləri götürüb yoxa çıxdılar - (Fotolar)
Azərbaycanda üç qadının sensasion fırıldağı: yüz minləri götürüb yoxa çıxdılar - (Fotolar)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button