Gündəm

Şok: IX-XI sinif şagirdləri arasında oxuyub-yazmağı bacarmayanlar var

Şok: IX-XI sinif şagirdləri arasında oxuyub-yazmağı bacarmayanlar var“Çox acınacaqlı haldır ki, Azərbaycanda 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub”.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında deyib.

TQDK sədri bildirib ki, 11-ci sinif şagirdləri arasında 2, 9-cu sinif şagirdləri arasında isə 64 belə şagird var. Onun sözlərinə görə, bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb: “Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox, vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib çatması TQDK üçün müəmmalı olaraq qalır.11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı Ağcabədi və Masallı rayonlarının hərəsində 1 nəfərdir. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Cəlilabad və Yevlax rayonlarının hərəsində 6 nəfər, Ağcabədi və Masallı rayonlarının hərəsində 5 nəfər, Göygöl, Laçın, Sabirabad və Tovuz rayonlarının hərəsində 4 nəfər, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, İmişli, Quba, Şəmkir və Xaçmaz rayonlarının hərəsində 2 nəfər, Bakı şəhəri, Abşeron, Ağstafa, Bərdə, Lənkəran, Qazax, Tərtər və Zaqatala rayonlarının hərəsində 1 nəfər”.

TQDK sədri vurğulayıb ki, 9-cu siniflər üzrə buraxılış imtahanında bölgələr arasında ən yüksək nəticəni Şahbuz rayonu, Sumqayıt, Naxçıvan, Bakı və Mingəçevir şəhərləri, Ordubad, Qubadlı, Abşeron və Qax rayonlarının şagirdləri göstəriblər. Onun fikrincə, bu bölgələrin orta statistik şagirdlərinin göstəriciləri müvafiq olaraq 33.5, 32.4, 32.3, 31.0, 30.3, 29.3, 28.8, 28.4 və 28.2 bala bərabər olub. Ən aşağı göstəricilər isə Ağcabədi və Sabirabad rayonlarının şagirdləri (müvafiq olaraq 18.0 və 17.8 bal) arasında qeydə alınıb: “9-cu və 11-ci sinif şagirdlərinin hər bir fənn üzrə nəticələrinə nəzər salsaq, görərik ki, ən yaxşı nəticələri türk liseyləri, Təhsil Nazirliyi tabeli və özəl liseylərin şagirdləri əldə ediblər. Onların 9-cu sinif şagirdlərinin ana dili fənni üzə doğru cavabların faizi müvafiq olaraq 71.0-a və 65.4-ə, riyaziyyat fənni üzrə müvafiq olaraq 77.7-yə və 67.0-a bərabər olub. 11-ci sinif şagirdlərinin isə ana dili fənni üzrə nəticələri müvafiq olaraq 82.9 və 77.1, riyaziyyat fənni üzrə 84.6 və 75.1 faiz təşkil edib.

Regionlar üzrə 9-cu sinif şagirdləri arasında ana dili və riyaziyyat fənlərindən ən yaxşı nəticələri Şahbuz rayonu, Sumqayıt, Naxçıvan, Bakı və Mingəçevir şəhərlərinin şagirdləri əldə ediblər. Ana dili fənni üzrə ən aşağı nəticələri Cəlilabad, Ağsu, Ağcabədi və Sabirabad rayonlarının, riyaziyyat fənni üzrə isə Cəlilabad, Gədəbəy, Ağsu, Daşkəsən, Ağcabədi və Sabirabad rayonlarının şagirdləri göstəriblər.11-ci sinif şagirdləri arasında ana dili və riyaziyyat fənləri üzrə ən yaxşı göstəricilər Mingəçevir şəhəri, Şahbuz rayonu, Naxçıvan və Sumqayıt şəhərləri, Qax rayonunun şagirdlərinə məxsusdur. Ana dili fənni üzrə ən aşağı göstərici isə Daşkəsən və Sabirabad rayonlarının, riyaziyyat fənni üzrə isə Daşkəsən, Hacıqabul, Ağcabədi və Sabirabad rayonlarının şagirdlərinə aiddir”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button