Gündəm

Azərbaycan ordusunu Xankəndinin iki kilometrliyində nə saxladı?

Yeni tariximizin ən şanlı, eyni zamanda ən qanlı müharibəsi başa çatdı. Hərçənd Ermənistanın kapitulyasiyası Yerevanda gözlənildiyi kimi, kütləvi iğtişaşlara səbəb oldu. Parlament isə sevgi inqilabını həyata keçirən oxlokratiyanın əlindədir. Hər şey ona doğru gedir ki, indi Ermənistanda nifrət inqilabı baş verə bilər. Qələbə və torpaqların azad olunması ilə nəticələnən 40 günlük müharibə iki il əvvəlki sentimental illüziyanı silib süpürdü. Ölkə bu inqilabdan nəinki fayda görmədi, eyni zamanda əlində olan-qalanı da itirdi-Ermənistan Qarabağı itirdi.

Əliyevlə Paşinyan arasında dünya superderjavalarından biri olan Rusiyanın rəhbəri Vladimir Putinin vasitəçiliyi və qarantiyası ilə imzalanan saziş faktiki olaraq 1991-ci il status-kvosunu bərpa etdi. Ağlasığmayan hadisə baş verdi, Azərbaycan sayılı günlər ərzində Qarabağın tarixi mərkəzində-Şuşada öz iştirakını təmin elədi, Laçını və Kəlbəcəri qaytardı, üstəlik düzənlik Qarabağı. Üstəlik Dağlıq Qarabağın iki strateji rayonu Xocavəndlə Hadrut üzərində nəzarəti təmin etdi. Böyük hesabla, 1988-ci ildən Bakı bu rayonlara nəzarəti itirmişdi. Bundan əlavə, Azərbaycan onu anklav ərazisi Naxçıvanla birləşdirən dəhliz əldə etdi, yenə də Ermənistan ərazisindən. Erməni qoşunlarının, daha doğrusu Rusiya sülhməramlıları ilə əhatə olunacaq erməni kontingentinin nəzarətində keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin kiçik parçası qalır, hansı ki, o da şəksiz olaraq Azərbaycanın suveren ərazisidir.

Rusiya sülhməramlılarının regiona yeridilməsinin ilk 5 ili başa çatandan sonra tərəflər Dağlıq Qarabağın qalan hissəsinin Azərbaycana reinteqrasiyası barədə müzakirələrə qayıdacaqlar. Ola bilsin daha tez, hər şey sülh prosesinin intensivliyindən asılı olacaq.

Biz qlobal tektonik hərəkətliliyin astanasındayıq. Azərbaycan və Ermənistan bütün kommunikasiyaları bərpa edir və sərhədləri açır, iki ölkə arasında yeni münasibətlər dövrü başlayır. Yerevanda ölkənin ikinci Qarabağ müharibəsində darmadağın olunmaqla məğlubiyyətindən irəli gələn idarəolunmaz və proqnozlaşdırılmayan proses başlayıb. Paşinyanın hakimiyyətinin taleyi tükdən asılıdır. Və Azərbaycan cəmiyyətində də narahatlıq var: Paşinyanı devirib onun yerinə gələn yeni hakimiyyət bu öhdəliklərdən imtina etməyəcək ki?! Kütlə parlamentin spikeri Ararat Mirzəyana acımadı, onu ayaq altına salıb tapdaladılar və möcüzə sayəsində sağ qaldı.

Lakin tətik çəkilib-parlamentin binasına daxil olan kütlə qanunverici orqanın kabinetlərini dağıtdı, məqsədinin üç ölkə rəhbərlərinin imzaladığı sazişi pozmaq olduğunu gizlətmədi. Ermənistan müxalifəti razılaşmadan çıxa bilərmi? Cəhd edər, amma bacarmaz. Axı razılaşmanın yerinə yetirilməsinin qarantı dünyanın ən iri dövlətlərindən biri və onun lideridir.

Ermənistanın razılaşmadan çıxmaq və öhdəliklərindən boyun qaçırmaq şansı yoxdur. Razılaşmanın pozulmasının alternativi Ermənistanın gücü yetməyən qanlı müharibənin davam etdirilməsi deməkdir. Azərbaycan qoşunları isə Xankəndinin iki kilometrliyindədir. Yerevan Qarabağdakı iki qoşun qruplaşmasının tam məhv edilməsindən möcüzə sayəsində qurtuldu. Hərçənd Azərbaycan ordusunun hərbi-texnoloji baxımdan superdövlətlərin orduları ilə müqayisə edilən gücü erməni dövlətinin bütün ordusunu, onun döyüş texnikasını və hərbi infrastrukturunu yerlə bir etdi. Növbəti dəfə Putin ordusuz qalan və kömək üçün Rusiyaya müraciət edən siyasətçilərin köməyinə çatmayacaq. Azərbaycan isə bu dəfə Ermənistan ərazisindən özünə təhlükəsizlik dəhlizi açmaq məsələsi üzərində düşünə bilər. Niyə də yox, bir halda ki, Ermənistan 90-cı illərin əvvəllərində Yeltsin Rusiyasının dəstəyi ilə Azərbaycan ərazilərini işğal etmişdi, bütün beynəlxalq qətnamələrə və BMT sənədlərinə məhəl qoymadan.

İndiki kapitulyasiya Aktı Qarabağdakı erməni siyasətçiləri üçün bütün pis ssenarilər içərisində ən yaxşısıdır. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın uzaqgörən çıxışlarını, 20 il əvvəl öz xalqını qisas gününün gəlib yetişəcəyi haqda xəbərdar etməsini, erməni xalqı üçün mərhələli həllin ən yaxşı yol olduğunu deməsini yada salaq, bütün bunlar bizim gözlərimiz qarşısında baş verib.

Müharibənin ilk günlərindən İlham Əliyev Azərbaycan üçün maksimum-proqram müəyyənləşdirib və ifadə edib: 7 rayonun və üstəlik Şuşanın azad edilməsi. Azərbaycan bu böyük vəzifənin öhdəsindən gəldi, 7 rayonu azad etdi, Şuşanı qaytardı, üstəlik Dağlıq Qarabağın iki rayonunu da geri aldı. Lakin bu 7 rayondan 4-ü müharibə yolu ilə alındı. Müharibənin ilk günlərindən bütün dünya iri dövlətləri, o cümlədən həmsədrlər İlham Əliyevə təzyiq göstərib ordunu dayandırmağı tələb edirdi. İ.Əliyev bu beynəlxalq təzyiqlərə sinə gərə bildi. Lakin prezident qarşı tələbini də irəli sürdü-Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalı təsbit edilən bütün rayonları qaytarmalıdır. Prezident hər gün təkrar edirdi: qoy Paşinyan Kəlbəcərin, Laçının və Ağdamın qaytarılması öhdəliyini açıqlasın, Azərbaycan o saat dayanacaq. Paşinyan isə sona qədər mübarizə aparmaq istəyirdi. Öz ordusunun Şuşada darmadağın edildiyini görənə qədər. Ermənistan baş naziri dəhşətli reallığı dərk etdi-sayılı saatlar ərzində Azərbaycan qoşunları keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin strateji əhəmiyyətli şəhərini azad elədi, onu darmadağın edilmiş işğalçı ordunun əlindən qopardı.

Beləliklə, Rusiya sülhməramlıları Azərbaycan və Ermənistan qoşunları arasında təhlükəsizlik kordonu yaradacaq. Qoşunların təmas xətti deyilən anlayış daha yoxdur. Bundan əlavə, razılaşmanın Beşinci bəndinə əsasən atəşkəs rejimini monitorinq etmək üçün xüsusi mərkəz yaradılacaq. Bu mərkəzə Türkiyə hərbçiləri də daxil olacaq. Türkiyənin qarşıduran tərəflərin yeni ayırıcı xətti boyu fəal iştirakı Azərbaycan tərəfinin başlıca şərtlərindən biri idi. Türk hərbçilərinin iştirakı Azərbaycanın maraqlarının qorunmasına təminatdır. Yaxın saatlarda Sergey Şoyqu və Hulusi Akar müvafiq razılaşma imzalayacaqlar.

Razılaşmanın elan edilməsindən dərhal sonra Bakıdakı ekspert cameəsindən suallar meydana çıxdı-Azərbaycan ordusu Xankəndinin iki kilometrliyində olduğu halda qalan rayonları işğaldan azad etməkdən onu nə saxladı?! İlham Əliyev təkcə gücsüz və sındırılmış Ermənistanla deyil, dünya siyasi elitasına böyük təsirləri olan erməni diasporu ilə üz-üzədir.

İlham Əliyev qüdrətli dünya erməniliyi ilə döyüşür! Dünya liderlərinin bəyanatlarının-yeni seçilmiş ABŞ prezidenti Baydenin, Fransa prezidenti Makronun, Avropa İttifaqı liderlərinin tonuna baxın, onlar açıq-aşkar etnosid və dinc əhalinin deportasiyası haqda danışırlar. Əlbətdə, Azərbaycan dinc əhali ilə döyüşmürdü. Lakin gəl indi bunu dünya paytaxtlarında sübut elə?! Qərb paytaxtları İ.Əliyevə hadisələrin “Kosovo ssenarisi” ilə cərəyan edə biləcəyini eyham edirdi. Bir halda ki, hazırda keçmiş sayılan ABŞ prezidenti Tramp öz çıxışında açıq-aşkar və utanmadan belə paralel aparmışdı, onda əlavə izaha nə ehtiyac var. Bayden və Demokratlar partiyası isə özünün açıq-aşkar ermənipərəst mövqeyi ilə tanınırlar. Azərbaycan ordusu məhz erməni əhalisinin kompakt yaşadığı şəhər və rayonların kəndarında dayandı.

Bu rayonların mülki əhalisi tələsik həmin rayonları tərk elədi. Və Azərbaycan üzərində etnik təmizləmə aparmaq ittihamı asılıb qaldı. Bu siyasi ittiham hüquqi baxımdan Azərbaycan üçün nəylə nəticələnərdi, proqnozlaşdırmaq elə də çətin deyil. Böyük hesabla rəsmi Bakı Türkiyə və Pakistandan başqa heç bir dövlətin səmimi dəstəyini və həmrəyliyini hiss etmədi.

Münaqişənin başlandığı ilk gündən etibarən Azərbaycan hökuməti hər iki tərəfin Qarabağda birgə yaşaması ilə bağlı səmimi təkliflər irəli sürmüşdü. Azərbaycanlılar heç vaxt erməniləri qovmağa çalışmayıblar. İrəvan və Qarabağ separatçıları bu tarixi torpaqlarda Azərbaycanlılarla birgə yaşayış hüququnu tanımaq istəmirdi.  Əvvəl Köçaryan, sonra Sarkisyan, nəhayət isə Paşinyan bu və ya digər formada ictimai şüurda etnik uyğunsuzluqla bağlı faşist ideologiyası formalaşdırdılar. Bunun əksinə olaraq İlham Əliyev torpaqların işğaldan azad ediləcəyi və rayonların boşaldılacağı müqabilində sülh içərisində birgə yaşayışın mümkün ola biləcəyini bəyan edib.

Azərbaycan cəmiyyətinin ikinci Qarabağ müharibəsinin nəticələrini dərindən düşünməsi lazımdır. İlham Əliyev təhlükəsizliyin təmin edilməsi üçün yeni geosiyasi bölgünün formalaşmasının əsasını qoydu. Və əvvəlcədən müəyyən edərək hansısa mənada böyük regional güclərin kondominat ideyasının tarixi gedişatının qarşısını aldı. Bu, yeni regional dünyalardan birinin formalaşmasına sifarişdir. Diqqət edin, müharibənin  qaçılmaz olduğu müddətdə İ.Əliyev regionda üç ən böyük dünya ölkələrinin -Rusiya, Türkiyə və İranı maraqlarını təmin etməyi bacardı. Həmçinin, Moskva-Ankara – Tehran-Bakı geosiyasi oxların bərkildilməsinin əsasını qoydu.

Eynulla Fətullayev

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists