Lamiyə jurnalistlərə hirsləndi: \”Atamın kriminal keçmişindən niyə yazırsız?\”
“Atamın kriminal keçmişinin mənim bügünkü vəziyyətimə heç bir aidiyyəti yoxdur. Eynulla Fətullayev mənim atamdan niyə yazıb? Jurnalistlər mənim anamdan yazmalıdırlar. O, ləyaqətli qadın kimi böyüdüb”.
Virtualaz.org saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bu gün həbsdən buraxılan Lamiyə Quliyeva deyib.
L.Quliyeva jurnalistlərə daha bir tövsiyə də verib: “Siz mənim bacımdan da yazın. Onun ailəsi var və xoşbəxtdir. Azadlıqda cəmi 15 illik qısa bir həyat yaşasam da çox gözəl tərbiyə almışam. Atamın kriminal keçmişinə əsaslanıb mənim haqqımda yazılar yazmaq lazım deyil. Yaxşısı budur qudurmuş bir məmur üzündən 2003-cü ildə haqsızlığa məruz qalmış ailəmdən yazasınız”.
Qeyd edək ki, L.Quliyevanın atası Sahib Quliyev seriya qarətlərə və 4 azyaşlı uşağın qətlinə görə həbs edilmiş xüsusilə təhlükəli residivist olub. Lamiyə Quliyevanın özü də elə öz uşağı kimi ana bətninə həbsxana divarları arasında düşüb.
Araşdırmaçı-jurnalist Eynulla Fətullayev bu günlərdə L.Quliyevanın atası Sahib Quliyev barədə geniş məqalə ilə çıxış etmişdi. Həmin yazı ilə bu link vasitəsilə tanış ola bilərsiniz.