Abbas Abbasovun adı ağır cinayət əməlində hallanır
“AzerRos”un prezidenti vəzifəsini müvəqqəti icra edən Tahir Hacıyevə məxsus anbarları kim yandırıb?
Fevralın 17-dən 18-nə keçən gecə Azərbaycan diasporunun nüfuzlu nümayəndəsi, FMMM “AzerRos”un prezidenti vəzifəsini müvəqqəti icra edən Tahir Hacıyevə məxsus anbarlar və orada olan mallar yandırılıb. Qeyd edək ki, 2014-cü ilin noyabr ayının 14-də FMMM “AzerRos” Federal Şurasının qərarına əsasən Tahir Hacıyev muxtariyyətin növbədənkənar qurultayının keçirilməsinə məsul təşkilat komitəsinin sədri seçilmişdi.
2015-ci ilin 17 yanvar tarixində FMMM “AzerRos” təşkilatının qurultayında qurultay iştirakçıları Asif Məhərrəmovun istefasını qəbul edərək Tahir Hacıyevi muxtariyyətin Prezidenti vəzifəsini müvəqqəti icra etmək üçün seçmişdilər. Abbas Abbasovun ətrafında olanlarla razılaşmaq və dialoq yaratmaq məqsədilə qurultayın işi martın 6-dək təxirə salınmışdı.
Xatırladaq ki, yanvarın 17-də FMMM “AzerRos”un qərarına görə Abbas Abbasovun başçılıq etdiyi “AzerRos”un Ağsaqqallar Şurası ləğv edilmişdi. Federal Şuranın fəalları və üzvlərinin əksəriyyəti Abbasovun siyasətinə və dağıdıcılıq hərəkətlərinə qarşı çıxış edirlər.
Son vaxta qədər qurultayın keçirilməsinin və təşkilat rəhbərliyinin dəyişilməsinin qabağını almaq məqsədilə Abbas Abbasov ölkənin hüquq-mühafizə orqanlarının güc və imkanlarından istifadə edirdi.
Tahir Hacıyev hələ ötən ilin dekabrında Abbas Abbasov cəbhəsindən ona qarşı hücumların olduğunu bildirmişdi. T.Hacıyevin həmin müraciətindən bir abzası xatırlatmaq yerinə düşərdi: “Asif Məhərrəmov və onun bədniyyətli dostlarının ünvanıma səpilən təhdidlərində mənim cinayət məsuliyyətinə cəlb ediləcəyim barədə hədələr yer alır. Artıq mənim biznesimin və şəxsi həyatımın yoxlanmasına başlanılıb. Mənə qarşı siyasi mübarizənin ən çirkin metodlarından, bu mübarizəyə hətta hüquq-mühafizə orqanlarını (təhqiqat komitəsi, prokurorluq, FSB) cəlb eləməklə istifadə olunur”.
Moderator.az-ın əməkdaşı Tahir Hacıyevlə əlaqə saxlayıb onun baş verən hadisələrə münasibətini öyrənməyə cəhd edib. “Mən heç nədən qorxmuram, çünki haqlı olduğumu bilirəm. Biz həmişə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmlənməsinə xidmət etmişik, Rusiya və bu ölkədə yaşayan azərbaycanlıların xeyrinə çalışmışıq. Əminəm ki, biz doğru yoldayıq. Lakin Abbas Abbasovun seçimi – üzərimizdə böyüklük etmək istəyi-təəssüf yaradır. Biz buna yol verməyəcəyik!” deyə, T.Hacıyev saytın əməkdaşına cavabında bildirib.
O, həmçinin vurğulayıb ki, Abbas Abbasov Azərbaycan icmasının xeyrini istəsəydi, o hamı ilə birgə müşavirədə keçirilən açıq və ədalətli seçkilərdə iştirak edərdi:
“O bilir ki, ona yaxın olan adamlara heç kəs səs verməyəcək, ona görə də ”AzerRos\”u itirməmək və bu təşkilatı əlimizdən almaq üçün arxasında bütün körpüləri yandıraraq bütün üsullara əl atır\”.