Gündəm

AZƏRBAYCAN ORDUSU ERMƏNİLƏRƏ NƏLƏRİ ANLATDI? – “Qalib xalq” mifinin darmadağın edilməsi

Sadiq QURBANOV, millət vəkili

Heç şübhəsiz ki, 10 noyabrda Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın Baş nazirinin imzaladıqları razılaşdırma sənədi Azərbaycanın böyük qələbəsinin təsdiqidir.

44 günlük müharibədə Azərbaycan həm hərb meydanında, həm də diplomatiya və informasiya meydanında vuruşdu, çoxlarına çox şeyi anlatdı. Xüsusən də Ermənistana və onların havadarlarına. Nə anladıldı?

1. Aydın oldu ki, SSRİ-dən sonra ermənilər bir xalq və ya toplum kimi hələ də müasir çağırışları anlamayıblar, hələ də özlərinin uydurduqları saxta tarixin əsarətindən qurtulmayıblar.

2. Özləri haqqında yaratdıqları “qalıb xalq”, “uğurlu millət” mifləri cəmisi 44 gün ərzində Azərbaycan Ordusu tərəfindən darmadağın olundu. İndi ermənilər bu miflərin “xarabalıqları” içində çarəsizcə çabalamaqdan başqa heç nə edə bilmirlər.

3. Ermənilərə anladıldı ki, haqq və ədalətin tərəfində olan gec-tez mütləq qalib gəlir.

4. Anladılar ki, ermənilərin savaşmaq əzmi və qabiliyyəti heç vaxt olmayıb – nə keçmişdə, nə də indi. Əks halda savaşın başladığı ilk gündən dünyanın nüfuzlu dövlətlərinə, xüsusilə də, Rusiyaya davamlı olaraq yalvarmazdılar. Silaha sarılıb, sona qədər vuruşardılar.

5. Ermənilər anlamalıdırlar ki, xalqlarının normal gələcəyini xaricdə fəaliyyət göstərən erməni diasporlarının xəstə ideyaları ilə deyil, qonşuları ilə xoş münasibətlər sayəsində qurmaq olar.

6. Anlamalıdırlar ki, digər dövlətlərin əraziləri hesabına yeni dövlətlər, yaxud “böyük Ermənistan” qurmaq planları xülyadır və heç bir zaman həyata keçə bilməz.

7. Nəhayət, anlayaraq qəbul etməlidirlər ki, Azərbaycan Cənubi Qafqazın siyasətinin əsas müəyyənləşdirici ölkəsidir və regionda hər şey Azərbaycanın hərbi-siyasi iradəsindən asılı vəziyyətdədir. Bu 44 gün ərzində Azərbaycan xalqı öz liderinin – Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu 44 gün ərzində Ermənistanla paralel onun havadarları da şok vəziyyətinə düşdülər. O cümlədən də ATƏT-in Minsk Qrupunun həmsədrləri.

Bu baxımdan, bir daha vurğulamaqda fayda var ki, 10 noyabr razılaşması Azərbaycanın böyük qələbəsinin rəsmi təsdiqidir. Biz ölkəmizin ərazi bütövlüyünü təmin etdik. Təsadüfi deyil ki, həm Prezident İlham Əliyev, həm də qardaş Türkiyə dövlətinin rəhbərləri imzalanmış sənədi Azərbaycanın qəti qələbəsi, Ermənistanın təslim olması kimi qiymətləndirdilər.

Bəyanatda nə qeyd olunub? Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılır. Bu ilin dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycana qaytarılır. Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Türkiyə və Rusiya hərbu qulluqçularının birgə fəaliyyəti nəzarətə tutulur. Hər bir bənd birmənalı məhz Azərbaycanın xeyrinədir. Ermənistanın belə bir təslimçi sənədə imza atması isə, Ermənistanın özü qədər onun havadarlarını da şoka salıb. Təsadüfi deyil ki, 10 noyabrdan dərhal sonra Minsk Qrupunun digər həmsədrləri də hərəkətə gəlib, prosesin yalnız Minsk Qrupunun vasitəçiliyi ilə həllini vurğulayaraq, Moskvada görüş keçirdillər. Bu istəklərini görəsən hansı məntiqi arqumentlərlərlə izah edə bilərlər? Axı, sual olunur ki, son 30 ildə sizin (ABŞ, Fransa və Rusiya) Dağlıq Qarabağ problemini həll etmək üçün hər cür imkanlarıniz var idi, nədən bu imkanlardan istifadə olunmadı? Sadəcə, regiona turist səfərləri edib, gəzib dolanaraq əlinizin altında saxladığınız növbətçi bəyanatı səsləndirməklə, işinizi bitmiş hesab etdiniz. Bəs, indi nə oldu ki, belə həyəcan işindəsiniz? Nə oldu ki, hadisələri müzakirə etmək həvəsinə düşmüsünüz? Bəs deyirdiniz problemin hərbi yolla həlli yoxdur?! Bəs necə oldu ki, sizin 30 il ərzində reallaşdıra bilmədiklərinizi Azərbaycan Ordusu cəmisi 44 gün ərzində həyata keçirdi? Bəs deyirdiniz sülh danışıqları alternativsizdir…

Siz bunları məqsədli şəkildə edirdiniz, Azərbaycan Ordusu sübut etdi ki, əslində, problemin həlli sülh danışıqları yolu ilə yox, hərbi yolla tapıla bilər və tapıldı da. Artıq dünya qəbul etməlidir ki, bəzi güclü, imperialist dövlətlərin maraqlarının kəskin şəkildə toqquşduğu hərbi-siyasi poliqona çevrilmiş Cənubi Qafqaz regionu yoxdur. Regionda nəinki öz taleyini, eyni zamanda yaxın qonşularının taleyini həll edəcək güclü Azərbaycan dövləti var. Regionda marağı olan hər hansı dövlət məhz onunla razılaşmalıdır. 30 illik problemini özü həll etdikdən sonra artıq ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti üçün heç bir əsas qalmamışdır. Bu qurumun mövcudluğu hazırda, sadəcə, formal xarakter daşıyır. Bu qurum toplanıb, əldə olunan razılaşmanın nəticələrinı alqışlayaraq, öz fəaliyyətini dayandırdığını bəyan etsə, tarixin arxivinə daha üzüağ qovuşar.

Amma təəssüflə qeyd etməliyəm ki, əksinə proseslər baş verir. Həmsədrlər mövcud situasiyanı dəyişməyə, Ermənistanın imzaladığı kapitulyasiya sənədindən qaynaqlanan prosesin ləngidilməsinə cəhd göstərirlər. Həmsədr dövlətlər, xüsusilə də ABŞ və Fransa yaxşı başa düşürlər ki, Cənubi Qafqaz regionunda yaranmış yeni situasiya bu dövlətlərin regionda nüfuzunun itirilməsi deməkdir. Deməli, onları narahat edən insanların, xalqların taleyi deyil, öz dövlət maraqlarıdır. Onlar gözəl anlayırlar ki, Rusiya əvvəlki kimi prosesdə aktiv şəkildə iştirak edir, bu iki dövlətin regionda boşalan yerini isə Rusiya ilə yeni xoşməramlı münasibət qurmaqda maraqlı olan qardaş Türkiyə təkbaşına doldurub. Bu, dünyanı idarə etmək üçün liderlik savaşında çox acı məğlubiyyətdir. ABŞ və Fransanı qıcıqlandıran əsas faktor da məhz bu reallıqdır. Əlbəttə ki, bu iki dövlət prosesin əvvəlki formatın nəzarəti altına qaytarılmasında birbaşa maraqlıdır. Çünki məhz bu halda, regional proseslərin iştirakçısı statusunu bərpa edə bilərlər. Lakin bu artıq bu mümkün deyil, bunun reallığa çevrilməsi Ermənistanın imzaladığı kapitulyasiya sənədinin hüquqi qüvvəsini itirməsi deməkdir. Bu, isə günün reallığı deyil, çünki bu, özlüyündə Rusiya sülhməramlılarının bölgədən çıxması anlamına gəlir. Belə olan halda:

1. Azərbaycan Ordusu yenidən hərbi əməliyyatları bərpa etmək hüququ qazanır. Nəticəsi isə bəribaşdan hamıya məlumdur.

2. Ermənistanın hazırda müharibəni davam etdirmək imkanları mövcud deyil və bu niyyətdə olarsa, savaş onların bir coğrafi subyekt kimi sonu olacaq.

3. Bu günün reallığında Ermənistan 10 noyabr razılaşmasına qarşı çıxmaz. Rusiya isə Ermənistanın əks qərarını qətiyyən bağışlamaz. Rusiya prezidenti Vladimir Putinin dili ilə desək, “Anlaşmanın pozulması Ermənistan üçün intihar olardı”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button