Zəhərli toyuq işi böyüdü: videonu kim yayıb?
“Ölkə iqtisadiyyatının inkişafına kölgə salmaq istəyənlər bu cür təxribat xarakterli videolar yayırlar. Bu mənbəyi bilinməyən xəbərlər istehlakçılar arasında çaşqınlıq yaratmaqla yanaşı, quşçuluq fabriklərinin işgüzar nüfuzuna xələl gətirir”.
Savash.org xəbər verir ki, bu sözləri “Azərbaycan Quşçuluq Cəmiyyəti”nin sədri Aydın Vəliyev deyib. O, “Kaspi”yə geniş müsahibəsində son günlər videosu yayılan süni şişirdilmiş toyuqlarla bağlı yaranmış ajiotajdan danışıb. A.Vəliyev deyib ki, quşçuluq təsərrüfatlarında saxlanılan toyuqlar ətlik cinsdəndir:
“Yəni bu növlər kökəlməyə meyllidirlər. Yenidən həmin toyuqların iynə vurularaq kökəldilməsi nəyə lazımdır ki? Onsuz da iki gün artıq saxladıqda toyuqlar istənilən çəkini verir. Quşçular məgər millətin düşmənidir? Bütün respublika üzrə quşçuluq sahəsində 30 min insan çalışır və onlar da iş yerlərində gündə bir dəfə həmin toyuqlarla qidalanırlar. İndiyədək quş təsərrüfatının işçilərindən heç biri xəstələnməyib. Çünki toyuq əti insan orqanizmi üçün ən münasib və vitaminli qidadır”.
A.Vəliyev vurğulayıb ki, videogörüntü ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib:
“Bu videogörüntüləri çəkənlər və yayanlar tapılıb ictimaiyyətə açıqlanacaq. Lakin belə bir fikir də var ki, bu görüntülər bizim ölkədə çəkilməyib. Başqa ölkədə çəkilərək sonradan videoya səs effekti verilib. Çünki bu işlə məşğul olmaq cinayətdir və heç kim bunu çəkib yaymaq istəməz”.
Xatırladaq ki, video-görüntünün montaj olduğu barədə mütəxəsis rəyi və yaxud ekspert açıqlaması yoxdur. Hələlik, videonun orijinal olduğuna şübhə edilmir.