Səfirliklərin siyasətçiləri dinləməsi xəbəri aranı qatdı
ABŞ səfirliyi rəsmi açıqlama verdi; partiya sədrlərindən və AXCP-dən açıqlamalar gəldi
AXCP sədri Əli Kərimlinin sabiq müavini Razi Nurullayev diplomatik qalmaqala səbəb ola biləcək iddialar irəli sürüb. O, fevralın 24-də keçirdiyi mətbuat konfransında bildirib ki, Ə.Kərimli onu müavinlikdən çıxarmazdan əvvəl evinə çağırıb və görüş zamanı tərəflər arasında mübahisə olub: “Məni şantaj edərək dedi ki, onda dəqiq məlumat var ki, mən hakimiyyətə işləyirəm və iqtidarda dostlarım var. Əli Kərimli mənə dedi ki, ”sən hakimiyyətə satılmısan, əlimdə bununla bağlı faktlar var\”.
Əli Kərimli dedi ki, hətta Amerika və Britaniya səfirlikləri bununla bağlı ona məlumat veriblər. Mən bu deyilənlərdən narahatam. Bu, o deməkdir ki, həmin səfirliklər siyasətçiləri dinləyir. Mən bu fikirlə bağlı həmin iki səfirliyə dünən məktub göndərmişəm. Bu gün də buradan müraciət edirəm. Necə ola bilər ki, onlar məni dinləyir və bununla bağlı Əli Kərimliyə məlumat ötürürlər? O, məni müavinlikdən azad edəndən sonra Amerika səfirliyinə görüşə gedəcəyini dedi. Bu məsələyə aydınlıq gətirilməlidir. Bu, məni narahat edir, çox narahatedici bir faktordur\”.
ABŞ səfirliyi R.Nurullayevin bu iddialarına cavab verib. Səfirlikdən eksklüziv olaraq musavat.com-a aşağıdakı məzmunda mətn daxil olub: “Bu iddialar tamamilə əsassızdır. Biz müntəzəm olaraq bütün siyasi partiyaların nümayəndələri ilə görüşürük”.
Tanınmış müxalifət partiyalarının sədrləri siyasətçilərin səfirliklər tərəfindən dinlənilməsi məsələsinə necə yanaşırlar? Partiya sədrlərində dinlənilmələrindən narahatlıq varmı? Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, mətbuat konfransında bu fikir birbaşa mətbuatda yayıldığı kimi işlənməyib. Yəni kontekstdən çıxarılaraq belə bir nəticəyə gəlinib: “Səfirliklərin siyasətçiləri, partiya qərargahlarını dinləməsi ilə əlaqədar iddia tamamilə əsassız və düşünürəm ki, absurd bir iddiadır”.
KXCP sədri Mirmahmud Mirəlioğlu siyasətçilərin telefonlarının dinlənilməsinin yeni məsələ olmadığını və bundan narahatlıq keçirmədiyini bildirdi: “Heç nə gizli deyil, hər şey bilinir və yazılır. Hətta bizim bir-birimizlə danışığımız da yazılır. İstənilən səsi də yazmaq mümkündür. Siyasətçilərin danışıqlarının dinlənildiyinin açıqlanması ilə heç bir Amerika filan kəşf olunmayıb. Bütün bunları biz bildiyimiz üçün heç nədən qətiyyən narahat deyilik. Birincisi, kimsənin və nəyinsə haqqında gizli və qeyri-adi planlarımız yoxdur ki, bu barədə danışıqlarımız dinlənilsin. Ona görə də danışıqlarımızın izlənməsindən qətiyyən narahat deyiləm. Bizi narahat eləyən heç nə yoxdur”.
AXCP-dən R.Nurullayevin ittihamlarına sərt cavab verilib. Partiyanın mətbuat xidməti rəsmi açıqlama ilə R.Nurullayevin səfirliklərlə bağlı dediklərinin yalan olduğunu bildirib.
AXCP mətbuat xidməti bildirib ki, hökumətə işlədiyinə görə partiya sədrinin müavini vəzifəsindən azad edilmiş R.Nurullayev artıq hakimiyyətə xidmətini leqallaşdırıb, hakimiyyətin anti-Qərb təbliğatına öz qatqılarını verməyə çalışıb: “Razi Nurullayevin bu açıqlaması hökumətin anti-Qərb kampaniyasına onun öz yalanları ilə dəstək verməsindən başqa bir şey deyil. AXCP mətbuat xidmətinə görə, Razi Nurullayevin məhz ABŞ və Böyük Britaniya səfirliklərini ittiham etməsi bununla əlaqədar ola bilər ki, AXCP sədrinin xarici diplomatlarla son görüşləri bu iki ölkənin diplomatları ilə olub. AXCP sədri ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Susan Çesli ilə ötən həftənin cümə günü saat 15:00-da (Razi Nurullayevin müavinlikdən azad edildiyi haqda AXCP sədrinin sərəncamı yayıldıqdan 2 saat sonra), Böyük Britaniya səfiri İrfan Sidqi ilə isə bu həftənin bazar ertəsi saat 12:00-da (Razi Nurullayevin müavinlikdən çıxarılmasından iki gün sonra) görüşüb. Hər iki görüşdə müvafiq olaraq Azərbaycan-ABŞ və Azərbaycan-Böyük Britaniya münasibətləri, ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbusların taleyi, qarşıdan gələn parlament seçkiləri və AXCP-nin seçki hazırlıqları ilə bağlı məsələlər müzakirə olunub”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə keçmiş partiyadaşının ittihamlarına müxtəlif kontekstlərdən iki qeydlə cavab verib. Qəhrəmanlı facebook səhifəsində yazıb ki, iqtidar Əli Kərimlinin nüfuzuna zərbə vurmaq üçün indiyədək istifadə etdiyi personalardan birinə də Razi Nurullayevi çevirib: “Adam qeyri-ciddi şeylər danışır. Özü etiraf etdi ki, 5 il ərzində AXCP-də olduğu müddətdə ondan tərcüməçi kimi istifadə olunub. Niyə? Çünki qabiliyyəti partiya siyasətinin formalaşmasında iştirak etməyə çatmayıb. İndi durub deyir ki, partiyanın yeniləşməsini istədiyi üçün onu çıxarıblar. Ayıbdır, Razi bəy, axı sən dəfələrlə Rəyasət Heyətində çıxışlarında ”quş\” buraxdığın üçün qınanmısan. Hətta iş o yerə çatıb ki, sənə daxili siyasətə qarışmamaq barədə tövsiyələr də edilmişdi. Bu ağılla, bu intellektlə AXCP-ni yeniləşdirmək istəyirdin? Hansı təklif, hansı fikir sahibi omusan ki, o qəbul edilməyib? Birini deyə bilərsənmi? Belə bir təklif olmayıb. Belə təklif verməyə sənin intellektin yetməzdi axı. Rəyasət Heyətinin yığıncaqlarında mürgülədiyin üçün gülüş hədəfi olmaqlamı özünü Əli bəyə rəqib kimi təqdim edirsən? Ayıbdır, özünü bu qədər qeyri-ciddi duruma salma, sənə acıyıram.
Nəinki konseptual bir təklif, heç adi, normal siyasi təhlil yazdığını da görən olmayıb. Heç bir tədbirdə intellektual qabiliyyətini göstərən çıxışını kimsə eşitməyib. Partiya sənədlərinin hazırlanmasında bir cümlənin belə müəllifi olmadığın halda özünü nəinki Əli bəylə, Rəyasət Heyətinin heç bir üzvü ilə müqayisə edə bilməyəcəyini kim də bilməsə, özün yaxşı bilirsən. Bəzən cəbhəçilər bizdən soruşurdular ki, Əli bəy bu ağılın sahibini necə özünə müavin qoyub, biz də xətrinə dəyməmək üçün bunu sənin özünə bildirmirdik. Sənin intellekt kasadlığından əziyyət çəkdiyini təkcə cəbhəçilər deyil, bu gün səni danışdıranlar da bilir, əmin ola bilərsən. Zəif iradəli və tamahkar olduğunu bildikləri üçün ən axırıncı səviyyəyə qədər səni AXCP-yə qarşı istifadə edəcəklər. Hamı sənin iqtidarla işbirliyinə görə partiyadan qovulduğunu bilir, ancaq hələ də tutduğun vəzifədən istefa verdiyini deməklə yalan danışırsan. Heç olmasa hamının bildiyini təhrif etmə…\”
F.Qəhrəmanlı sonra qeyd edib ki, R. Nurullayev sədr müavinliyindən çıxarılana qədər Qərb ölkələri səfirlikləri ilə yaxşı münasibətləri olan biri kimi tanınırdı. İndi hökumətin Qərbə qarşı kampaniyasına qoşulub…
AXCP sədrinin digər müavini Gözəl Bayramlı isə Razi Nurullayevin özünü ifşa etdiyini, hökumətə işlədiyini təkzib edə bilmədiyini bildirib. Gözəl Bayramlı facebook səhifəsində bunları yazıb: “Adam öz-özünü bax, belə ifşa edərmiş. Razi Nurullayev artıq başa düşüb ki, xəyanət edib, hökumətə işləmək ittihamını təkzib edə bilməyəcək, indi öz aləmində onu Əli Kərimliyə satanları axtarır. Hələlik gümanı 2 yerə gəlir. Deyir ki, onun hakimiyyətə işləməyini ya hökumətin içində ola-ola Əli Kərimliyə işləyən vəzifəli şəxslər deyib, ya da Amerika və İngiltərə səfirlikləri onun danışıqlarını dinləyib, səs yazısını da veriblər Əli bəyə. İndi axtarır ki, onu missiyasını başa vurmadan kimlər yandırıb. Sən axtarmağında ol, Razi bəy”.(musavat.com)