Gündəm

«Mənə dedilər AMAY-ı tik, mən də tikmişəm» – ABDULLA ABDULLAYEV

«Mənə dedilər AMAY-ı tik, mən də tikmişəm»  - ABDULLA ABDULLAYEVAbdulla Abdullayev məhkəmədə yenə sensasiyalı açıqlamalar verdi

“Bizim kimisinə nə cənnətdə, nə də cəhənnəmdə yer yoxdur”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə \”AMAY\” Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, A.Abdullayevin vəkili Əkbər Bağırovun təşəbbüsü ilə məhkəmə prosesi Xocalı faciəsi qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Təqsirləndirilən şəxsin vəkili Osman Kazımov bildirib ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan etsə də, Abdulla Abdullayev ittiham aktının ona aydın olmadığını bildirib. O vurğulayıb ki, Abdulla Abdullayevə müqavilə öhdəliklərinin tam yerinə yetirilməməsi ilə əlaqədar olaraq ittiham irəli sürülsə də, həmin müqavilələrdə onun hansı qismdə iştirak etməsi, öhdəliyinin nədən ibarət olması və s. məqamlar ittihamda əksini tapmayıb. \”Həmçinin, ittiham aktında 192-ci (qanunsuz sahibkarlıq) maddəsi üzrə irəli sürülmüş ittihamda Abdulla Abdullayev 144 milyon manatı leqallaşdırmaqda təqsirləndirilir. Bu maddəyə əsasən gələcəkdə leqallaşdırılacaq pulun əldə olunması müəyyənləşdirilməlidir. Ancaq burada həmin pulun hardan əldə edildiyi və hansı məqsədlə leqallaşdırıldığı bildirilmir. Sadəcə qeyd olunur ki, bu məbləğin bir hissəsi İran islam Respublikasında istintaqa məlum olmayan fəaliyyət növünə sərf edilmişdir. Həmçinin, ittiham aktına əsasən, cinayət işi üzrə ümumilikdə 48 milyon manat maddi ziyan dəydiyi, bunun 43 milyonunun ödənildiyi bildirilir. Əgər bu məbləğ 144 milyonun içərisindədirsə, bəs leqallaşdırılan pul hanı? Məşhur misalda deyildiyi kimi, \”əgər bu pişikdirsə, ət hardadır, əgər ətdirsə, pişik hanı?\” Bizə məlumdur ki, bu pulu kimlərsə qapışdırıb, sonra da yuxarılara hesabat vermək üçün həmin məbləği cinayət işinə ittiham kimi əlavə ediblər. Ancaq istintaq bu məbləğin necə əldə edilməsini müəyyənləşdirməyib. Yəni, bu pulun sahibi kimdir, kimdən alınıb, necə leqallaşdırılıb, burada zərərçəkmiş kimdir? Bu sualların heç birinin cavabı yoxdur.
Həmçinin, 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində qeyd edilir ki, A.Abdullayev 2006-2012-ci illərdə \”Birlikbank\” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləyərkən, cinayət əməli ilə mənimsəməyə yol verib. Diqqətinizə çatdırıram ki, Müşahidə Şurası səsvermə yolu ilə seçilir və vəzifənin sərəncamvermə deyil, adından da göründüyü kimi müşahidə etmək səlahiyyəti var. Yəni vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamının nəyə görə verildiyi aydın deyil.
179.3-cü (Mənimsəmə və ya israf etmə) maddəsi üzrə ittiham vermək üçün təqsirkara etibar edilmiş özgə əmlakının talanması cinayət əməli sayılır. Bu işdə kimin əmlakı kimə etibar olunub ki, A.Abdullayev də onu mənimsəyib. Əgər söhbət müqavilə öhdəlikləri üzrə məsələlərdən gedirsə, həmin məqamlarla bağlı 178-ci (dələduzluq) maddəsi ilə də ittiham irəli sürülüb. Bütün bu səbəblərdən, ittihamın mahiyyəti aydın deyil, bu isə müdafiə hüququnun təşkil olunmasına imkan vermir. Hakimlər yerində müşavirə edərək, vəsatətin baxılmamış saxlanılması ilə bağlı qərarı elan edərək, təqsirləndirilənlərə ilkin ifadə verməsini təklif etsə də, müdafiəçilər bildiriblər ki, ittihamın mahiyyəti aydın olmadığı üçün Abdulla Abdullayevin ifadə verməsi mümkün deyil.

\”Bu ölkədə məndə hüquq qoymadılar\”

A.Abdullayevin digər vəkili Əkbər Bağırov bildirib ki, ittiham aktına əsasən 43 milyon manatın dələduzluq yolu ilə mənimsənildiyi, bu məbləğin 40 milyonunun ödənildiyi qeyd olunub. \”Lakin burada Abdulla Abdullayevin ödəməsindən söhbət getmir. Çünki həmin məbləğlər A.Abdullayev tərəfindən ödənilməyib. Həmin vəsaitlər Abdulla Abdullayevin rəhbəri olduğu müxtəlif biznes qurumlarının banklardan götürdüyü kreditlər olub və özləri tərəfindən də ödənilib. Özü də bu məbləğlər istintaq getdiyi dövrdə deyil, istintaq başlamamışdan əvvəl ödənilib. Belə olan halda, hansı əsasla o məbləğlər cinayət işinin materiallarına əlavə olunaraq ittiham verilib? Hətta olubsa belə, Azərbaycanın da qoşulduğu Avropa Konvensiyası borca görə həbsə almanı qadağan edir və ölkəmiz bu beynəlxalq sənədi ratifikasiya edib. İkincisi, Abdulla Abdullayev tanınmış iş adamıdır, dövlətin etibar etdiyi şəxsdir. Banklardan külli miqdarda kreditlər götürüb və müxtəlif işlərə sərf edib. Məsələn, ittihamda kreditin AMAY-ın Nobel prospektində tikdiyi binaya sərf edildiyi deyilir və buna görə ittiham verilib. Həmin bina tikilib də, hətta dövlət ehtiyacları üçün istifadə də edilir. Ümumiyyətlə, kredit nəyə görə mənbəyi məlum olmayan pul hesab edilməlidir? \” – deyə vəkil bildirdi.
O, hakimlərə verdikləri vəsatətlərə gözardı baxdıqlarını, müşavirə otağında vəsatəti sona qədər oxumadıqları üçün düzgün qərar vermədiklərini bildirib. Bu zaman hakimlər kollegiyası ilə vəkillər arasında mübahisə də yaranıb.
Əkbər Bağırov bildirib ki, ötən prosesdə prokuror vəsatətlərə münasibət bildirərkən, bu işin Avropa Məhkəməsinə gedəcəyi deyilib. \”Söhbət ondan getmir ki, biz Azərbaycanın məhkəmə sisteminə inanmırıq. Əgər bu inam bizdə olmasa, ümumiyyətlə, məhkəmə zalına daxil ola bilmərik. İnanmasaq, burda boş-boşuna danışmarıq. Təbii ki, Abdulla Abdullayev barəsində düzgün hökm çıxarılmayacağı təqdirdə Apellyasiya Məhkəməsinə, o da olmasa Ali Məhkəməyə müraciət edəcəyik. Orada da ədalətli qərar verilməsə, Avropa Məhkəməsinə müraciət edəcəyik\”.
Mübahisəyə qoşulan Abdulla Abdullayev \”11 aydır burada saxlanılıram. Biz rəiyyətik. Qanunlar qarşısında boynumuz qıldan incədir. Mənim heç bir hüququm yoxdur, bu ölkədə məndə hüquq qoymadılar. İndi gedib başqa cür yazacaqlar. Sağ olsunlar, hakimiyyət bir tərəfdən, mətbuat da bir tərəfdən sıxır. Bizim kimisinə nə cənnətdə, nə də cəhənnəmdə yer yoxdur\” deməklə fikrini ifadə edib.
A.Abdullayevin digər vəkili Murad Əliyev \”Texnikabank\”ın idarə heyətinin sədr müavini Samir Baxşalıyevin məhkəməyə gələrək ifadə verməsi barədə vəsatət verib. \”Çünki bütün kredit sənədlərində S.Baxşalıyevin imzası var. Onun da gəlib ifadə verməsi məqsədəuyğundur\”.
Təqsirləndirilən şəxslərdən Vidadi Qurbanovun vəkili Yavər Hüseyn vəsatətlərə dərhal yerində baxılmasını məhkəmədən xahiş edib: \”Müdafiə etdiyim V.Qurbanov cinayət işində mütəşəkkil dəstənin üzvü kimi təqdim olunur. Ancaq onun bu mütəşəkkli dəstədə rolunun nədən ibarət olması barədə ittihamda heç bir sübut və ya onun saxta imzası olan sənəd yoxdur. Buna görə vəsatətlərin yerində və dərhal baxılmasını xahiş edirik\”.
Vəsatətlərə münasibət bildirən dövlət ittihamçısı bildirib ki, ittiham tərəfinin vəzifəsi ittiham aktını vəkillərə izah etmək deyil, yalnız təqsirləndirilən şəxsə izah etməkdir. Prokuror Abdulla Abdullayevə ittiham aktının mahiyyətini izah edilməsini məhkəmədən xahiş edib. Vəkilin Avropa Məhkəməsi ilə bağlı fikrinə də münasibət bildirən prokuror bildirib ki, o bu işin Avropa Məhkəməsinə gedəcəyini deyil, vəkillərin vəsatətlə Avropa Məhkəməsi üçün zəmin hazırladıqlarını deyib: \”Sağ olsunlar, mətbuat nümayəndələri mənim ötən prosesdəki fikirlərimi olduğu kimi yazıblar \”.
Hakimlər yerində müşavirə edərək, A.Abdullayevə yenidən ittiham aktının izah edilməsinə, digər vəsatətlərin isə baxılmamış saxlanmasına qərar verib.

\”Bankdan kredit götürmək nə vaxtdan cinayət sayılır?\”

Fasilədən sonra hakim Abdulla Abdullayevə ittiham aktının mahiyyəti ilə bağlı izah verib. O, bildirib ki, ittiham aktına əsasən, 2006-2012-ci illərdə \”Birlikbank\” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləyərkən müxtəlif firmaların adı ilə götürdüyü kreditləri AMAY-ın Nobel prospektində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməklə, 3 milyon 918 min manatı mənimsəməkdə təqsirləndirilir.
Abdulla Abdullayev: Bu, kreditdir, bu niyə ittiham olsun ki? Banklar kredit verib, girov da götürüblər, pullarını da alıblar. Burada hansı mənimsəmədən söhbət gedir?
Hakim: Bu məsələlərin hamısı məhkəmə araşdırması zamanı ortaya çıxacaq. Məhkəməyə fikirlərinizi və sübutlarınızı təqdim edə bilərsiniz. Digər ittihama əsasən, 31 ayrı adda MMC təsis edərək, \”Texnikabank\”dan kreditlər götürməklə, ümumilikdə banka 40 milyon 150 min manat ziyan vurulub.
Abdulla Abdullayev: Mən qanuna hörmət edən adamam. Amma başa düşmürəm ki, kredit götürmək niyə cinayət sayılır? 31 firma qeydiyyatdan keçirmək nə vaxtdan cinayət olub? Bir firmanın bir neçə bankda hesab açması, bir neçə bankdan kredit götürməsi niyə cinayət sayılır? Əgər istintaqın özü də təsdiq edirsə ki, bu vəsaitlər AMAY-ın binasının tikintisinə sərf edilib, o zaman hansı mənimsəmədən söhbət gedir? Pulun mənbəyi də məlumdur, xərcləndiyi yer də, hansı mənimsəmədən danışırsınız?
Hakim: Mən ittiham aktına yazılanı deyirəm, bir daha deyirəm ki, sizin bütün fikirləriniz və sübutlarınız məhkəmədə dinləniləcək və hüquqi qiymət veriləcək.
Abdulla Abdullayev: Allah balanızı saxlasın. İcazə verin bir misal çəkim: Bir gün şah əmr verir ki, şəhər qapısında bir nəfər dayansın və hamıya gündə 10 şallaq vursun. Şahın əmri yerinə yetirilir. 1 həftədən sonra şah deyir gedim yoxlayım görüm bu qərardan narazı olan var, ya yox? Gəlib əhalidən soruşanda, əhali deyir ki, şah sağ olsun, hər şey yaxşıdır, ancaq bu şallaq vuranların sayını artırın ki, biz növbədə vaxt itirməyək. İndi möhtərəm hakim, heç olmasa bu məhkəmələrin baxılma vaxtını artırın. Heç olmasa, həftədə iki dəfəyə salın. Məni qanunsuz həbsdə saxlayırsınız. Bəlkə başqalarına adi gəlir. Ancaq mənim kimi aktiv bir adam üçün içəridə qalmaq çox çətindir. Mənim həbs müddətim ayın 4-də qurtarıb, bundan sonra isə özümün və vəkilimin iştirakı olmadan həbs müddətim uzadılıb\”.
Hakim isə bildirdi ki, yanvarın 29-da keçirilən hazırlıq iclası zamanı hazırda təqsirləndirilənlərdən Elşən Novruzov barəsində olan başqa bir cinayət işinə onların iştirakı ilə baxılıb. Həmin işin bu cinayət işi ilə əlaqəli olduğunu nəzərə alaraq, hakim heyəti özlərinə etiraz verərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. \”Lakin həmin etiraz Bakı Apellyasiya Məhkəməsində təmin edilmədi. Biz hazırlıq iclasında sizin barənizdə seçilmiş həbs-qətimkan tədbirinin uzadılması deyil, dəyişdirilməməsi barədə qərar qəbul etmişik. Məhkəmə proseslərinin tez-tez keçirilməsi ilə bağlı istəyinizə gəlincə, hələlik buna vaxt yoxdur\”.

\”Bilirəm ki, hamı tapşırıq yerinə yetirir\”

Hakim ittiham aktının izah edilməsinə davam etmək istəsə də, Abdulla Abdullayev buna ehtiyac olmadığını bildirib:
\”Sizin ittihamla bağlı dediklərinizi başa düşürəm, ancaq bildirmək istəyirəm ki, bu ittihamın heç bir əsası yoxdur. Hakimsiniz, sizə sifariş veriblər ki, Abdullanı tutun, siz də tutmusunuz. Mənə də tapşırıq veriblər ki, AMAY-ın binasını tik, mən də tikmişəm\”.
Hakim: Bizə heç bir tapşırıq verilməyib. İndi nə deyirsiniz, sizi tutaq?
A.Abdullayev: Əgər tapşırıq verilsə, əlbəttə tutacaqsınız. Mənə ən ağır cəza verilsə də, sizdən narazılığım olmayacaq. Bilirəm ki, hamı tapşırıq yerinə yetirir. Amma xahiş edirəm ki, nə cəza verəcəksinizsə, tez verin. Gedək işimizin-gücümüzün dalınca.
Daha sonra hakim bildirib ki, məhkəməyə cinayət işi materiallarında zərərçəkmiş kimi tanınan Cəfərov Orxan adlı şəxs Abdulla Abdullayevə qarşı mülki iddia ilə çıxış edərək, iddianın cinayət işinin materiallarına əlavə edilməsini istəyib. İddiada bildirilir ki, \”Xudafərin\” MMC-dən alınmış 2 mənzil və 6 obyektlə bağlı ona 2 milyon 120 min manat ziyan dəyib. Bu iş üzrə qaldırılmış iddialar mülki məhkəmələrdən Ali Məhkəmə instansiyasınadək heç bir mərhələdə təmin edilməyib.
Vəkil Yavər Hüseyn bildirdi ki, ittiham aktı elan edildiyi üçün artıq məhkəmə istintaqı başlanıb və qanunvericiliyə görə, mülki iddia məhkəmə istintaqı başlandıqdan sonra verilə bilməz. Hakim bildirdi ki, ərizənin məhkəməyə daxil olma tarixi 18 fevral göstərilir. Vəkil Əkbər Bağırov isə bildirdi ki, fevralın 19-da keçirilən prosesdə bu iddia hələ hakimlərə daxil olmadığı üçün qəbul oluna bilməz. O, bununla bağlı müzakirənin növbəti prosesə təyin edilməsini xahiş edib. Təqsirləndirilən şəxslər və digər vəkillər də iddianın qəbul edilməməsini istəyiblər.

Dövlət ittihamçısı da vəkil Əkbər Tağıyevin fikrinə şərik çıxaraq, sənədin daxil olma tarixinin və digər aydın olmayan məsələlərin müəyyənləşdirilməsi üçün iddiaçı şəxsin məhkəməyə dəvət edildikdən sonra müzakirə edilməsini xahiş edib.

Məhkəmə zərərçəkmiş şəxsin məhkəməyə dəvət ediləcəyini və onun gəldiyi zaman sənədin müzakirə olunacağını elan etdi.
Növbəti məhkəmə prosesi 5 mart saat 10.00-a təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Abdullayev və digər təqsirləndirilən şəxslər – Nəzərov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna mütəşəkkil cinayətkar dəstə şəklində dələduzluq, mənimsəmə və ya israf etmə, yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilirlər. Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

Rəşad Vaqifoğlu

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button