Gündəm

Bakıda “Qiymət artımına son!” aksiyasını ermənilər təşkil edib? – şok iddia

Bakıda “Qiymət artımına son!” aksiyasını ermənilər təşkil edib? - şok iddia
Etiraz aksiyasının təşkilatçıları barədə sensasion iddialar dolaşır; siyasilər “bunu hakimiyyət edib” qənaətindədirlər; əks fikirlər də var

Fevralın 28-də Fəvvarələr meydanında ölkəmizdə manatın ucuzlaşması ilə bağlı süni qiymət artımına qarşı keçirilən aksiyadan 3 gün ötür. Bu müddət ərzində aksiya ilə bağlı bir sıra şok iddialar səsləndirilir. Sosial şəbəkələrdə iddia olunur ki, aksiyanın facebookdakı eventinin yaradıcısı olan Eldar Bakinski ermənidir. Bu adlı facebook istifadəçisini tanıyan yoxdur, böyük ehtimalla bu profil saxtadır; bu səbəbdən də bu cür versiyanı kimsənin qətiyyətlə təkzib etməsi mümkünsüzdür.

Lakin əsas iddialardan biri budur ki, etiraz aksiyasını hakimiyyət özü təşkil edib. Bu iddia daha çox müxalifət düşərgəsində populyardır.

Belə bir fikir NİDA Vətəndaş Hərəkatının martın 1-də Müsavat qərargahında keçirdiyi tədbirdə də səslənib. Toplantıda ekspert qismində iştirak edən Ərəstun Oruclu belə bir ehtimalın olduğunu söyləyib: “Nə mən, nə də bir başqası o mitinqin təşkilatçısını tanımırdı. Məncə, bu özü hər şeyi deyir. Düzdür, ola bilər ki, bu həqiqətən də etirazı olan insanlardır. Bu da bir ehtimaldır. Amma mən müşahidə etdim ki, aksiya bitən kimi polislər ərazidən uzaqlaşdılar. Deməli, bu aksiya anlaşılmış bir şey idi. Mən belə düşünürəm. Əks halda, polis orada qalmalı idi, MTN əməkdaşları ərazidə qalmalı idilər. Amma belə olmadı”.

Aksiyanın iştirakçılarından olan Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli ortaya atılan iddiaların real olduğuna inanmadığını bildirdi: “Düşünmürəm ki, aksiya hakimiyyət tərəfindən təşkil olunub. Hakimiyyətin ölkədə tərəfdarının qaldığına da inanmıram. Biz hakimiyyəti olduğundan daha güclü görürük. Bu, fəaliyyətimizə ciddi mane olur. Vətəndaş olaraq çağırışa qoşulmuşdum. Aydındır ki, tanınmamış bir insanın aksiya təşkil etməsi gözlənilən effekti verə bilməz. Bununla bağlı mətbuata münasibətimi bildirmişəm. Belə aksiyaları tanınmış şəxslər təşkil etməlidir. Belə aksiyaların təşkilatçılarını hakimiyyət həbs edir deyə, kimsə anonim adla insanları etiraza çağırmışdı. Həbs olunmaqdan sığortalanmaq üçün. Bu ehtimala daha çox inanıram. Müxtəlif təşəbbüslər var. Ümumiyyətlə, aksiya açıq adla olmalıdır. Hər halda, hakimiyyət tərəfindən təşkil olunduğuna inanmıram. Belə olsa belə, iştirakçılar bundan xəbərsiz olublar. Biz vətəndaş kimi, qiymət artımına etiraz üçün aksiyaya getmişik”.

Mustafa Hacıbəyli aksiyada çoxlu sayda polis əməkdaşlarının olduğunu da qeyd etdi: “Aksiya saat 15:00-a təyin olunmuşdu. Saat 4-ə qalmışa qədər orada olmuşam. Çoxlu sayda polis əməkdaşı, mülkü geyimli və hüquq-mühafizə orqanları əməkdaşları var idi. Bir daha deyirəm ki, səsləndirilən ehtimal əsassızdır. Təşkilatçı sadəcə özünü qorumaq üçün belə bir addım atıb. Digər tərəfdən, aksiya iştirakçısı uzun müddət təqib, həbslərə məruz qalır. Bunun zaman-zaman şahidi olmuşuq”.

Aksiyada həbs olunaraq 400 manat məbləğində cərimə olunan müsavatçı gənc Samir Poladov event yaradan şəxsin də saxlanılanlar arasında olduğunu söylədi: “Aksiya bir anda başladı. Yaşlı bir qadın qiymət artımına etiraz etdi. Polislər onu həbs etdilər. Orada hakimiyyətyönlü kimsə yox idi. Saxlanılanlardan 5 nəfəri şəxsən tanıyırdım. Bölmədə polis işçiləri ilə hər hansı bir problem yaşamadıq. Sanki Səbayel yox, alman polisi idilər. Məhkəmə prosesi gərgin oldu. Hakim hərəkətimizi pislədi və müşavirəyə getdi. Qarşıdan bayram gəldiyini və uşaqlardan ikisinin 19 yaşının olduğunu nəzərə alıb, 400 manat cərimə yazdı. Event yaradan da həbs edilmişdi. Bundan əvvəl onu heç yerdə görməmişəm. Onun kimliyini yalnız mən bilirdim. Ona da bizə göstərilən münasibət oldu. Hakimiyyət tərəfindən təşkil olunmasını deyə bilmərəm. Aksiya günü bizi müdafiə edən ”Yeni Müsavat\” qəzetinə təşəkkürümü bildirirəm. Hər zaman demişəm, “Yeni Müsavat” bizi müdafiə edən son qalamızdır\”.

Qeyd edək ki, “Qiymət artımına son!” aksiyasında 9 nəfər saxlanılmışdı. Onların hər biri müxtəlif pul cərimələri ilə sərbəst buraxılmışdı.(musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button