Gündəm

Haqqı tapdanan YAP-çı prezidentə müraciət etdi

Haqqı tapdanan YAP-çı prezidentə müraciət etdi

YAP fəalı, partiyanın ilk qurucularından olduğunu bildirən Arif Rüstəmov bu gün BMM-də mülkiyyətinin Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən dağıdılması, əvəzində kompensasiya verilməməsi ilə bağlı mətbuat konfransı keçirdi.

Virtualaz.org saytının müxbiri xəbər verir ki, A.Rüstəmov son ümidinin prezident İlham Əliyevə olduğunu dedi.

Şikayətçinin sözlərinə görə, BŞİH 2002-ci ildə onun tam qanuni, özəl mülkiyyətini dağıdıb: “İllərlə pulumu vermədilər. Nəhayət, məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Məhkəmə mülkiyyətimin əvəzində kompensasiya ödənməsinə dair qərar çıxardı, lakin 4 ildir bu qərar icra olunmur. Bu qərarın icra olunması ilə bağlı döymədiyim qapı, müraciət etmədiyim aidiyyəti qurum, şəxs qalmayıb. Son ümidim cənab prezidentədir. Sizdən xahiş edirəm, mənim İlham Əliyevə yazdığım müraciətimi olduğu kimi dərc edəsiniz”.

Daha sonra A.Rüstəmov müraciətini jurnalistlərə təqdim etdi. Müraciətdə deyilir: “Hörmətli cənab prezident!

Mən Rüstəmov Arif 1989-cu ildən başlayaraq Heydər Əliyevin hakimiyyətə gəlməsi, xalqımızı düşdüyü bəladan xilas etməsi üçün özüm və azyaşlı oğlanlarımla birlikdə canımızı, varımızı, pulumuzu bu yolda qoymuşuq. 1990-cı ildə Bakı şəhərindəki evimi də sataraq, səmimiyyətlə, təmənnasız olaraq bu məqsədə xərcləmişəm. Mən azyaşlı oğlanlarımla birlikdə Heydər Əliyevin hakimiyyətə gəlməsinin əngəllənməsi üçün bədxah qüvvələr tərəfindən konstitusiyaya süni şəkildə əlavə edilmiş yaş senzi ilə bağlı – 121.2 maddənin ləğvi üçün Ali Sovetin qarşısında aksiyalar təşkil etmişik və dəfələrlə bu aksiyada iştirak etmişik.

1989-cu ildən etibarən – hələ YAP yaranmamışdan öncə mən Əliyevçilər təşkilatı yaratmışam və bu gün də həmin qurumun və YAP ərazi təşkilatının sədriyəm. 1992-ci ildə YAP-ın Naxçıvanda keçirilən ilk konfransının iştirakçılarındanam. YAP tərəfindən 1992-ci ildə ilk partiya bileti alan şəxslərdənəm. Həmçinin müharibə veteranıyam, Naxçıvan MR Şərur rayon Kərki kəndindən məcburi köçkünəm.

Bundan başqa, mənim Bakı şəhərindəki evimi bu fəaliyyətimə görə yandırmışdılar. Həmin vaxt övladlarımı oxuduqları orta məktəbdə döyərək, qanına qəltan edərək məktəbdən qovmuşdular. Mənə demişdilər ki, burada sizə yer yoxdur, apar uşaqlarını Naxçıvanda oxut.

Bu illər ərzində mən və ailəm xeyli çətinliklərə, təzyiqlərə məruz qalmışıq, ağır günlər keçirmişik. Bütün bunlara baxmayaraq biz Heydər Əliyev uğrunda mübarizəmizdən dönmədik. Əsası ulu öndər tərəfindən qoyulan və bu gün də sizin tərəfinizdən həyata keçirilən Azərbaycanın inkişafına yönəlik uğurlu siyasəti ailəliklə daim tam dəstəkləmişik, dəstəkləyirik, təbii ki, bundan sonra da dəstəkləyəcəyik.

Cənab prezident! Biz sizə güvənirik. Nəzərinizə çatdırmaq istəyirəm ki, BŞİH neçə illər qabaq mənə məxsus olan tam qanuni mülkiyyətimi dağıdıb, çoxsaylı müraciətlərimə baxmayaraq qərəzli şəkildə mülkiyyətimin əvəzində mənə heç bir kompensasiya verilmədi. Mən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etdim. Məhkəmə mənə dəyən ziyanın ödənməsi barədə Azərbaycan Respublikası adından xeyli öncə qətnamə çıxarıb. O qətnamə bir neçə il qərəzli şəkildə icra olunmadı. Bunun üçün aidiyyəti qurumların hamısına dəfələrlə müraciət etmişəm. Lakin məhkəmə qərarı bu günədək icra olunmayıb.

Bütün qurumlar birmənalı olaraq şəhər icra hakimiyyətini cavabdeh kimi göstərir. BŞİH isə illərdir mənim pulumu qərəzli şəkildə ödəmir və bu gün də ödəmək istəmir.

Xahiş edirəm mənə dəyən ziyanın ödənilməsinə dair Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsinin BŞİH tərəfindən icra olunmasına dair göstəriş verəsiniz”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button