Gündəm

Çin, yoxsa Rusiya vaksini… – Azərbaycanın qərarı nə olacaq?

“Rusiya vaksini üçüncü mərhələdən keçməyib. Buna görə də həmin vaksinə bir həkim kimi inanmıram”

Dünyada artıq COVİD-19 virusunun sonuna gətirəcək olan vaksinlərin hazırlanması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bunun nəticəsidir ki, bir çox ölkələr müxtəlif şirkətlərdən koronavirusa qarşı vaksin sifariş ediblər. Eyni zamanda bu vaksinləri sifariş etməyə hazırlaşan ölkələr də az deyil. Onların sırasında Azərbaycan da var.

Rəsmi açıqlamalara görə, Azərbaycanda koronavirusa qarşı vaksinasiya könüllü və dövlət hesabına olacaq. Bəs hansı vaksini alacağıq?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, ABŞ-da hazırlanan vaksinin 95% effektiv olması ilə bağlı istehsalçı ölkədən məlumatlar verilib: “Hazır olan vaksinlərdən Pekində yerləşən ”Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi “CoronaVac” vaksininin, ilkin nəticələrə görə, 95-97% effektivliyinin olması açıqlanıb. Bu vaksin ənənəvi üsullarla hazırlanıb. Ənənəvi vaksinlərdən bəşəriyyət 100 ildən çoxdur ki, istifadə edir. İnfeksiyaya səbəb olan törədicilər iki üsulla zərərsizləşdirilir. Törədici mikroorqanizm qismən məhv edilir. İkincisi isə tam mikroorqanizmin öldürülməsidir”.

Monsefa Slaui 

Rusiya istehsalı olan “Sputnik-V”nin isə 92 faiz təsirli olduğu açıqlanıb. Rusiya nümayəndə heyəti Azərbaycan nümayəndələri ilə ölkəmizdə “Sputnik V” rus peyvəndinin istehsalını, həmçinin “Sputnik V” birləşməsinin “AstraZeneca” peyvəndi ilə klinik sınaqlarını müzakirə etmək üçün Bakıya gəlir. Bu barədə “R-Farma”nın qurucusu və direktorlar şurasının sədri Aleksey Repik bildirib. Azərbaycan Rusiya peyvəndinəmi üstünlük verir?

Bu sualın cavabına keçməzdən öncə bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ayın sonunadək ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətləri tərəfindən birgə hazırlanan peyvəndi təsdiq edə bilər. Həmin peyvənd fövqəladə hallarda istifadə olunacaq. Bu barədə brifinqdə ÜST-in baş direktor köməkçisi Mariancela Simao deyib. 

M.Simao qeyd edib: “Peyvənd bu ayın əvvəlində mümkün fövqəladə hallarda istifadə üçün siyahıya alına bilər”.

Təşkilatın baş alimi Sumya Svaminatan öz növbəsində, COVAX mexanizmi çərçivəsində bu peyvəndin məhdud tədarükünün yanvarın sonu və ya fevralın əvvəlində başlaya biləcəyini qeyd edib. Avropa İttifaqı dekabrın 21-də BioNTech və Pfizer şirkəti tərəfindən hazırlanmış koronavirus vaksininin 27 ölkədən ibarət blok boyunca vurulmasına icazə verib. Vaksinin vurulmasına Milad bayramından dərhal sonra, dekabrın 27-dən başlanacaq.

Qazaxıstan Rusiyanın hazırladığı “Sputnik V” vaksininin istehsalına başladığını açıqlayıb. Gələn ilin əvvəlində ölkədə kütləvi peyvəndləmə layihəsinə başlanacağı gözlənilir. Baş nazir Asqar Mamin dekabrın 21-də ölkənin mərkəzindəki Qaraqandı şəhərində əczaçılıq kompleksində vaksinin istehsalının açılışını edib.

Hökumətin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstanda kütləvi vaksinasiya planı 2021-ci ilin fevralında başlanacaq. İlk öncə tibb işçilərinə, müəllimlərə, tələbələrə, hüquq-mühafizə əməkdaşlarına, yüksək risk qrupunda olanlara peyvənd vurulacağı gözlənir.

Monsefa Slaui

Vaksinlər arasında haqqında ən çox danışılanlar sırasında “Moderna” şirkətinin hazırladığı peyvənd də var. Bu peyvənd 3 mərhələnin üçünü də keçib. Lakin problemsiz də deyil. Belə ki, şirkət koronavirus əleyhinə vaksinin bir partiyasını məhv etməyə məcbur olub. AZƏRTAC xəbər verir ki, bu məlumatı ABŞ prezidentinin COVID-19-a qarşı vaksin yaradılması məsələləri üzrə müşaviri Monsefa Slaui elan edib.

Tədqiqatçılar 400 min vaksin dozasının yararsız olmasını aşkar ediblər. Slauinin sözlərinə görə, buna səbəb istehsalın sonrakı mərhələsində – preparat ampulalara doldurulana qədər filtrasiya ilə bağlı problemlər olub. Bununla belə, şirkətin nümayəndələri qeyd ediblər ki, bu fakt vaksin istehsalı planının yerinə yetirilməsinə əsla təsir göstərməyəcək. Plana əsasən, bu ayın sonuna qədər 20 milyon doza vaksin istehsal edilməsi nəzərdə tutulur.

“Moderna” şirkətində vaksinin sınaqlarının son mərhələlərində 30 mindən çox insan iştirak edib. Bu vaksinin 94 faiz effektiv olması müəyyən edilib.

“Yeni Müsavat”a danışan həkim Qalib Əsədov bildirib ki, Çin və Rusiya vaksinini müqayisə etdikdə üstünlüyü Çin istehsalına verir: “Rusiya vaksini üçüncü mərhələdən keçməyib. Buna görə də həmin vaksinə bir həkim kimi inanmıram. Üçüncü mərhələ odur ki, vaksin insanlar üzərində sınaqdan keçirilir. Rusiya vaksini ilə bağlı bunu söyləmək olmur. Bunun gələcəkdə hansı fəsadının olacağını söyləmək çətindir. Çin vaksini haqqında müxtəlif fikirlər söylənir. Yəni bu, aktivliyi azaldılan virusun özüdür. İmmunitetinin nə dərəcədə qalıcı olduğunu söyləmək çətindir. Çin vaksini haqqında düşünmək olar, lakin bu barədə də informasiyalar azdır. Mən ”Moderna”nın istehsal etdiyi vaksinlərə üstünlük verərdim. Çünki həmin vaksin sınaqlardan keçib və haqqında da kifayət qədər açıq informasiyalar mövcuddur”.

Həkim Azərbaycanda yoluxma sayının qəfildən azalması ilə bağlı da məsələyə toxunub“Yoluxma sayının birdən-birə 1500-ə düşməsi hesab edirəm ki, götürülən testlərin sayının az olması ilə bağlıdır. Test nə qədər az götürülürsə, yoluxma sayı da buna uyğun olaraq aşağı göstərilir. Ümumiyyətlə, Azərbaycanda əsas problem testlə bağlıdır. Bizdə xəstələrin diqqətdən kənarda qalması da testlərlə bağlıdır. Test ucuz olmalı, mümkün qədər çox aparılmalıdır. Testləri az etməklə yoluxma sayı az görünürsə, bu zaman özümüz-özümüzü aldadırıq. Hesab edirəm ki, sərt karantinə ehtiyac yoxdur. Bunu mən yox, dünyadakı mütəxəssislər də deyirlər. Karantinin ziyanından başqa heç bir təsiri yoxdur. Statistikaya nəzər salsaq görərik ki, sərt karantin rejimi tətbiq edilməyən ölkələrdə vəziyyət daha yaxşıdır. Məsələn, Çin, Belarus, Özbəkistana baxa bilərik. Virus yeni yayılan zaman karantin bizə lazım idi ki, modul tipli xəstəxana, yeni klinikalar tikək, Azərbaycana test, dərman gətirək, maska istehsal edək. Bu məsələlər həll olunduqdan sonra karantinin heç bir mənası yoxdur. Karantin əhali arasında kollektiv immunitetin qarşısını alan bir məsələdir. İnsanlar bir-biriləri ilə nə qədər çox təmasda olsalar, az miqdarda virus dozası qəbul etməklə orqanizmlərində antitellərin yaranmasına səbəb olarlar. Xarici ölkələri kənara qoyaq. Naxçıvan modelinə diqqət edək. Naxçıvanda xəstələr dərhal aşkar edilir və dərmanla təmin olunurlar. Orada işlər çox düzgün təşkil edilib və buna görə də yoluxma sayı olduqca aşağıdır. Təhsilin dayandırılması əsrin fəlakətidir. Artıq savadsız nəsil formalaşmaqdadır. Azərbaycanda dərmanlar, testlər kifayət qədər olarsa, koronavirus elə də təhlükəli deyil. Bizdə ağırlaşma və ölümlər ona görə olur ki, apteklərdə dərmanlar yoxdur və insanlar xəstəliyi gecikdirirlər. Eyni zamanda bu gün çölə çıxan xəstələrə cərimə yazılır və insanlar artıq test vermirlər ki, çölə rahat şəkildə çıxıb, işlərinin dalınca gedə bilsinlər. Gizlədir və ətrafındakı hər kəsi yoluxdurur. Cəza, zorakı yolla problemi həll etmək olmur. İnsanları cəzalandırmaq yerinə onları maarifləndirmək lazımdır. İnsanlara nəyi necə etməyi başa salsalar, o zaman problem də həllini tapar”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button