Gündəm

Həbsxanalarda koronavirus geniş yayılıb? – Yoluxma və ölüm xəbərlərinə Penitensiar Xidmətdən reaksiya

Azərbaycanda cəzaçəkmə müəssisələrində məhkumlar arasında koronavirusa yoluxma hallarının kəskin artdığı bildirilir. Nardaran hadisələrinə görə həbsdə olan Ağəli Yəhyayevin bacısı Elnarə Eldar “Azadlıq” radiosuna həbs yerlərində vəziyyətin gərgin olduğunu bildirib.

Onun sözlərinə görə, söhbət təkcə qardaşının saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsindən getmir: “Başqa cəzaçəkmə müəssisələrində saxlanılan məhbusların yaxınlarıyla da əlaqəm var. Onlardan eşitdiklərim, öz bildiklərim də göstərir ki, vəziyyət acınacaqlıdır”.

E.Eldar virus daşıyıcısı olan məhkumların təcrid olunmadığını, nəticədə digərlərinə də yoluxduğunu iddia edib. Onun bildirdiyinə görə, vəziyyəti çox ağırlaşan məhkumlar Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülür.

“Məndə olan məlumata görə, məhkumlar arasında koronavirusdan xeyli sayda vəfat edənlər var. Bəzi cəzaçəkmə müəssisələrində məhbuslar xəstəliyi elə müəssisənin daxilində – başqa dustaqlarla təmasda ola-ola keçirirlər. Nəticədə virus daha çox yayılır. Lap ağır xəstələri “tubzon“a köçürürlər. Məhkumlar arasında şəkərli diabet xəstələri çoxdur, onlar da koronavirus məsələsində risk qrupuna daxildir. Bu üzdən ölüm sayı da çoxdur”, – E.Eldar belə deyib.

Penitensiar Xidmətin ictimaiyyətləəlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Azadlıq” radiosuna bildirib ki, məhkumların müayinə və müalicəsi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin həkimlərinin səlahiyyətindədir. Onlar da kimliyindən asılı olmayaraq, cəzaçəkmə müəssisələrindəki hər bir məhkuma ehtiyac olduğu halda tibbi yardım göstərirlər: “İstənilən halda, ola bilməz ki, məhkumun müayinəyə, müalicəyə ehtiyacı olsun, amma ona tibbi yardım göstərilməsin. Çünki hər bir məhkumun sağlam olması, virusun yayılmaması Penitensiar Xidmət olaraq bizim də, Tibb Baş İdarəsinin də marağındadır. Ona görə də hansısa məhkumun səhhətində problem yaranan kimi dərhal zəruri addımlar atılır”.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov da virusa yoluxan məhkumlara vaxtında lazımi tibbi yardım göstərilməməsi haqda iddiaları təkzib edib.

İ.Qurbanov bildirib ki, hazırda heç bir cəzaçəkmə müəssisəsində epidemioloji baxımdan gərgin mühit yoxdur. Rəis müavininin sözlərinə görə, əksinə, koronavirusa yoluxma hallarıyla bağlı cəmiyyətdəki azalma tempi həbs yerlərində də müşahidə olunur.

“Virusa yoluxma halı aşkar edildikdə dərhal şəxs müalicəyə cəlb olunur. Hətta profilaktik müayinələr üçün nümunələr götürülür ki, xəstəlik varsa da, vaxtında aşkarlansın. Bütün lazımi tədbirlər müntəzəm aparılır, profilaktik işlər həyata keçirilir. Bütün bu işlər həƏdliyyə Nazirliyinin, həm Penitensiar Xidmətin, həm də Tibb Baş İdarəsinin nəzarətindədir”, – İ.Qurbanov bildirib. Rəis müavini məhkumlar arasında koronavirusa yoluxma hallarıyla bağlı statistika aparıldığını söyləsə də, rəqəmi açıqlamayıb. (Azadlıq radiosu)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button