Hadı Rəcəbli “sosial siyasət”in aynası kimi…
Çörək tələbi ilə Tüilriyə yürüş edən ac qadınlara Fransa kraliçası Mariya Antuanetta hiddətlə sinizmi qarışdıraraq ismarıc yollayır: “Yeməyə çörəkləri yoxdur? Onda pirojna yesinlər”.
Bu kəlməsini ona sonrakı illərdə dəfələrlə xatırladacaqdılar. Kraliçanın gilyotinada “qısaldılma”sından 220 il ötüb, kəlmə isə hələ də yaşayır və mütəmadi olaraq gah orda, gah burda təkrarlanır.
Müasir Azərbaycanda da bu tipli “qanadlı kəlmələr” var və onlar dövrü də, dövrün personajlarını da cild-cild kitablardan daha yaxşı xarakterizə edəcək. İstər baş nazirin “Təzə xiyara pulları yoxdur, duzlu xiyar yesinlər”, istərsə də keçmiş nazirin “Konkret rədd ol!”, keçmiş deputatın “Jak Şirak qudurub!”, metro sahibinin “Nə burcudursan?” kəlmələri, yaxud hazırkı deputatın xalqı “qanuni oğru”nun qədrini bilməyə çağırışı bu qəbildəndir.
Bu cəhətdən parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin sosial siyasətə antisosial baxışları qətiyyən unikal deyil.
Rəcəbli əslində Azərbaycan hakimiyyətinin sosial siyasətinin aynasıdır – olanları və adiləşənləri başqaları gizlədir, Oruellin söylədiyi “yenidil”lə danışır, o isə birbaşa deyir.
Motivi nədir? Bununla işimiz yox. Sadəcə, maraqlısı odur ki, onun söylədikləri tamamilə reallığı əks etdirir. Hansı reallığı? Hakimiyyətdə olanların xalqa münasibətini və dəyərlər kodeksini.
Ona görə də iki gündür müzakirələri səngimyən, ən böyük narazılıqlarla şərh olunan o müsahibədə adi vətəndaşlar konkret Rəcəblini yox, hakimiyyətin davranış tərzini görürlər. Bu ümumiləşmə tamamilə təbiidir – Hadı Rəcəbli iqtidarın sözçüsüdür.
Onun “Trend” agentliyində verdiyi müsahibədən hamı xüsusi olaraq bir hissəni qabartdı. O hissəni ki, deputat deyir: “Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”
Bəziləri isə daha irəli gedərək Hadı Rəcəblinin cəmisi 6 ay əvvəl – ötən ilin sentyabrında maaşının ona bəs etmədiyindən şikayətləndiyini xatırlatdılar (deputatın maaşı 1950 manatdır).
Əlbəttə, məntiqi sual yarandı: ailə büdcəsindəki çatışmazlığı doldurmaq üçün Hadı Rəcəbli də parlament tətilləri dövründə Balabəy müəllimə qoşulub divar hörmür ki?
Sual ritorikdir…
Müsahibənin həmin hissəsi geniş şərhlərə yol açdı. Deputata xatırlatdılar ki, bir tikə çörək üçün bütün günü ora-bura qaçan insan təhsilə ürəyini verə bilməyəcək, təhsil isə sadəcə savadlı yeniyetmə yox, insan, şəxsiyyət formalaşdırır. Üstəlik, deputatın söylədikləri əsl sosial darvinizmdir. Yəni, təbiət qanunlarını cəmiyyətə köçürməkdir.
Halbuki hələ XIX əsrdə Kliment Timiryazev sərrast ifadə edib: “Yaşamaq uğrunda mübarizə mədəni tarixin kandarında dayanır. İnsan həyatı yalnız bir mübarizəyə – yaşamaq uğrunda mübarizə ilə mübarizəyə həsr olunmalıdır”.
Yəni bir tikə çörək uğrunda yaşam da, təbii seçmə də mədəniyyətə qədərki, insan cəmiyyətinə qədərki, bioloji varlıq olduğumuz əyyamların atributlarıdır. O vaxtların ki, hələ “sosial siyasət” kəlməsi yaranmamışdı. İbtidai insanlar bütün vaxtlarını yemək axtarışına həsr etməli olurdular və XXI əsr insanını Sosial Siyasət Komitəsinin sədri tərəfindən bu qədər ibtidailəşdirmək insanda sosial yox, bioloji xüsusiyyətləri fetişləşdirməkdir.
Ancaq Hadı Rəcəblinin sonradan yuxarıdakı cümlələri yumşaltmaq, hətta təkzib etmək cəhdləri də faydasızdır. Çünki onun sosial darvinizmi müsahibənin yalnız həmin hisəsində ifadə olunmayıb.
Baxaq, Rəcəbli dərin fikirlərə dalaraq fəlsəfi sentensiyalar edir və kapitalizmlə sosializmin fərqini açıqlayır. Çox maraqlıdır, diqqət kəsilin.
Deputat deyir: “Kapitalizmin sosializmdən fərqi nədir? Bunun üçün loru da olsa, bir misal çəkəcəyəm. Kapitalist adamı atır dənizin ortasına. Üzə bilsən, gedib sahilə çatırsan, üzə bilməsən, gərək çapalayıb üzməyi öyrənəsən, birtəhər qurtulasan. Nə üzə bilməsən, nə də cəhd etməsən, suda batıb boğulacaqsan. Sosializmdə isə dövlət öz ilə aparıb səni sahilə çıxarır. Bu isə sonda səndə arxayınlıq yaradır…”
İndi insaf xatirinə, tam səmimi cavab verin: hansını seçərdiniz: dənizdə batmağı, yoxsa gəmi ilə üzüb keçməyi? Əgər dənizi (hətta çayı da yox) insan gəmi ilə keçirsə, buna görə etiraz etməkmi lazım? Hadı Rəcəbli qabağına dəniz çıxanda hər dəfə onu üzərəkmi keçir?
Üstəlik, üzə bilməyənlərin ölümünü heç kəsin günahına yazmamaq heç nasistlərin də ağlına gəlməzdi. Onlar düşmən saydıqlarını konkret ideyaya görə öldürürdülər, bəs Hadı müəllim insanları dənizə atıb boğmağı niyə normal cəmiyyət sayır? Xəstələr, zəiflər boğulub ölürlər, sosial siyasətə məsuliyyət daşıyan isə bunu normal və lazımlı sayır.
Üstəlik, Hadı Rəcəbli heç kəsin ifadə etmədiyi həqiqəti dilinə gətirir: kapitalizm öldürür! Axı sahilə çıxmaq uğrunda çabalamalarda fərdlər bir-birinin başından basacaq, ayağından dartacaq, irəli düşməyə çalışacaq. Sosializmdəki əməkdaşlıq kapitalizmin rəqabət vəhşəti ilə əvəzlənəcək. Hamısı da ona görə ki, “insan insana canavardır” prinsipi legitimləşsin, hamısı da ona görə ki, insanları gəmi ilə o biri sahilə keçirsəz, onlarda “arxayınlıq yaranar”.
Və əlbəttə, kapitalizmdə sahilə nə qədər az fərd gedib çatsa, bir o qədər yaxşıdır. Axı bizim üçün azadlıq azadlıqdır,onlar üçün isə azadlıq – mülkiyyətdir.
Dava isə əvvəldən mülkiyyət və sərvət davasıdır.
Hər halda Sosial Siyasət Komitəsinin sədri söhbəti bahalaşmadan, maddiyyatdan başlamışdı. Sonunda isə bütöv ölkələri, xalqları rəzil gününə salmış “şok terapiyası”nı tərifləyir. O taktikanı ki, hələ ötən əsrin 90-cı illərindən “terapiyasız şok” adlandırırlar.
Və Hadı Rəcəblinin “sosial baxışları”nın təsadüfi olmadığının daha bir təsdiqi.
Deputat müsahibəsində deyir: “Bizdə ünvanlı yardım deyirlər. Dünyanın heç bir yerində əlini göyə açaraq yerində duran insanlara pul verən yoxdur. Bu, ələbaxımlılıq, tənbəllik yaradır…”
Elə çıxır ki, o, ümumiyyətlə sosial siyasətin əleyhinədir. Dənizdən keçmək üçün gəmidən imtina edib fərdlərin boğulmasına razılaşdığını deyən və bunu normal sayan deputatın dilindən məntiqi kəlmələrdir. Ancaq problem ondadır ki, bunu büdcə xərclərinin sosial yönümlü olduğu vurğulamağı xoşlayan bir ölkə iqtidarının nümayəndəsi deyir, hansısa Pinoçet və Stressner dövrünün məmuru yox.
Bir sözlə, “antisosial siyasət” komitəsinə sədr axtarsaz, hazır namizəd var…Virtualaz.org