Gündəm

Bu binanın sakinləri dənizdən daşıdıqları su ilə yuyunur

Bu binanın sakinləri dənizdən daşıdıqları su ilə yuyunur“Ötən yay gecənin bir vaxtı gördüm döşəmə çarpayıqarışıq çökür. Elə bildim zəlzələdir, uşaqları götürüb küçəyə qaçdım”.

Bunu “Azadlıq” radiosuna şikayətlərində Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki \”Energetiklər pansionatı\”nda məskunlaşan köçkünlər deyib. Onlar qəzalı binadakı yaşayışlarının çətin olmasından gileylənir.

Bina sakini Səadət Qurbanovanın sözlərinə görə, dördmərtəbəli binanın birinci mərtəbəsində yaşayanlar daha çox əziyyət çəkir. Ötən yay binanın zirzəmisində baş vermiş çökmə onu və binadakı digər sakinləri daha da qorxuya salıb: “Neçə illərdir həyəcan içində yaşayırıq. Bina elə vəziyyətə düşüb ki, burada yaşamaq qeyri-mümkündür”.

Bina sakinlərinin sözlərinə görə, 15 ildir ki, binaya su verilmir, su xətləri çoxdan pas bağlayıb. Məişətdə istifadə etmək üçün suyu yaxınlıqdakı çimərlikdən vedrə ilə daşıyırlar, içməli suyu ilə pulla alırlar.

“Yay-qış həftədə bir dəfə məhəlləyə su maşını gəlir, su alırıq. Vallah, bezmişik, uşaqlarımız çimərlikdən su daşıya-daşıya böyüdülər. Çimərlik suyu ilə yuyunuruq, paltarlarımızı, qab-qacağımızı yuyuruq” – deyə sakinlər gileylənir.

Binada kanalizasiya sistemi də bədbad vəziyyətdədir. Bu səbəbdən də çirkab sular mərtəbələrdəki otaqların çürük döşəmələrindən üzə qalxır.

Sakinlərin dediklərindən: “Üfunətdən binaya girmək olmur. Kanalizasiya xətləri çürüdüyündən çirkab sular binanın altına axır. 10 ildə bina azı yarım metr çöküb. Gecə kəlmeyi-şəhadətimizi deyib yuxuya gedirik. Səhərə salamat çıxacağımıza ümidimiz olmadığından… Bina elə vəziyyətdədir ki, istənilən vaxt çökər, altında qalarıq. Bir neçə il əvvəl birinci mərtəbədəki evlərin eyvanların yerdən hündürlüyü bir metr idi, indi eyvanlar az qala yerlə birdir”.

Şikayətçilər deyir ki, bu binada aşağı mərtəbədə yaşamaq bir dərddirsə, yuxarı mərtəbədə yaşamaq beş dərddir. Yuxarı mərtəbənin sakinləri yağış yağanda evin içində çətir qurub otururlar:

Bina sakini Sahibə Sadıqovanın dedikləri: “Mən yuxarı mərtəbədə yaşayıram. İri çətirlərim var. tavandan su damcılamağa başlayanda döşəmədən tavana qədər qururam, altında otururam”.

Sakinlərin daha bir şikayəti binadakı elektrik xətlərindəndir: “Çürük, köhnə xətlərdir, naqillər hörümçək toru kimi qarışıb bir-birinə… Neçə dəfə yanğın təhlükəsi sovuşub”.

Köçkünlər binanın vəziyyəti barədə dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət etdiklərini deyirlər.

Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, binaya baxış keçirilib. Binadakı vəziyyət ürəkaçan deyil və bu barədə aidiyyəti qurumlar məlumatlandırılıb.

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən isə bildirilib ki, onlar da köçkünlərin məskunlaşdığı binanın vəziyyəti barədə məlumatlıdır. Bu yaxınlarda həmin binaya yaxın başqa qəzalı binadakı 23 ailənin köçürülməsi baş tutub. “Qaçqınkom” bu qəzalı binada məskumlaşmış köçkünlərin də taleyinə yaxın vaxtlarda əncam çəkəcək.

Sovet vaxtı bu bina energetiklərin pansionatı kimi istifadəyə verilib. 90-cı illərdə Qarabağdan gələn köçkünlər binada məskunlaşıblar. Əvvəllər binada azı 100 ailə məskunlaşıb. Hazırda isə 21 ailə yaşayır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button