Gündəm

ASALA-nın təhdidi realdırmı?

ASALA-nın təhdidi realdırmı?
Arzu Nağıyev: “Bizim Dağlıq Qarabağ qədər böyük problemimizin müqabilində belə bəyanatlar çox gülünc görünür”

Xəbər verdiyimiz kimi, erməni terror təşkilatı ASALA (ingiliscə tərcümədə “Ermənistanın azadlığı üçün gizli erməni ordusu”) Türkiyəni təhdid edib. Təşkilatın adından yayılan bəyanatda bildirilir ki, aprelin 24-nə Türkiyədə Çanaqqala zəfər bayramının qeyd olunması “həlak olan 1.5 milyon erməninin ruhuna təhqir hesab edirik. Biz bütün azad düşüncəli xalqları Ərdoğanın bu təxribatına qarşı çıxmağa çağırırıq. Əgər Ərdoğanın bayramı baş tutsa, ASALA Türkiyəyə qarşı hərbi əməliyyatları bərpa edəcək”.

Çanaqqala zəfərini təmtəraqlı şəkildə qeyd etmək qərarı Azərbaycan prezidentinin Türkiyəyə səfəri zamanı elan olunub və iki ölkə prezidentinin verdiyi mesajlar da onu göstərirdi ki, tədbirin bu günə təyin olunması ermənilərin saxta soyqırımı yalanlarına cavab məqsədi daşıyır. Yəni Türkiyə və Azərbaycan bayram tədbirlərinə daha çox ölkədən rəsmilər dəvət etməklə, ermənilərin İrəvanda planlaşdırdıqları saxta soyqırımı tamaşası planını pozacaq. 100-dən artıq ölkənin rəhbər şəxslərinə dəvət göndərilib ki, bir çoxunun da Türkiyədəki bayram tədbirlərinə qatılmaqla bağlı müsbət cavabı artıq var.

Bu isə heç şübhəsiz ki, erməniləri qıcıqlandırır. Çünki ermənilər uzun müddətdir “soyqırımın 100 illiyinə” hazırlaşır. Dünyanın bir çox ölkələrinə dəvətlər göndərilib. İndi isə Türkiyə faktiki olaraq bu planı pozduğu üçün ermənilərin qəzəblənməsi anlaşılandır. ASALA-nın Türkiyəyə, eləcə də böyük ehtimalla Azərbaycana qarşı təhdidi kifayət qədər ciddi sayıla bilər. Çünki bu təşkilatın tarixçəsi bunu sübut edir.

ASALA terror təşkilatı 1975-ci ildə Livanda vətəndaş müharibəsi zamanı yaranıb. Livanın paytaxtı Beyrutda Fələstin Azadlıq Təşkilatının (FAT) da dəstəyi ilə Akop Akopyanın rəhbərliyi altında yaradılıb. Təşkilatın əsas ideyasının “erməni ideyasının dünyaya tanıdılması” və erməni millətçiliyinin yüksəldilməsi olsa da, bu təşkilat dünyada terrorçu qrup kimi tanınıb. 1980-ci ildə təşkilat ABŞ hökuməti tərəfindən terrorçu təşkilat siyahısına salınıb. Sonradan təşkilatın fəaliyyəti müəyyən səbəblərdən zəifləsə də, 2001-ci ildə isə ABŞ ASALA-nı “Xarici terror təşkilatı” siyahısına salınıb.

Bundan başqa ASALA Britaniya, Avstraliya, Kanada, Avropa Birliyinin və Rusiyanın müvafiq terror təşkilatları siyahısına salınıb. ASALA-nın ən aktiv terror fəaliyyəti 1975-85-ci illərdə olub. 10 il ərzində erməni terrorçuları 16 ölkədə əsasən Türkiyənin diplomatik nümayəndəliklərinə, səfirliklərə terror hücumları həyata keçirib. Bu ölkələrdə həyata keçirilən müxtəlif növ 84 terror aksiyası zamanı 46 nəfər ölüb, 299 nəfər isə yaralanıb. Ölənlərdən 33 nəfəri türk diplomatdır.

1983-cü ildə təşkilat parçalansa da, 90-cı illərdə Qarabağda gedən savaşda ASALA-nın bir çox fəalları, o cümlədən Monte Melkumyan iştirak edib. 1994-cü ildən sonra ASALA ümumiyyətlə zəifləyib. Bu isə mümkündür ki, Dağlıq Qarabağda yerləşən terrorçuların gizlənmək üçün uyğun məkan tapmaları ilə bağlıdır.

Qeyd edək ki, ASALA-ya əsas zərbəni Türkiyə kəşfiyyatı və könüllü millətçi gənclər (ülkücülər) vurub. 1980-ci illərdə ASALA Avropa və Amerika qitəsində Türkiyə diplomatlarına qarşı silsilə terror hücumları həyata keçirir. Buna qarşı Türkiyə kəşfiyyatı – MİT yeni bir taktika uyğulayır.

ASALA-nın “öz metodu” ilə özünü vurmaq. Bu məqsədlə türkiyəli gənclər cəlb olunur. O zamankı prezident Kənan Evrenin tapşırığından sonra MİT Avropada ASALA-nı “ovlamaq işinə” başlayır. Bu məqsədlə Avropadakı millətçi gənclərlə iş qurulur. Türk qisasçılarının İsveçrə, Fransa və Yunanıstanda ard-arda həyata keçirdiyi qisas əməliyyatları nəticəsində, ASALA-nın, o cümlədən Daşnak Partiyasının ofisləri partladılır, bir çox liderləri, o cümlədən Akop Akopyan 1986-cı ildə öldürülür.

Bundan sonra prosesin böyüyərək qanlı müharibəyə çevrildiyini görən Qərbi Avropa dövlətləri terrorun daha da böyüməməsi üçün ASALA və digər erməni qruplaşmalarına dəstəyi dayandırır. Fransada ASALA mərkəzinə keçirilən əməliyyatda isə sonradan əfsanəyə çevrilmiş Abdullah Çatılının adı gedir. A.Çatlı ASALA-ya qarşı 5 aksiyada iştirak edib.

Qeyd edək ki, Azərbaycanda da erməni terroruna qarşı ciddi özünümüdafiə hərəkatı olub. 1905-ci ildə yaradılan Difai (Difa ərəbcə müdafiə sözündəndir) Təşkilatının əsas hədəfi Qafqaz ərazisində ermənilərin azərbaycanlılara qarşı hücumlarının qarşısını almaq, eləcə də azərbaycanlılara qarşı amansız olan Çar Rusiyası məmurlarını cəzalandırmaq məqsədi ilə yaradılmış təşkilat 12 ilə yaxın müddət ərzində erməni quldurlarına və rus məmurlarına qarşı qanlı qisas əməliyyatları həyata keçirib.

ASALA-nın uzun illər “yuxudan” sonra Türkiyəni təhdid etməsi nə anlama gəlir? Təhlükə realdırmı? Politoloq Arzu Nağıyev deyir ki, ASALA sonuncu dəfə 1993-cü ildə terror təhdidi olub, amma ondan sonra sakitləşib. Ekspert deyir ki, bu cür hədə bəyanatları əslində Ermənistan xüsusi xidmətlərinin sifarişidir: “ASALA son dəfə 1993-cü ildə ”pantürkist neft borusu\” (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəklərini bəyan etsə də, planları baş tutmadı. Yəni bir müddət idi ki, bəyanatları da yox idi. Lakin 24 aprel Çanaqqala qələbəsi ilə bağlı keçiriləcək tədbirə qoşulacaq dövlətlərə qarşı terror təhdidi ediblər.

Düşünürəm ki, sadəcə olaraq öz havadarları tərəfindən, Ermənistanın rəsmi dairələri, daha doğrusu xüsusi xidmət orqanları tərəfindən və demək olar ki, PKK-nın da adından belə bəyanatlar verirlər. 24 aprel ərəfəsində bunların belə bəyanatları daima olub. Həmin tədbirdə iştirak edəcək dövlətlərin hər birinin tək ASALA yox, onun kimi bir çox terror təşkilatlarına adekvat cavab vermək imkanı və gücü vardır. Necə deyərlər, “atılan əlcək” öz cavabını alacaq və qəbul edilir və düşünürəm ki, bu bəyanatdan o yana keçməyən növbəti bir təxribat addımıdır. Bizim Dağlıq Qarabağ qədər böyük problemimizin müqabilində belə bəyanatlar çox gülünc görünür\”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button