Gündəm

Oğlunu tutduran general vəzifəsində qalacaqmı?

Oğlunu tutduran general vəzifəsində qalacaqmı?
Çingiz Qənizadə: “Şərif Əsədullayevin bu davranışı digər məmurlara bir nümunədir”; Novella Cəfəroğlu: “Uşağına tərbiyə verə bilməyən general vəzifədən getməlidir”
Cavanşir Paşazadə: “Tamerlan bacım oğlu olsa da onun barəsində mətbuatda yazılanlardan artıq bir şey bilmirəm”

Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin hərəkəti mətbuatda geniş müzakirə olunmaqdadır. Yada salaq ki, Ş.Əsədullayev oğlu Tamerlan Əsədullayevin Bakıdakı “Senator” restoranında dava saldığını, mühafizəçini döyərək bıçaqladığını və sonra da qaçıb gizləndiyini eşidib.

Yayılan məlumatlara görə, general oğlunu axtarıb tapıb və necə lazımdırsa tənbeh edib! Bundan sonra da oğlunu polisə təhvil verərək israrla həbs olunmasını istəyib! Onun xahişini nəzərə alıblar və oğlunu tutublar. Barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Generalın bu hərəkətini təqdir edənlərlə yanaşı, onun bu addımı öz karyerasını qorumaq naminə atdığını iddia edənlər də var.

“Hadisəni gizlətməmək onun qanunun aliliyinə hörmətini göstərir…”

Deputat Çingiz Qənizadə modern.az-a açıqlamasında olayla bağlı bunları deyib: “Baş verən hadisə mətbuatda geniş müzakirə olunur. Təbii ki, Tamerlan Əsədullayevin həbs olunmasını atası Şərif Əsədullayev xahiş edib. Dərhal polis orqanları ilə əlaqə saxlayıb. Atanın öz doğma övladının törətdiyi hadisəni gizlətməməsi onun qanunun aliliyinə hörmətini göstərir. Bu fakt azərbaycanlı məmurdan digər məmurlara bir nümunədir”. Deputatın sözlərinə görə, Şərif Əsədullayev 30 ildən artıqdır ki, polis orqanlarında fəaliyyət göstərir: “Şərif Əsədullayevin özü də 30 il ərzində günahkarların istintaqa cəlb edilməsi sayəsində xeyli işlər görüb. Bu cür addımın atılması digər məmurlara da nümunə olmalıdır. Hər bir məmur övladının törətdiyi hadisələri gizlətməyə çalışmamalı, əksinə, öz əlləri ilə məsuliyyətə cəlb etməlidir”.
General oğlunun deputat dayısı deyir ki…

Tamerlan Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Milli Məclisin deputatı Cavanşır Paşazadənin bacısı oğludur. Olayın baş verdiyi restoran isə “Azimport”un sahibi Əli Əsədova məxsusdur.

“General-mayor Şərif Əsədullayev oğlunun törətdiyi hadisədən xəbər tutaraq, dərhal onu polisə gətirib təhvil verib. Bu, düz hərəkətdir. Buna başqa nəsə əlavə etmək lazım deyil” – bu sözləri isə deputat Cavanşir Paşazadə bacısı oğlu Tamerlan Əsədullayevin törətdiyi olayla əlaqədar həbs olunmasına münasibət bildirərkən deyib.

C.Paşazadə Tamerlan Əsədullayevin törətdiyi hadisənin mətbuatda geniş işıqlandırılmasına belə münasibət bildirib: “Bacımın oğlu ilə bağlı məsələ mətbuatda necə işıqlandırılıbsa, fakt odur. Mən də o qədər bilirəm, ondan artıq heç nə deyə bilmərəm. Şərif Əsədullayev oğlunu götürüb özü polis bölməsinə təhvil verib. Əlavə heç nə demək istəmirəm”.

Hüquq müdafiəçisi isə…

Hüquq müdafiəçisi Novella Cəfəroğlu qafqaznews.az-ın “Tamerlan Əsədullayevin hərəkətinə görə atası cavab verməlidirmi” sualına cavab olaraq “Mütləq cavab verməlidir” deyə cavab verib. N.Cəfəroğlu övladını tərbiyə edə bilməyən generalın dərhal tutduğu vəzifədən getməli olduğunu da söyləyib. Sayt yazır ki, aprelin 10-da “Senator”da baş verən olay general Əsədullayevin oğlunun adı qarışan ilk qalmaqal deyil. Ötən ilin mayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüyünə görə gündəmə gəlmişdi. Belə ki, Bakıda, “Qış parkı”nın yaxınlığında gecə 4 radələrində növbə çəkən post-patrul polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd ediblər. Lakin generalın oğlu onlara tabe olmayıb, polisləri söyüb və onları vuraraq hadisə yerindən uzaqlaşıb. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir edib. Polislər hadisə yerinə Post-Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayev çətinliklə də olsa, polis bölməsinə aparılıb. Həmin işin nə ilə nəticələndiyi bilinmir.

Prezident demişdi ki…

Görünən odur ki, məmur övladları atalarına problem yaratmaqdan usanmırlar. Onlar prezidentin sərt tənqidlərindən də nəticə çıxara bilmədiklərini öz əməlləri ilə ortaya qoyurlar. Bir müddət əvvəl keçirilən müşavirələrdən birində prezident qudurğan məmur övladlarına səslənərək heç kimə güvənməmələrini istəmişdi. Demişdi ki, övladlarına nəzarət edə bilməyən məmurlar işdən çıxarılacaq, övladlarına da cinayət işi başlanacaq.

T.Əsədullayevin əməllərinə görə artıq cinayət işi başlanıb. Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Yasamal Rayon Məhkəməsinin müvafiq qərarı ilə adam bıçaqlamaqda təqsirli bilinən Tamerlan Əsədullayev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Onu məhkəmə zalından 1 saylı Bakı İstintaq Təcridxanasına aparıblar.

Bəs general oğlunun atdığı addımı şərtləndirən, onun 1 il ərzində 2 oxşar olay törətməsinin səbəbi nədir? Niyə qanunun aliliyinin keşiyində durmalı olan bir generalın oğlu bu cür addımlar atmaqdan çəkinmir? Bu, hüquq müdafiəçisi Novella Cəfəroğlunun dediyi kimi, tərbiyə problemidirmi?

Maraqlıdır ki, 2013-cü il aprelin 21-də Nobel prospektindəki “AZURE” biznes mərkəzindəki “Opera sky” restoranında prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general Bəylər Eyyubovun bacısı oğlanları Osman İsayev, Sultan İsayev və onların əmisi oğlu Rauf Həsənli dava salmışdılar. Bundan xəbər tutan general Əyyubov hər 3 şəxsin həbsi üçün DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət etmişdi. Bundan sonra generalın bacısı övladları və davada iştirak edən digər şəxslər tutularaq xuliqanlıqda ittiham olunmuşdular.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. İ.Əsgərli ötən il sentyabrın 29-da Zığ-aeroport yolunda yüksək sürətlə idarə etdiyi “Mercedes”i “Howo” markalı yük maşınına çırpıb. Nəticədə “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev dünyasını dəyişib.

Oxşar olay ötən ilin martında Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verdi. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov idarə etdiyi “Mercedes-Benz G-55\” avtomobillə mahir tar ifaçısı Ağasəlim Abdullayevin özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsinin ağır xəsarət alması, həyat yoldaşı və azyaşlı nəvəsinin isə ölməsi ilə nəticələnən qəza törətdi. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov işdən qovuldu, oğlu məhkum edildi.

“Ekstazi işi” 2010-cu ildə mətbuatın mərkəzi mövzusu idi. O dövrdə Bakı prokuroru olan Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı ilə Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun (Ali Məhkəmənin keçmiş sədri Südabə Həsənovanın qardaşı) oğlu Yalçın Həsənov və xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və digərlərini Milli Təhlükəsizlik Nazirliyi keçirdiyi əməliyyat zamanı saxlamışdı. Məlum olmuşdu ki, məmur övladları bahalı narkotik hesab olunan ekstazidən istifadə ediblər.

Məmur övladları ilə bağlı bu cür nümunələr həddən artıq çoxdur…(musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button