Gündəm

Yanan binanın sakinlərinə nə qədər konpensasiya ödənilməlidir?

Yanan binanın sakinlərinə nə qədər konpensasiya ödənilməlidir?
Müzəffər Baxış: “Əgər mənzillər sığortalanmış olsa idi, onlara 25 min manat sığorta haqqı ödənilə bilərdi”

Nüsrət İbrahimov: “Bu materiallar neft əsaslı olduğu üçün əriyən zaman qara tüstü əmələ gətirir, həmçinin metal konstruksiyaları da əridir”

Aprelin 10-da Bakının Xətai rayonunda son dövrlərin ən dəhşətli yanğın hadisələrindən biri baş verdi. İnsan tələfatı olmasa da, 60-dan çox ailə evsiz qaldı. Yanğının bütün binanı əhatə etməsinə səbəb isə fasadı bəzəmək üçün vurulan “penoplas” adlı materialdan hazırlanmış örtük oldu. Sıravi vətəndaşlardan tutmuş tanınmış ictimai xadimlərə kimi hər kəs hökumət qurumunlarının yol verdiyi səhlənkarlıqdan yazdı, bu tipli örtüklə üzlənmiş binaların yenidən təmir olunmasının vacibliyini vurğuladı. Ancaq görünən odur ki, bu SOS siqnalı hələ də aidiyyatı qurumlara gedib çatmayıb. Hadisədən cəmisi 5 gün ötməsinə baxmayaraq, bu tipli binaların aqibətinin necə olacağı ilə bağlı bir cümlə belə, bəyanat verilməyib.

Oxşar üzlüklə bəzədilmiş binalarda yaşayan bir çox ictimai xadimlər də hadisədən narahatlıqlarını ifadə ediblər. Müxalifət lideri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin yaşadığı binanın da alkopan tipli örtüklə üzləndiyini və yanma təhlükəsinin olduğunu deyən oğlu, minval.az saytının baş redaktoru İlkin Qəmbər bu məsələnin ekspertlər tərəfindən araşdırılmasının vacibliyini vurğuladı: “Bizim binanın örtüyü ilə yanan binanın örtüyü eyni materialdandır. Mənim bu sahədə mütəxəssis olan bir tanışım da bildirdi ki, həmin örtük yanmağa meyllidir. Örtük materialı ilə binanın divarı arasında boşluq qoyulduğundan və orada hava yığıldığından yanma prosesini bir az da sürətləndirir. Əgər bu üzlük binanın divarına bitişik olsa idi, yanma prosesi bu qədər sürətli olmazdı. Bizim ehtimalımıza görə, yaşadığımız binanın yanma təhlükəsi mövcuddur. Ancaq bu məsələ ekspertlər tərəfindən araşdırılmalıdır”.

Aldığımız məlumata görə, jurnalistlərin binası da yanmağa meylli olan alkopan tipli örtüklə üzlənib. Burada yaşayan ailələr də kiçik bir ehtiyatsızlıq səbəbindən Xətai rayonunda yanan binanın sakinlərinin aqibəti ilə üzləşə bilərlər.

Tikinti eksperti Nüsrət İbrahimov da bildirdi ki, neft əsaslı materialdan hazırlanmış fasad örtükləri həm sağlamlıq, həm də yanğın təhlükəsizliyi üçün arzuolunmazdır: “Ümumiyyətlə, həmin üzlüklər son zamanlar təkcə Azərbaycanda yox, dünyanın bir çox yerlərində istifadə olunur. Onlar polimer materiallardan hazırlanır və tərkibində polisterol maddə var. Polisterol maddənin miqdarı isə adətən 2 faizə qədər olur. 2 faizdən yuxarı olduqda isə insan bədəni üçün ziyanlı olmağa başlayır. Bir tərəfdən bu materiallar yanğın baxımından təhülkəlidir, digər tərəfdən özləri yanmasa da, əriyən zaman çox yüksək – 1100-1200 dərəcə temperatur yaradırlar. Bu materiallar neft əsaslı olduğu üçün əriyən zaman qara tüstü əmələ gətirir, həmçinin metal konstruksiyaları da əridir. Digər tərəfdən isə bu material nəm və hava buraxmır. Ona görə də otağın içərisində havalanma yaranmasının qarşısnı alır. Bu baxımdan həmin materialın tikintidə istifadə edilməsi arzuolunmazdır. Dünya təcrübəsində də bu materiallardan istifadə var. Bu materialın istifadəsinə Almaniyada başlanılıb və sonradan çox ölkələrə yayılıb. Neft əsaslı olduğundan həm tez hazırlanır, həm də ucuz başa gəlir. Onun tərkibindəki polisterol maddə həm şüalanma, həm də zəhərlənmə baxımından təhlükəli olsa da, Avropa ölkələrində bu materialları elə hazırlayırlar ki, tərkibindəki polisterol maddə iki faizdən az olsun. Bu yanğın təhlükəsinin qarşısnı almasa da zəhərlənmənin, şüalanmanın qarşısını alır”.

Ekspert qeyd etdi ki, yanan binanın bir neçə saniyə içərisində alovlara bürünməsinin səbəbi üzlük materialın polimer maddələrdən hazırlanmasıdır: “Bu maddələr əriməyə çox həssasdır. 100 dərəcə temperatur bəs edir ki, bu material ərisin. Bu zaman yanındakı materialları da əriyir. Bu materialdan bir otağın içində istilik qoruyucu kimi istifadə etmək olar. Ancaq bütöv binanı üzləmək düzgün deyil, bu, təhlükə mənbəyidir. Əgər istifadə olunacaqsa, onun yanğına qarşı dözümlülüyünü artırmaq üçün tədbir görmək lazımdır”.

Bu cür qəzalarla üzləşən vətəndaşların hüquqlarına gəlincə, hüquqşunas Müzəffər Baxış bildirdi ki, ən ideal vəziyyət mənzillərin sığortalı olmasıdır: “İcbari Sığorta Haqqında” AR qanununa görə, Bakı şəhərində sığortalanmış mənzil üçün 25 min manat sığorta haqqı ödənilə bilər. Ancaq inanmıram ki, həmin mənzillər sığortalanmış olsun. Çünki ora əvvəllər yataqxana olub. İcbari sığortaları yoxdursa, heç bir şirkət onlara kompensasiya ödənilməsini həyata keçirməyəcək. Amma hadisənin baş verməsinə gəlincə, KİV-də verilmiş xəbərlərə görə, hadisə binanın fasadına vurulan “penoplas” örtüklə bağlı olub və hadisə burada çalışan fəhlələrin ehtiyatsızlığından baş verib. Əgər bu sübuta yetirilsə, həmin fəhlələri işlədən fiziki və hüquqi şəxslərin məsuliyyətindən söhbət gedə bilər. Konkret fəhlənin ehtiyatsızlığı ucbatından baş veribsə, həmin fəhlənin cinayət məsuliyyətinə cəlb edilməsi, Cinayət Məcəlləsinin 187.2-ci maddəsi ilə, ehtiyatsızlıq nəticəsində yanğın törətməsi və nəticədə insanlara külli miqdarda ziyan vurma maddəsi ilə cinayət işi başladıla və həmin şəxsdən dəymiş ziyan tələb edilə bilər. Ancaq inanmıram ki, bir fəhlə dəymiş ziyanı ödəyə bilsin. Əgər bu mümkün olmasa, bu hadisənin baş verməsində Bakı Şəhər İcra Hakimiyyətinin də məsuliyyəti olduğundan, bu qurum tərəfindən mənzil sahiblərinə konkret pul vəsaitlərinin ödənilməsi təmin edilməlidir. Hər bir halda bütün bunların həyata keçirilməsi müvafiq araşdırmalardan sonra baş verəcək”.

Hüquqşünasın fikrincə, bu çox ciddi bir hadisədir və cinayət işi başlanıb, hadisənin təfərrüatları araşdırmalıdır: \”Yanğının kimlərin təqsiri ucbatından baş verməsi müəyyən edilməlidir. Ümumiyyətlə, bu barədə elmi araşdırma aparılmalıdır ki, çoxmənzilli yaşayış binasına “penoplas” vurmaq olarmı? Bunun yanğın təhlükəsi nədən ibarətdir? Yanğın təhlükəsizliyi ilə bağlı icazə alınıbmı? Bakı şəhərini gözəlləşdirmək üçün insanları bu qədər təhlükəyə atmağa dəyərmi? Hakimiyyət orqanlarının da burada çox böyük məsuliyyəti var. Ancaq mən inanmıram ki, Azərbaycanda bunu normal araşdırsınlar. Ancaq məsələnin ictimailəşməsini nəzərə alaraq, düşünürəm ki, həmin yanan mənzillər təmir olunub, sakinlərə veriləcək”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button