Gündəm

Abutalıbovun “üstü bəzək” biznesinə qadağa

Abutalıbovun “üstü bəzək” biznesinə qadağa
Nobel prospektindəki yanğın hakimiyyətin üst düzeyində ciddi narahatlıq doğurub; xüsusilə “Bakı-2015”in Təşkilat Komitəsindən Bakı merinə sərt xəbərdarlıq edilib; büdcədən ayrılmış pullar “aqlay” adı ilə necə mənimsənilir…
Ötən həftə Nobel prospektindəki 9 mərtəbəli binada baş verən yanğın xoşbəxtlikdən insan itkisiz ötüşsə də, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən binalara vurulan penoplast üzlüklərin nə qədər təhlükəli olması mövzusunu bir daha gündəmə gətirdi. Bakının köhnə binalarına vurulan bəzəkli üzlüklər ilk baxışdan şəhərə yarışıq verir, hətta işıqlandırma sistemləri ilə göz oxşayır. Amma bu gözoxşayan yaraşığın bir saatın içində yüzlərlə insanın həyatını necə qaralda biləcəyini düşünəndə adam dəhşətə gəlir.

Ekspertlər təxminən iki il əvvəl başlayan, son aylar isə vüsət alan binaların penoplast materialı ilə üzlənməsinin çox təhlükəli olduğunu bəyan etsələr də, bu xəbərdarlıq Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun eyninə də olmadı. Müvafiq nazirliklər, xüsusilə də Fövqəladə Hallar Nazirliyinin bu məsələdə qəti mövqe ortaya qoymaması nəticəsində insanların illərlə zəhmətlə qurub-yaratdıqları mənzillər bir saat içərisində məhv oldu.

Məlumdur ki, penoplast Azərbaycana İtaliya və Türkiyə istehsalı adı altında gətirilsə də, məhz Çin əmtəəsi hesab olunur. Amma bundan betəri də var: penoplastın vətəni Çin sayılsa da, xəbərlərə görə, orada tikinti sahəsində penoplastdan istifadə olunmur. Yəqin məhz bu səbəbdən ki, bu kauçuk üzlüklər tezalışan materiallardan hazırlanır və buna görə də insanların həyatı üçün böyük təhlükədir. Əhalinin dediyinə görə, bu üzlüklər çəkildikdən sonra mənzillərin havalanmasında, günəş işığı ilə işıqlandırılmasında da ciddi problemlər yaranır. Söndürülməmiş siqaretdən belə alışa bilən materialın ucdantutma yaşayış binalarının fasadlarına vurulmasından isə təkcə mer deyil, həmin “tenderlərdə qalib gələn” şirkətlər, eləcə də icra başçıları qazanırlar.

Maraqlıdır ki, sarı rənglı penoplastlar bəzi hallarda aqlay daşlarına oxşadılır, onun üstünə rəng çəkilir. Məsələn, Binəqədi rayonunda, Ziya Bünyadov prospektinə doğru binaların üzərinə təzəlikcə bu cür kauçuk üzlük və sonra rəng vurulub. Bu cür texnologiya isə haqlı suallar doğurur: əcəba, hökumətdə bunun üçün ayrılmış pulların xərclənməsi sənədlərində binaların üzlüklərinin penoplast, yoxsa aqlay olduğu yazılır? Və bu maxinasiyadan dövlət büdcəsinin itirdiyi milyonlar kimin cibinə axır? Təkcə Bakı merininmi?

Belə məlumatlar var ki, əslində paytaxtdakı binaların üzlüklərinin aqlay daşları ilə yenilənməsi nəzərdə tutulur. Şəhərin mərkəzi və mərkəzə yaxın binalarda istisnasız olaraq aqlaydan istifadə olunur. Amma mərkəzdən kənar yerlərdə üzlüklər əvvəl penoplastlanır, sonra isə “aqlaya” çevrilir. Qeyd edək ki, uzaqdan baxdıqda bu materialları ayırmaq mümkün olmur. Yalnız yaxınlaşıb ona toxunduqda bilinir ki, daş üzlüklər əslində taqqıldayır…

* * *
Xəbərlərə görə, Nobel prospektindəki yanğın hakimiyyətin üst düzeyində ciddi narahatlıq doğurub. Xüsusilə “Bakı-2015\”in Təşkilat Komitəsindən Hacıbala Abutalıbova sərt xəbərdarlıq edilib. Merin özünü sığortalama üçün günahı bina sakinlərinin üzərinə qoymaq istədiyi, amma onun dediklərinin qəbul edilmədiyi söylənilir. Yarışların Təşkilat Komitəsinin narahatlığı başa düşüləndir. Çünki Bakı yaxınlaşan Avropa Oyunları səbəbindən dünyanın diqqətindədir, tez-tez müxtəlif ölkələrin telekanalları geniş materiallar hazırlamaq üçün Azərbaycan paytaxtına gəlirlər.

Üstəlik, bu cür mötəbər yarışlar ərəfəsi belə miqyaslı yanğınlar istər-istəməz lazımsız həyəcan, ajiotaj yaradır. Xəbərlərə görə, Abutalıbovun ”üstü bəzək\” biznesinə əl qoyulub, onunla Avropa Oyunlarından sonra ciddi danışılacağı deyilib. Xatırladaq ki, “Bakı-2015\”dən sonra hakim komandada ciddi dəyişikliklər gözlənilir ki, vəzifədən çıxarılacaq məmurlar sırasında Abutalıbovun adı lap öndədir. Bu fürsətdən Abutalıbovun rəqiblərinin də istifadə etdiyi barədə məlumatlar var. Belə ki, ucuz başa gəlsə də, penoplastların insanların həyatı üçün çox təhlükəli olması barədə hökumətə xüsusi rəy hazırlanıb. Müvafiq qurumlar da buna rəy verərək ilk növbədə özlərini gələcək bu kimi hadisələrdən sığortalamaq istəyiblər.(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button