Gündəm

Toy və yaslardakı israfçılığa niyə son qoyulmadı?

Toy və yaslardakı israfçılığa niyə son qoyulmadı?
Fazil Mustafa: “Məsələyə rəsmi şəkildə münasibət bildirilməlidir”; Psixoloq: “Rayonlarda insanlar yası ətlə yola verə bilmirsə, onu qınaq obyektinə çevirirlər”

Yas və toy mərasimləri zamanı həddindən artıq ifrata və israfçılığa yol verilməsi yenidən müzakirə mövzusuna çevrilib. Yas mərasimlərində hüzr sahibi tərəfindən verilən ehsan süfrəsinin rəngarəngliyi və çeşid müxtəlifliyi demək olar ki, toy süfrələrini xatırladır. Bir müddət əvvəl toy və yaslardakı israfçılığın qarşısını almaq məqsədi ilə bir kampaniyaya start verildi. Düzdür, bu kampaniya çoxlarının ürəyindən xəbər versə də, narazı olanlar, gizli-gizli ehsan süfrələri açanlar da oldu. Bu kampaniya sayəsində müəyyən qədər müsbət dəyişikliklər olsa da, bu çox çəkmədi.

Qeyd edək ki, xarici ölkələrdə, eləcə də qonşu Türkiyədə toy və yas mərasimləri çox sadə keçirilir. Toy mərasimlərində süfrədə şirniyyatdan başqa qidalar yer almır. Eləcə də yas süfrəsində yalnız ehsan halvası hazırlanır.

Maraqlıdır, Azərbaycanda da nə vaxtsa bu cür sadə toy və yas mərasimləri keçirilə bilərmi? Ümumiyyətlə, israfçılığın qarşısını almaq üçün nə etmək lazımdır?

Deputat Fazil Mustafa bildirdi ki, məsələyə rəsmi şəkildə münasibət bildirilməlidir: “Bu məsələlərin həlli daha fərqli formada olmalı idi. Amma şadlıq evləri himayə altında olduğuna görə hər hansı bir dəyişiklik etmək mümkün olmadı. Çünki şadlıq evləri məmurların qazanc sektoru olduğuna görə bu sahədə düzəliş etmək çətindir. Digər tərəfdən, insanlar toyunu etməlidir, ancaq alternativ yoxdur. Şadlıq evlərində deyirlər ki, bizdə bu yeməklərdi. İnsan səhhəti üçün zərərli olan hər şeyi toy süfrələrinə yığırlar. Bu çox acınacaqlıdır. Ancaq reallıq budur ki, alternativ verilməsə, sadə insanların toyunu qeyd etməsi üçün şərait yaradılmasa, insanlar hazırkı şərtlərlə razılaşmalı olacaq. Bundan başqa, məsələyə rəsmi şəkildə münasibət bildirilməlidir. Rəsmi şəkildə bu soyğunçuluğun və vəhşiliyin qarşısı alınmalıdır. Əks halda, çox böyük problemlər olacaq”.

Yaslardakı israfçılığa gəlincə, deputat bunun insanların səviyyəsi ilə əlaqəli bir məsələ olduğunu dedi: “Azərbaycanda insanlara başa sala bilmirsən ki, özünü zəhmətə salıb, borc-xərcə girib bu qədər vəsait sərf etməyə dəyməz. Hamı başqasının gözünə özünü soxmaq naminə yaşadığı üçün çox çətindir. Yəni insana izah etməlisən ki, filan məsələ olar və ya vacib deyil. İnsanlar bunu başa düşmək istəmir. Ona görə də israfçılığın qarşısını almaq çox çətin bir məsələdir”.

Psixoloq Dəyanət Rzayev bildirdi ki, ilk öncə insanların düşüncə tərzini dəyişməliyik: “Tutaq ki, kiminsə valideyni dünyasını dəyişib. Həmin övlad sağlığında həmin valideynə yaxşı baxa bilmədiyi üçün onda belə bir düşüncə yaranır ki, yası yaxşı yola verim, günahım qismən azalsın. Düşünürəm ki, insanlara yaslarını keçirməsinə müdaxilə etmək, stolun üstünə nəyi qoy, nəyi qoyma demək düzgün deyil. Xüsusən də rayonlarda insanlar yası ətlə yola verə bilmirsə, onu qınaq obyektinə çevirirlər. Hətta elə insanlar var ki, qınaq obyektinə çevrilməmək üçün aparıb axırıncı pulunu da yasa qoyur. Bizdə ölülərə daha çox üstünlük verirlər, nəinki dirilərə. Biz ölüyə bir baş daşı qoyuruq ki, onun qiyməti 2 min, bəzənsə 10 min manat olur. Halbuki həmin pulu sağlığında o adama xərcləsəydilər, bəlkə də ölməzdi. Demək ki, ilk öncə insanların düşüncə tərzini dəyişmək lazımdır. İnsanlar təmtəraqlı ehsan verməməyi özlərində kompleks etməməlidir. Biz yaşadığımız kimi geyinmirik. Baxırıq ki, kiminsə evi yoxdur, amma gedib bahalı maşın alır. Bu bizim mentalitetin böyük bir kompleksidir. Biz özümüzü ağılla yox, geyimlə, maşınla, qızılla, bahalı, təmtəraqlı toylarla, yası yola verməklə təsdiq etmək istəyirik. Bu bizim daxilimizdən gəlir. Biz bütün bunları hansısa qanunla ya əmrlə dəyişə bilmərik”.

Toyların əslində əylənmək üçün olduğunu deyən psixoloq Azərbaycan toylarında bunun mümkünsüz olduğunu bildirdi: “İnsanlar toya yemək yeri kimi baxmamalıdır. Evdə yaxşıca yeyib gəlməli, toyda yalnız şirniyyat yeyib, şampan içərək əylənməlidir. Bu da insanların öz təşəbbüsündən asılıdır. Kimsə şampan və şirniyyatla toy etmək istədiyini desə belə kənardan sizə bunu etməyə imkan verməyəcəklər ki, camaat nə deyər. Biz özümüz üçün yox, camaat nə deyər üçün yaşayırıq”.

Qeyd edək ki, İslam dinində də israfçılıq günah hesab edilir. Quranda yemək-içmək barəsində ayə var ki, yeyin-için, israf etməyin, deyilir. Yasda ehsan yemək israf deyil, amma bir neçə yeməyin verilməsi israfdır. Süfrəyə artıq bir- iki yemək qoyulması israf sayılmır. Amma eyni vaxtda, ondan artıq növ yeməyin verilməsi həddən çox israfa yol vermək deməkdir. Bəzən elə yas məclisləri olur ki, ehsan olaraq süfrəyə 2-3 növ yemək, növbənöv təamlar, çərəzlər, şirniyyat və meyvə qoyulur. Bu da israfçılıq hesab edilir və günah sayılır. Yəni ehsan vermək deyil, süfrədə israfçılıq etmək günahdır.
(musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button