Gündəm

“Laçın” və “Xalqlar dostluğu”nu qara günə kim qoyub?

“Laçın” və “Xalqlar dostluğu”nu qara günə kim qoyub?
İki ticarət mərkəzi 72 saatdır işıqsızdır; rəhbərlik 3 milyon borcun yığıldığını iddia edir, ancaq…
Bakının tanınmış ticarət mərkəzlərindən olan “Laçın” və “Xalqlar dostluğu” ticarət mərkəzlərində 3 gündür işıqlar yanmır. Bu barədə Lent.az-a “Xalqlar dostluğu” ticarət mərkəzinin satıcıları məlumat veriblər.

Bildirildiyinə görə, yaxınlıqda yerləşən “Lotos” və “Diqlas” ticarət mərkəzlərinin də işıqları kəsilsə də, sonradan yandırılıb. Satıcılar işıqlar yanmadığından bir neçə gündür işləyə bilmədiklərini deyiblər.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə açıqlamasında bildirib ki, sözügedən ticarət mərkəzlərinin işıqlarının kəsilməsi “Azərişıq”la əlaqəli deyil: “Biz nə borca, nə də yenidənqurma işlərinə görə heç bir ticarət mərkəzinin işığını kəsməmişik. Ola bilər həmin ticarət mərkəzlərinin işıqları daxili problemlərlə əlaqəli kəsilib”.

Adı çəkilən ticarət mərkəzlərindəki özəl qaynaqlarımızdan bu müəmmalı hadisə ilə bağlı ilginc məlumat almışıq. Deyilənlərə görə, buradakı obyektlərin sahibi iki qardaş olan sahibkarlardır. Onlar şikayətə gedən icarədarlara bildiriblər ki, 3 milyon manat elektrik enerjisindən istifadə haqqı yığılıb qaldığı üçün işığı kəsiblər. Ancaq icarədarlar bu iddia ilə razılaşmır. Onların sözlərinə görə, hətta elektrik enerjisinin kəsildiyi bu günlərdə hər gün üçün 40 manat icarə haqqı ödəyirlər və bura elektrik enerjisi haqqı da daxildir. Lakin 72 saatdır qaranlıqda qalmalarına baxmayaraq, rəhbərlik heç bir güzəştə getmir.

Hətta iddialara görə, müştərilərin elektrikin kəsilməsi, fəaliyyət göstərə bilmədikləri ilə əlaqədar şikayətə gedənlərə “hara gedirsinizsə, gedə bilərsiniz, sizi burda məcburi saxlayan yoxdur” deyib qapını göstərirlər.

Müdiriyyət bildirib ki, guya işığın kəsilməsi ərazidə təmir işlərinin aparılması ilə bağlıdır. Lakin icarədarlar bunun bəhanə olduğunu deyirlər. Satıcıların sözlərinə görə, xüsusilə alverin normal getdiyi yerlər – geyim mallarının icarəyə verildiyi obyektlər idi. Ancaq son günlər onlar şam və lampa işığında müştəriləri qəbul etməli olurlar ki, bu da alıcılıq qabiliyyətinə kəskin təsir edib, zərərə işləyirlər. Belə davam edərsə, iş adamlarının aksiya keçirəcəyi də iddia olunur.

Bazar günü olduğundan rəsmi qurumlarla məsələnin mahiyyətini aydınlaşdıra bilmədik.
Mövzuya qayıdacağıq.(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button