Gündəm

Mehriban Vəzirdən Rasim Balayevə sərt cavab

Mehriban Vəzirdən Rasim Balayevə sərt cavab
Xalq artistinin Elçibəy hakimiyyəti barədə dedikləri etirazla qarşılandı
Xalq artisti Rasim Balayevin aprelin 18-də “Teleqraf” qəzetində geniş müsahibəsi dərc olunub. Onun Elçibəy hakimiyyəti dövrü, siyasi partiyalar və demokratiya barədə səsləndirdiyi bəzi fikirlər cəmiyyət tərəfindən etirazla qarşılanıb.

Xalq artistinin əsas narazılıq doğuran fikirləri bunlardır: “Azərbaycan Xalq Cəbhəsi dövründə günlərlə meydanda qalırdım. Hadisələr elə gətirdi ki, bunlar hakimiyyətə gəldilər. Elə səhvlər buraxdılar ki, demokratiyaya nifrət elədim.

Düşündüm ki, demokratiya belə özbaşınalıqdırsa, bunu heç istəmirəm. Heç bir partiyaya üzv olmadım, sadəcə, o proseslər zamanı hərəkata qoşuldum. Bizdə belədir ki, bir partiyaya üzv olursansa, o biri partiya sənə düşmən kimi baxır”.

Yazıçı-publisist Mehriban Vəzir bu cür fikirlərin kiminsə xoşuna gəlmək istəyindən doğduğunu söylədi: “1988-ci ildən sonra ölkədə baş verənləri və AXC hakimiyyətini anlamaq üçün, həmin situasiyanı xaos deyil, durğunluqdan çıxıb canlanma kimi, eləcə də, insanların mənliyi, ləyaqətinin özünə qaytarılması dövrü kimi başa düşmək üçün, müəyyən səviyyə sahibi olmaq lazımdır. Biri şair, biri rəssam, digəri yazıçıdır. Ola bilsin ki, bunlar sənət adamları olsunlar. Amma həmin dövrü anlamaq onlara nəsib olmur. Ona görə də Rasim Balayevi qınaya bilmərəm. O bilə bilməz ki, ölkədə nə baş verir. Bəlkə də kiminsə xoşuna gəlmək üçün Elçibəy hakimiyyətini pisləyib. Belədirsə, şəxsi işidir. Amma hər halda yenə deyirəm ki, həmin dövrü anlamaq üçün müəyyən siyasi, ictimai, mədəni səviyyə olmalıdır”.

Mehriban Vəzir xalq artistinin partiyalara üzv olmaqla bağlı fikirlərinə də münasibət bildirdi: “Gedən bəzi proseslərdən o nəticəni çıxarmaq olar. Partiyalar bir-biriləri ilə düşmənçilik yox, rəqabət aparırlar. Bəzən funksionerlərin ”söz deyişməsi\” həddi aşa bilər. Bu, düşmənçilik deyil. Buna müasir dünyanın tələbləri kimi baxmaq lazımdır. Dünyanın hər yerində rəqabətdə olan partiyalar “söz savaşı”nda olurlar. Sovet dövründən çıxmış, həmin dövrün təfəkkürünü bu günə qədər gətirib çıxaran adamlar üçün mövcud situasiyanı anlamaq çətindir\”.

R.Balayevin “demokratiya özbaşınalıqdır” fikirlərinə yazıçı-publisistin cavabı daha maraqlı oldu: “Rasim Balayev bir müddət öncə çox ağıllı söz demişdi: ”Məndən Babək, Nəsimilik gözləməyin, o gücdə deyiləm. Sadəcə, həmin rolları oynamışam\”. Bu qızıl hərflərlə yazılası sözdür. Onun öz gücü haqqında dedikləri həqiqət idi. Bunu hər adam da deyə bilmir. Sovet dövründən çıxan insanların əksəriyyəti Xalq Cəbhəsi dövrünü xaos adlandırırlar. Bilirsiniz niyə? Çünki uzun illər onlara insan kimi davranmağa imkan verməmişdilər. İnsan kimi özlərini ifadə edə bilməmişdilər. Əgər bir müdir gəlirdisə, ondan aşağı olan şəxs ölü kimi dayanmalı idi, səsini çıxara bilməzdi, rəhbərə heç nə demək olmazdı. İnsanlar heç nəyə etiraz etməmək, qorxu altında yaşamaq dövrünün ictimai şüurunu yaşayıblar. Ona görə də köhnə adamlar həmin dövrü xaos adlandırırlar. Buna etiraz edirəm. Qətiyyən həmin dövr xaos deyildi. Həmin dövr yeni, canlanma dövrü idi. Sovet dövrünün təfəkkürlü insanları düşdükləri situasiyanı anlamaq gücündə deyildilər. Ona görə onların dediklərinin başına ip sallamaq lazım deyil. Çünki anlamağa gücü çatmır. Xaosla demokratiyanı anlaya bilmir. Gücü çatmırsa, biz ondan heç nə gözləyə bilmərik\”.(musavat.com)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button