Gündəm

Ekspert: “Ukraynadakı siyasi qətllərdə Rusiya kəşfiyyatının əli var”

Ekspert: “Ukraynadakı siyasi qətllərdə Rusiya kəşfiyyatının əli var”
Elxan Şahinoğlu: “Belə qətllərin üstü adətən açılmır…”
Aprelin 16-da saat 13.20-də Ukraynanın paytaxtı Kiyevdə Dyoqtyarevskaya küçəsində jurnalist Oles Buzina güllələnərək öldürülüb. İlkin versiyalara görə, qatillər iki nəfər olub və jurnalisti öz evinin qarşısında güllələyərək qaçıblar.

Qeyd edək ki, bu, aprel ayı ərzində öldürülün sayca 3-cü ictimai fəaldır. Bundan əvvəl aprelin 13-də Kiyevdə məşhur jurnalist, “ProUA” və “Obkom” internet nəşrlərinin həmtəsisçisi Sergey Suxobok, ondan iki gün sonra isə Regionlar Partiyasından olan keçmiş millət vəkili Oleq Kalaşnikov qətlə yetirilib.

Oleq Buzina rusiyameyilli jurnalist hesab olunur, o, bir neçə dəfə Kiyevdə ABŞ əleyhinə aksiyaların təşkilatçısı olub. Rusiya prezidenti Vladimir Putin “Birbaşa efir” vaxtı Oles Buzinanın qətlə yetirilməsini şərh edib. Onun sözlərinə görə bu, Ukraynada növbəti siyasi qətldir. “Avropada və Şimali Amerikada Ukraynada törədilən silsilə siyasi qətlləri və onların çox pis təhqiqatını görməməyi daha üstün tuturlar”, – deyə Vladimir Putin bildirib.
Bu arada Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Ukraynada “Segodnya” internet qəzetinin keçmiş redaktoru Oles Buzinanın qətlinin motivlərini araşdırmağa və qatilləri tapmağa çağırıb. Ukrayna hakimiyyət orqanları bildiriblər ki, Buzina həm də 2014-cü ildə Yanukoviç hökumətinin muzdluları ilə “Maydan” tərəfdarları arasındakı toqquşmaları araşdıran təhqiqatın şahidi olub.

Ukraynadakı siyasi prosesləri araşdıran siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, bu ölkədə Maydan hadisələrindən sonra siyasi qətllərin baş verəcəyi gözlənilən idi. Ekspertə görə, Ukraynada davam edən siyasi istiqrazsızlıq və işğal xarici qüvvələrin də iştirakı ilə bu cür kriminal olaylara səbəb olur: “Ukraynada terror hallarının artacağını ötən ilin əvvəlində proqnozlaşdırmışdım. Çünki ikinci ”Maydan\”dan sonra ölkədə hakimiyyət boşluğu yarandı, anarxiya artdı.

Bundan istifadə edən Rusiya da əvvəl Krımı işğal etdi, ardından da Şərqdə separatçılara dəstək verdi. Ancaq hadisələrinin bununla yekunlaşmayacağını hiss edirdim. “Maydan”dan sonra Ukraynada sağ radikallar fəallaşdılar, içərilərində biri var idi, avtomatla icra hakimiyyətlərinin iclaslarına gəlir, hamını qorxudurdu. Daha sonra onu müəmmalı şəkildə qətlə yetirdilər və bu qətldə daxili işlər naziri Arsen Avakovun marağının olduğu vurğulandı. Həmin qətlin üstü açılmadı. Bu, başlanğıc idi. Daha sonra müəmmalı qətllərin sayı artdı. Rusiya kəşfiyyatının da bu işlərdə əli var. Məsələn son zamanlar Odessa və Xarkovda ruspərəst gizli dərnəklərin sayı artıb. Həmin dərnəklərin fəalları axşamlar müxtəlif hücumlar təşkil edirlər\”.

Kiyevdə baş verən son qətl hadisələrinə gəlincə, E.Şahinoğlu bu qətlin ölkədə qeyri-sabitliyin daha da dərinləşməsinə hesablanmış provokasiya da ola biləcəyini düşünür. Lakin eyni zamanda ekspertin fikrincə, bu qətllər açılmayacaq: “Kiyevdə baş verən qətllərə gəldikdə isə iki versiya var. Birinci versiya bundan ibarətdir ki, həmin şəxsləri Rusiya kəşfiyyatının adamları qətlə yetiriblər.

Məsələ burasındadır ki, öldürülən şəxslər Ukrayna hakimiyyətinə müxalif, Rusiya ilə sıx əlaqələrin tərəfdarı idilər. Rus kəşfiyyatı da Kiyevdə özününküləri qətlə yetirməklə bu cinayətləri Ukrayna millətçilərinin boynuna ata bilərdi. Məqsəd Ukraynadakı vəziyyəti bir az daha gərginləşdirməkdir.

Çünki atəşkəs Ukrayna hakimiyyətinə fasilə yaradıb və Kiyev diqqətini daxili məsələlərin həllinə istiqamətləndirib. Bu isə görünür Moskvanın xoşuna gəlmir. İkinci versiya isə ruspərəst jurnalistləri və keçmiş deputatı elə ukraynalı millətçilər qətlə yetiriblər. Məncə, bu iki versiyadan hansı birinin həqiqət olacağını bəlkə də heç zaman öyrənə bilməyəcəyik. Belə siyasi qətllərin üstü adətən açılmır”.(musavat.com)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button