Gündəm

Tofiq Yaqublunun əfvi üçün prezidentə müraciət olundu

Tofiq Yaqublunun əfvi üçün prezidentə müraciət olundu
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupa daxil olan hüquq müdafiəçiləri, deputatlar da siyasi məhbusun azadlığa buraxılmasını xahiş etdilər
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu siyasi məhbus Tofiq Yaqublunun əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib. Bu haqda modern.az-a açıqlamasında işçi qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənanyarlı deyib. O, bildirib ki, Müsavat Partiyası başqanının həbsdəki müavini Tofiq Yaqublu üçün ayrıca müraciət edilib və Nərgiz Yaqublunun dünyasını dəyişməsi də müraciətə əlavə olunacaq: “Çox güman ki, Tofiq bəy yaxın zamanlarda azadlığa buraxılıb ailəsinə qovuşacaq”.

S.Bənənyarlı onu da qeyd edib ki, İşçi Qrupu mütəmadi olaraq fəaliyyətini davam etdirir: “Bütün ərizələrə baxılır və müzakirəyə çıxarılır. Çalışırıq ki, bizə daxil olan müraciətlərin hamısına baxıb, lazımi sənədləri əfv komissiyasına göndərək. Biz gözləyirik ki, may ayının sonunda əfv fərmanı veriləcək. Əfv sərəncamın verilməsi birbaşa prezidentin səlahiyyətindədir”.

Səadət Bənanyarlı bu il əfvlə bağlı hazırladıqları siyahıda tanınmış məhkumlardan Tofiq Yaqublunun, İlqar Məmmədovun, Nemət Pənahlının, Əli İnsanovun, Akif Muradverdiyevin, “Nida”çı gənclərin və digər şəxslərin adlarının olduğunu vurğulayıb: “Monitorinq qrupu olaraq özümüzün də siyahımız var. Həmin siyahıda hüquqları pozulmuş qeyri-hökumət təşkilatlarının rəhbərlərinin, siyasi motivlərlə həbs olunmuş insanların və jurnalistlərin adları var. Ümid edirik ki, siyahıda olanların bir çoxu azadlığa buraxılacaq”.

Birgə Qrupun üzvü Əliməmməd Nuriyev də Azadlıq Radiosuna bildirib ki, ideyanın təşəbbüskarı qrupun üzvlərindən biri Sahib Məmmədovdur: “Əfv haqda əsasnaməyə görə, qeyri-hökumət təşkilatları da kiminsə əfvi üçün müraciət edə bilərlər. Biz də belə bir humanist davranış nümayiş etdirmək istədik”.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da T.Yaqublunun əfv olunması üçün iki dəfə ölkə prezidentinə müraciət edib. Eyni zamanda, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da eyni məzmunda İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə övladını itirən atanın əfvi istənilib: “Tofiq Yaqublu milli azadlıq hərəkatının öncüllərindən biri olub, eyni zamanda, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və təyin olunmuş cəzanın bir hissəsini çəkib”.

Deputat Fazil Mustafa isə sosial şəbəkədə yazdığı statusunda bildirib ki, dəfələrlə Milli Məclisdə Qarabağ qazisi olan Tofiq Yaqublunun azadlığa buraxılması tələbini səsləndirsə də, bir nəticə əldə olunmayıb: “Ölkəyə dönən kimi bu məsələnin həlli istiqamətində yeni təşəbbüslə çıxış edəcəyəm”.

Xatırladaq ki, Tofiq Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button