Gündəm

Deputatlardan “Qaçqınkom” sədrinin məmurları tənqidinə dəstək

Deputatlardan “Qaçqınkom” sədrinin məmurları tənqidinə dəstək
Fəzail Ağamalı: “Ölkə prezidenti tənqidi mövqeyini bildirirsə, bütün məmurların bundan nümunə götürməsi lazımdır”; Zahid Oruc: “Məmurlardan kimlərsə özlərini pis etməmək üçün bu hərəkatda yer almırlarsa, bu, əlbəttə, çox böyük narahatlıq doğurur”

Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bəzi məmurların ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini (ABŞ, Rusiya, Fransa) Qarabağ məsələsində fəaliyyətsizliklərinə görə tənqid etməməsinin səbəbini açıqlayıb. Əli Həsənov deyib ki, bəzi yüksək rütbəli məmurlar bu məsələdə səssiz qalmaqdadırlar, çünki həmin ölkələrdə biznesləri var: “Niyə dövlət başçısının ətrafında olan bəzi insanlar bu ölkələri tənqid etmirlər. Ona görə ki, həmin insanların o ölkələrdə biznesləri var”.

Əli Həsənovun özündə kifayət qədər ciddi məsələləri əks etdirən bu bəyanatına hakimiyyətyönlü deputatlardan Fəzail Ağamalı və Zahid Oruc münasibət bildirib. Fəzail Ağamalı dedi ki, ölkə prezidentinin Qarabağ məsələsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinə münasibəti dəfələrlə sərt şəkildə ifadə olunub: “Bir mətbuat işçisi kimi siz də şübhəsiz ki, bunun dəfələrlə şahidi olmusunuz. Ən müxtəlif vaxtlarda ölkə prezidenti İlham Əliyev Minsk Qrupunun həmsədrlərinin öz üzərlərinə götürdüyü missiyanı yerinə yetirməməsinə narazılığını bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, prezidentin köməkçisi Əli Həsənov, Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da dəfələrlə öz narazılıqlarını, tənqidi mövqelərini ifadə ediblər.

Odur ki, hər kəs bütün bunları öz fəaliyyətlərində, mövqelərində nəzərə almalıdırlar. Ölkə prezidenti tənqidi mövqeyini bildirirsə, bütün məmurların bundan nümunə götürməsi lazımdır. Millət vəkillərinin də bir çoxu dəfələrlə bu məsələnin üzərində dayanıb. Həm Milli Məclisdə, həm də müsahibələrimizdə Minsk Qrupu həmsədri olan ölkələrin Qarabağ məsələsində mövqeyini tənqid etmişik. Mən şadam ki, baş nazirin müavini Əli Həsənov da bu sıralardadır və bu məsələni qaldırıb. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistanı himayə etməsinin nəticəsidir ki, bu günə qədər Ermənistan öz işğalçı siyasətini davam etdirməkdədir\”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə bildirdi ki, Əli Həsənovun hökumətdə vəzifə tutan bəzi məmurlara çağırışı da yerinə düşür: “Hökumətdə illərdir yüksək vəzifə tutan Əli Həsənov mötəbər bir insandır. Əli Həsənovun Dağlıq Qarabağla bağlı proseslərin arxa planda qalan hissələrinə, informasiya bloklarına çıxışı olub. Bu mənada Əli Həsənovun söylədiyi hər hansı fikrin cəmiyyətdə reaksiya doğurması başa düşüləndir. Onun hökumətdə vəzifə tutan bəzi məmurlara çağırışı da yerinə düşür. Burada məsələnin ağırlıq mərkəzi həmin insanların mövqelərinin ictimailəşdirilməsi çağırışıdır. Hansısa məmur ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin Azərbaycandakı səfirlikləri ilə çox yaxşı münasibət qurur. Azərbaycan dövlətinin mənafeyi isə tələb edir ki, məmurlar fəal şəkildə ölkəmiz əleyhinə olan təzyiqlərə, aparılan kampaniyalara reaksiya versinlər. Ancaq həmin məmurlardan kimlərsə özlərini pis etməmək üçün bu hərəkatda yer almırlarsa, bu, əlbəttə, çox böyük narahatlıq doğurur”.

Deputat əmin olduğunu bildirdi ki, Əli Həsənov düşüncələrini, fikirlərini mediaya çıxarmazdan öncə mövcud kanallarla dövlət rəhbərliyinə də bu barədə məlumatları çatdırmaq imkanlarına malikdir: “Biz bu məsələdən çıxarış edərək hər kəsin Azərbaycanla bağlı məsələlərdə fəal mövqe tutması tələbini bir daha qabartmağa çalışmalıyıq”.

Xatırladaq ki, Əli Həsənov zaman-zaman bir sıra məmurlara qarşı bu cür sərt ifadələr, xəbərdarlıqlar işlədir. Bir neçə il öncə onun ölkədəki narkomanların arasında yüksək mənsəbli məmurların övladlarının da olduğunu bildirməsi və lazım olsa onların adlarının açıqlanacağı xəbərdarlığını etməsi böyük rezonansa, uzun müddət ictimai müzakirələrə səbəb olmuşdu. Əli Həsənovun Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri olması onun belə bir bəyanatla boşuna çıxış etmədiyi barədə cəmiyyətdə rəy yaratmışdı.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button