Gündəm

Günahkar Ərdoğandır…. Millət vəkilindən seçki şərhi

Günahkar Ərdoğandır.... Millət vəkilindən seçki şərhiBöyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ötən gün Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrin dəyərləndirib.

F. Mustafa açıqlamasında koalisyon hökumətin yaradılması variantları barədə danışıb. Onun sözlərinə görə, seçki dönəmində AKP və digər partiyaların qarşıdurması o qədər kəskin səviyyədə olub ki, koalisyon hökumət yaradılması istiqamətində qərar verilməsi çox çətindir: “Buna baxmayaraq Türkiyə belə durumlara alışıb. Vaxtilə CHP, DSP, ANAP arasında barışmaz ziddiyətlər olsa da, koalisiya yarada bildilər. İndi isə, AKP ilə MHP arasında koalisiya yaradılmasının ehtimalları daha real görünür. AKP müəyyən güzəştlərə gedərsə, bu mümkün ola bilər. Çünki MHP də dövlət çıxarlarını düşünən bir partiyadır. Bu mümkün olarsa, Türkiyədə təlatümlər yaşanılmasına imkan verilməz. Əks halda isə, erkən seçimlərə gedilməlidir. Çünki azlıq hökuməti qurmaq AKP-nin heç bir işinə yaramır”.

Millət vəkili əlavə edib ki, MHP və CHP-nin AKP barəsində əsas iddiaları yolsuzluqla bağlı idi: “Belə olan halda, korrupsiyaya qurşanmış bir partiya ilə koalisiyaya gedilməsi cəmiyyət içərisində müəyyən problemlər yarada bilər. Bundan əlavə, Türkiyədə seçkilər mənfəət üzərində qurulur. Hər hansı partiya özünü hökumətdə görmək istəyir. Buna imkanlarını yaxşılaşdırmaq üçün fürsət kimi baxır.

HDP ilə koalisiyaya getmək mümkün deyil. Bu AKP-nin tam süqutu olar. Çünki kürd partiyası seperatçılığın davamını istəyəcək”.

Azərbaycandakı türk vətəndaşlarının səslərini nəticələrində HDP-nin ikinci yerdə olmasına da münasibət bildirən F. Mustafa bunu kürd iş adamlarının burada imkanlarının daha geniş olması ilə əlaqələndirib: “Bu iş adamlarının da tabeliyində işləyən çoxsaylı insanlar var. Əslində mən gözləyərdim ki, Azərbaycanda HDP sıralamada birinci olacaq.

Çünki AKP-nin son illərdəki siyasətində dəyişiklik oldu. Cəmiyyət içi ideolagiyanı onun idarəolunmasında üstün mövqeyə gətirmək çox təhlükəli bir situasiya yaradır. AKP-nin müəyyən dərəcədə hədsiz aqressiv siyasəti, başqalarına olan barışmaz mövqeyi hakimiyyət partiyasının maraqlarına uyğun olmamalı idi. Seçkinin nəticəsinin belə olmasını birbaşa Tayyib Ərdoğanla əlaqələndirmək lazımdır. Düşüncəmə görə, Ərdoğanın ən yaxşı taktikası o olardı ki, Əhməd Davudoğluya müstəqil qərarlar qəbul etmək imkanı verərdi, özü bu proseslərə müdaxilə etməzdi. Bunun əksinə olaraq, Ərdoğan yenə də partiyanın başında olduğunu cəmiyyətə təqdim etdi. Davudoğlu bir ziyalı obrazıdır, ona münasibət Ərdoğandan da fərqlidir. Amma müstəqil olmayan siyasətçinin arxasınca cəmiyyətin çox da maraqla getmədiyinin şahidi olduq. İndiki halda AKP-dən qopmalara olmasa da, Davudoğlu zəif lider durumuna düşmüş oldu”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button