Gündəm

Hollandiya Avropa Oyunlarından nə üçün imtina etdi?

Hollandiya Avropa Oyunlarından nə üçün imtina etdi?Niderland hökumətinin gətirdiyi əsaslar inandırıcı görünmür ; digər ölkələrlə danışıqlar başlayıb

Natiq Muxtarlı: “Yarışın nüfuzunu artırmaq lazımdır”

Hollandiya 2019-cu ildə keçiriləcək II Avropa Oyunlarından imtina edib. Buna səbəb kimi, Niderland hökuməti bildirib ki, yarışmanı keçirmək üçün sərf olunacaq 57,5 milyon avroluq xərc həddindən artıq çoxdur.
Hökumət, həmçinin 2019-cu ildə üzgüçülük və yüngül atletika üzrə Avropa Çempionatını əsas gətirərək, eyni vaxta düşən Avropa Oyunlarında aparıcı idmançıların lazımınca təmsil olunacaqlarını şübhə altına qoyub.

Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki bu qərardan təəssüfləndiyini, amma yenə də oyunlara marağına görə Hollandiya hökumətinə təşəkkür etdiklərini bildirib.

Komitə digər 5 potensial ev sahibi ilə danışıqlar aparılacağını bildirir. Amma həmin ölkələrin adı açıqlanmır.

Azərbaycanda Hollandiyanın nüfuzlu yarışmadan imtina etməsi mətbuat və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Hətta Niderlandın maliyyə problemi ilə əsaslandırdığı addım gülüş doğurub. Ölkəmizin bu yarışmanı keçirməyə gücü çatdığı halda, Hollandiyanın imtinası suallar doğurub.

Komanda.az saytının redaktoru Natiq Muxtarlı hesab edir ki, Hollandiyanın yarışlardan imtina etməsinə səbəb, bütün Avropanı bürüyən iqtisadi krizisdir: “Niderlandın bu addımını Azərbaycanla əlaqələndirmirəm. Söhbət iqtisadi krizisdən gedir. Hollandiya fikirləşə bilər ki, bu yarışmanı keçirsə, hansı xeyirləri götürə bilər. Bu baxımdan belə addım atarlar. Azərbaycandakı yarışmanı gözdən salmaq kimi qəbul etmirəm. Demokratik Avropa ölkələrində belə yarışlar keçirilməzdən əvvəl gəlirlər hesablanır. Hesab edirlər ki, heç bir yarış ölkənin iqtisadi rifahına təsir etməməlidir. Bunun dəfələrlə şahidi olmuşuq. Braziliyada keçirilən futbol üzrə dünya çempionatını misal göstərmək olar. Çoxlu sayda etirazlar oldu. Rusiya və Çində keçirilən Qış Oyunlarını da misal çəkə bilərik. Qonşu ölkə ciddi ziyan gördü. Hazırda 2018-ci ilə ona görə ciddi hazırlaşır. İnkişaf etmiş Avropa ölkələri bütün bunları götür-qoy edirlər. Yunanıstan olimpiadanı keçirdi, hələ də iqtisadi krizisdən çıxa bilmir. Hollandiya bunları nəzərə alaraq, Avropa Oyunlarının gələcəyinə inanmadığına görə, yarışdan imtina edə bilər. Demokratik ölkələrdə xalqın rifahı öndə olur. Niderland buna görə imtina etdi. Hesab edirəm ki, 2019-cu ildə keçiriləcək Avropa Oyunlarını hansısa ölkə üzərinə götürəcək. İnfrastrukturu yerinə olan ölkələr bu yarışmadan qazanc əldə edə bilərlər”.

İdman jurnalisti Hollandiyanın yarışdan imtina etməsinə səbəb kimi, göstərdiyi məbləğin inandırıcı olmadığını söylədi: “57,5 milyon avro bizim üçün kiçik rəqəm görünür. Açığı rəqəmin özündən şübhəliyəm. Çünki Hollandiya üçün bu yarışmanı keçirmək 1-2 milyarda başa gələr. Amma nəzərə almaq lazımdır ki, demokratik Avropa ölkələri üçün bir manatın da hesabatı verilir. Ona görə də, bu rəqəm onlar üçün böyük görünür. Fikrimcə, Hollandiya bu yarışmadan xeyir götürməyəcəyini anlayıb, keçirməyi lüzum bilməyib”.

N.Muxtarlı digər dövlətlərin də imtina edəcəyinə inanmır: “Yəqin ki, hansısa ölkə yarışmanı keçirməyə namizədliyini irəli sürəcək. İlk növbədə, bu yarışın nüfuzunu artırmaq lazımdır. Ölkələr yarışa qatılarkən, nələri əldə edəcəklərini müəyyənləşdirməlidir. Lisenziyalar daha çox olmalı, oyun sayı artırılmalıdır. Digər ölkələr yarışa maraq göstərməlidir. Yəqin ki, komitə bununla bağlı iş aparacaq. Əks halda, ölkələr maraq göstərməyəcək yaxud 4-5-ci dərəcəli idmançılarını göndərəcək. Maraq olandan sonra, ölkələr özləri keçirmək üçün mübarizə aparacaqlar. Azərbaycan hələ yarışa başlamayıb. Əslində ölkəmiz yarışmanı keçirəcək təşkilatçı qismində çıxış edir. Yarışmanın səviyyəsinin qalxmasının bizə dəxli yoxdur. Bizim vəzifəmiz yarışmanı yüksək səviyyədə təşkil etməkdir. Öz üzərimizə düşən işi yerinə yetiririk. Belə məsələlərdə Azərbaycanı qınamaq düzgün deyil”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button