Gündəm

Sumqayıtda sərnişindaşımada kartdan istifadə nə vaxt bərpa ediləcək? – RƏSMİ AÇIQLAMA

“Bildiyiniz kimi, Sumqayıtda ötən ayın 22-dən ictimai nəqliyyatda kartla ödəniş sistemi müvəqqəti olaraq dayandırılıb. Validatorlarda və kart sistemində texniki problemlər yarandığından yenidən nağd ödəniş sisteminə keçilib. Qeyd olunan problemlər aradan qaldırılanadək bu proses davam edəcək”.

Savash.org xəbər verir ki, bu sözləri APA-a açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsinin rəis müavini Tofiq Saydumov deyib.

O, əhalidə olan kartların hesabında olan vəsaitin taleyinə də aydınlıq gətirib: “Sərnişinlərdə olan kartlara və balansında olan vəsaitə gəldikdə isə bununla bağlı narahat olmağa ehtiyac yoxdur. Həmin kartlar qüvvədədir. Kartın hesabında nə qədər məbləğ varsa, ictimai nəqliyyatda yenidən kartla ödəniş sistemi tətbiq olunduğunda həmin kartlardan problemsiz istifadə edə biləcəklər. Bu məsələ ilə bağlı bizə də müraciət olunub. Bir daha qeyd edirəm ki, sərnişinlərə satılan kartlar və onların balansında olan məbləğlə bağlı heç bir narahatlıq yoxdur”.

Sumqayıtda ictimai nəqliyyatda yenidən kart sisteminin nə vaxt tətbiq olunacağına gəldikdə isə T. Saydumov bununla bağlı dəqiq tarix deyə bilməyəcəyini qeyd edib: “Hazırda müasir kartlar və validatorlar nəzərdən keçirilir. Bu sahədə mövcud olan problemlər tam aradan qaldırılandan sonra Sumqayıtda ictimai nəqliyyatda yenidən nağdsız ödəniş sistemi tətbiq olunacaq”.

Xatırladaq ki, bu ilin sentyabrın 28-dən Sumqayıtda ictimai nəqliyyatda kartla ödəniş sisteminə keçilmişdi. Validatorlarda və kart sistemində yaranan problemlər səbəbindən isə noyabrın 22-dən nağdsız ödəniş sistemi müvəqqəti dayandırılıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button