Gündəm

ARDNŞ estakada qəzalarından sonra hərəkətə gəldi, amma…

ARDNŞ estakada qəzalarından sonra hərəkətə gəldi, amma...

Bir-birinin ardınca qəzaların baş verdiyi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində (NQÇİ) təhlükəsizlik şəraitinin təminatı ilə bağlı tədbirlər proqramı hazırlanıb.

Dövlət Neft Şirkətindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, mədən və özüllərdə, estakada və meydançalarda baş verən qəzaların aradan qaldırılması üçün əsas kapitala yönəldilən investisiyaların azaldılması, əsaslı təmir xərclərinin artırılması nəzərdə tutulub.

NQÇİ-nin istismar etdiyi bir sıra köhnə meydançaların təmiri ilə bağlı layihələr hazırlanacaq, ehtiyac duyulan hallarda vaqon evciklərin quraşdırılması, əvəzedici estakadaların tikintisi, özüllərarası neft-qaz xətlərinin çəkilməsi, qazpaylama sistemində, meydançalardakı enerji sistemlərində yenidənqurma işlərinin aparılması da planlaşdırılır.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə virtualaz.org saytına deyib ki, ARDNŞ-in arxivi baş verən qəzalardan sonra hazırlanan tədbirlər proqramı ilə doludur: “Nərimanov adına NQÇİ-də 3 qəza baş verdi, 10-a yaxın insan dünyasını dəyişdi, yaralılar oldu. Biz özüllərdə, estakada və meydançalarda təmir aparan podratçı şirkətlərin, ARDNŞ-in bu işə məsul əməkdaşlarının cəzalandırılmasının şahidi olmadıq. Tədbirlər proqramı qəzalardan sonra hazırlanır. Amma əvvəllər hər ilin ilk ayında estakadaların vəziyyəti yoxlanılırdı, mövcud vəziyyət qiymətləndirilirdi. Dövlət Neft Şirkətinin idarə və müəssisələrində infrastrukturlarda yenidənqurma işlərinin aparılılmalıdır”.

M.Qəhrəmanlı onu da qeyd etdi ki, neft sektorunda əməyin mühafizəsi və təhlükəsizliklə bağlı ciddi tədbirlərə ehtiyac var.

Qeyd edək ki, noyabrda “Nərimanov” adına NQÇİ-də iki qəza baş verib. 441-ci meydançada baş verən qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, xeyli yaralılar olub.

Noyabrın 6-da isə “Nərimanov” adına NQÇİ-nin 2-ci mədən ərazisindəki uçqun zamanı 2 nəfər ölüb.

Xatırladaq ki, bu ilin 10 ayı ərzində ölkənin neft sektorunda 24 ölüm hadisəsi qeydə alınıb.(virtualaz.org)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button