Gündəm

Xədicə İsmayıl məhkəmənin tələsik keçirilməsindən şikayətçidir

Xədicə İsmayıl məhkəmənin tələsik keçirilməsindən şikayətçidirDünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə “Azadlıq” radiosunun əməkdaşı Ülkər Quliyeva ifadə verib. 2005-ci ildən radionun Bakı bürosunun fəaliyyəti dayandırılana qədər orada çalışdığını deyən Ü.Quliyeva tərəflərin suallarını cavablandırıb. Radionun texniki nəzarətçisi Fərid Abdullayevin isə özünü tapıb məhkəməyə gətirmək mümkün olmadığı üçün, onun istintaqa ifadəsi elan olunub.

Daha sonra Xədicə İsmayılova və vəkilləri bir sıra vəsatətlər qaldırıblar. İlk vəsatət adı işdə zərərçəkən kimi keçən Tural Mustafayevin işdən çıxarılması məsələsinin ayrıca araşdırılması ilə bağlı olub. Tural Mustafayevin işdən çıxması ilə bağlı Azadlıq Radiosunun Bakı bürosunun o vaxt rəhbəri olmuş Babək Bəkirlə elektron yazışmasının və “Azadlıq” radiosu və “Meydan” TV-nin Tural Mustafayevin işdən çıxarılmasına dair bəyanatlarının sübutlar siyahısına daxil edilməsi məhkəmədən xahiş edilib. Xədicə İsmayıl deyib ki, həbsindən əvvəl prokurorluq heyətinin «Maqnitski siyahısı»na salınması üçün beynəlxalq təşkilatlara müraciət etdiyi üçün prokurorluq heyəti ona qarşı qərəzlidir. “Tural Mustafayevin işdən çıxarılmasını, intiharı məsələsini araşdırırsınızsa, bütün əlaqəli şəxsləri dindirməkdə maraqlı olmalısınız», -jurnalist deyib. Hakim vəsatəti təmin etməyib.

Vəkillərin əlavə şahid kimi dindirilməsini tələb etdiyi şəxslər sırasında istintaqda Azadlıq Radiosunun nümayəndəsi olan Adil İsmayılov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Milli Teleradio Şurasının təmsilçiləri, vəkil Şəhla Hümbətova da var. Prokuror Azadlıq Radiosunun işinin araşdırılmadığını deyərək, A.İsmayılovun dindirilməsinə ehtiyac olmadığını vurğulayıb. Məhkəmə vəsatəti təmin etməyib.

Xədicə İsmayıl “Heç olmasa, radionu mənə görə yoxlayıb bağladığınızı açıq bildirməyin. Məni tutmaq üçün radionu bağlamısınız. Çünki radioda yoxlama aparıb məni tutmalıydınız, siz isə əksini etmisiniz” – deyərək, etirazını bildirib. Vəkillər bildirib ki, bir neçə şəxsin qanunsuz əməyə cəlb edilməsi ittihamı ilə bağlı cəmi bir şahid – Esmira Cavadova dindirilib. Onlar digər şəxslərin də dindirilməsini istəsələr də, vəsatət baxılmamış saxlanılıb.

Hakim bildirib ki, məhkəmə prosesi 14 avqustda davam edəcək. Vəkillər də, Xədicə İsmayıl da məhkəmənin çox sürətlə keçirilməsinə etiraz edərək, “ekspress məhkəmə keçirirsiniz” deyiblər. Vəkillər məhkəmədən onlara vaxt verilməsini istəyiblər. Xədicə İsmayıl da hakimə etiraz edib: «Məni 15 il cəza gözlədiyini deyirsiniz. Mən 15 il də, 25 il də həbsdə olmağa razıyam. Heç olmasa, bunun cüzi hissəsini burda, məhkəmə zalında səy göstərərək, hüquqlarım uğrunda mübarizə apararaq keçirərəm. Hüquqlarımı təmin edin. Mən başa düşürəm, mənimlə bağlı sizə sifariş veriblər. Nə qədər həbs cəzası verəcəyinizi də bilirsiniz. Bəlkə də hər gün burda gəlib məni görməkdən vicdan əzabı çəkirsiniz. Ancaq imkan verin, mən də hüquqlarımı qoruyum».

Xədicə İsmayıl qohumları və vəkilləri ilə görüşməyi üçün, heç olmasa, bir gün vaxt ayrılmasını istəyib. Ancaq buna imkan verilməyib. Məhkəmə prosesi avqustun 14-ə təyin edilib.

X.İsmayılova jurnalist Tural Mustafayevin şikayəti əsasında saxlanılıb. Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbail Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham üzrə 5 dekabr 2014-cü ildə X.İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan X.İsmayılovaya qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. X.İsmayıl ittihamları qəbul etmir, siyasi sifarişlə həbs edildiyini bildirir. Amnesty İnternational təşkilatı X.İsmayılı “vicdan məhbusu” kimi tanıyıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button