Gündəm

Xədicə İsmayılova etiraz etdi və bir həftə vaxt istədi

Xədicə İsmayılova etiraz etdi və bir həftə vaxt istədiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılova məhkəmə tərkibinə yenidən etiraz etdi. Etiraz təmin olunmadı.

X.İsmayılova özünün imzası olan xidməti müqavilələrin ona təqdim olunmasını istədi. Bu vəsatət də təmin edilmədi.

Jurnalistlər Ramal Hüseynovla Elçin Zahiroğlunun şahid qismində dindirilməsini istədi. Vəkil C.Cavadlı isə psixiatr Araz Mansurovun məhkəmədə şahid qismində dindirilməsini istədi. O, “Azadlıq” radiosunda aparılan vergi yoxlamalarının Vergilər Nazirliyindən alınaraq cinayət işinin materiallarına əlavə edilməsini istədi.

X.İsmayılova isə müdafiənin hazırlanması ücün ona bir həftə vaxt verməsini istədi. Vəsatətlər təmin edilmədi.

Bundan sonra prosesdə saat 15:00-a kimi fasilə elan edildi.

Baş Prokurorluğun mətbuat xidmətinin X.İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq” radiosu və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda sink-oksid dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına örə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

X.İsmayılova jurnalist Tural Mustafayevin şikayəti əsasında saxlanılıb. T.Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbayel Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham üzrə 5 dekabr, 2014-cü ildə X.İsmayılova barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sonradan X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button