Gündəm

Dərsə gedən bir uşağın xərcləri…

Dərsə gedən bir uşağın xərcləri...Valideynlər bahalıqdan gileylənir, satıcılar isə hələ yeni qiymət artımının olacağını deyirlər

Yeni dərs ilinin başlamasına bir aydan da az vaxt qalıb. Vaxt yaxınlaşdıqca şagirdlərlə yanaşı, valideynlərin də həyəcanı artır. Valideynlərin həyəcanı uşaqlarına edəcəkləri məktəb bazarlığı və bu bazarlığın onlara neçəyə başa gələcəyi ilə bağlıdır. Çünki məktəblərin açılmasına hələ bir müddət qalmasına baxmayaraq qiymətlər od tutub yanır.

“Dərsə gedən bir uşağ”ın xərclərinin nə qədər tutacağını öyrənmək üçün məktəb ləvazimatları satılan bir neçə mağazaya baş çəkdik. Valideynlər qismən ucuz ala bilsinlər deyə indidən məktəb alış-verişinə çıxsalar da, vəziyyətdən narazı idilər. Uşaqlarına çanta alan Samirə İbrahimova qiymətlərin bahalığından gileyləndi: “Məcburam ki, uşağa çanta, dəftər-qələm alım. Amma qiymətlər çox bahadır. Qızım bu il 1-ci sinfə gedəcək. Onun xərcləri daha çoxdur. Ona yeni məktəbli forması, köynək, çanta, qələm, karandaş, çox şeylər almalıyam. Hesablamışam, təkcə bir uşağa 200 manata yaxın pulum çıxacaq. Hələ iş dəftərlərini demirəm. Oğlum isə 4-cü sinfə gedir. O uşağa pul olmadığı üçün yeni çanta ala bilməyəcəyəm. Uşaqlar da vəziyyəti başa düşür və köhnə çantalarını aparmağa razılaşırlar”.

Digər valideyn Mətanət Məsimova isə qiymətlərin hələ ki, çox da bahalaşmadığını deyirdi: “Məktəbin başlamasına 1 həftə qalmış biz bu qiymətlərə şükür edəcəyik. Əgər indi 1-2 manat bahalaşma varsa, məktəbə yaxın bu 4-5 manat olacaq. Biz, demək olar ki, məktəb bazarlığını etmişik. Hələ ki, 200 manat pulum çıxıb. Məktəb ləvazimatlarını 2 ay əvvəldən çıxarıb satsaydılar, biz də ucuz ikən alardıq. Amma bu, satıcılara da sərf etməz deyə məktəbin başlamasına az qalmış satırlar”.

Satıcılar isə qiymətlərin onlardan asılı olmayaraq qalxdığını deyirlər. Satıcı Rüstəm Əliyevin sözlərinə görə, onun satdığı çantalar keyfiyyətli olduğu üçün bahadır.

Qeyd edək ki, məktəb ləvazimatlarının qiyməti satış nöqtəsinin yerləşdiyi əraziyə görə də dəyişirdi. Misal üçün, məktəbli çantaları “Neftçilər” metrosu yaxınlığında 15-30 manat arasında satılırsa, “Metropark”da 50-180 manata idi. Burada 220 manata da çanta almaq mümkün idi. Ancaq bu çantaların alıcıları, demək olar ki, yox idi. Satıcı satdıqları çantaların keyfiyyətli və Türkiyə istehsalı olduğu üçün bahalı olduğunu bildirdi.

Digər məktəbli ləvazimatlarına gəlincə isə qiymətlər belə idi: 100 vərəqli dəftərlər 50 qəpik-1 manat, sadə karandaş 10-80 qəpik, xətkeş 20-60 qəpik, pozan 20 qəpik-1 manat arası, flomastr 3-15 manat arası, qələm qabı 2-6 manat arası, rəngli kağız 80 qəpik-3 manat arası, qovluq 3-5 manat arası, yapışqan 50 qəpik-2 manat arası, pərgar 80 qəpik- 5 manat arasında satılırdı.

Birinci sinfə gedəcək şagirdlər üçün nəzərdə tutulan ləvazimatların da qiyməti baha idi. Belə ki, balacalar üçün nəzərdə tutulan yemək qabı 5- 10 manat, su qabı 2-15 manat, rəsm albomunun qiyməti isə 40 qəpik- 3 manat arasında satılırdı.

Hələ məktəb bazarlığı bununla yekunlaşmır. Uşaqlar üçün nəzərdə tutulan ağ köynəklərin qiyməti isə 20 manatdan başlayırdı. Müxtəlif test kitabları, əlavə tədris vəsaitləri, yuxarı sinif şagirdləri üçün tapşırıq, misal kitabları 3-5 manata, test bankları 2-3 manatadır.

İş dəftərlərinin qiyməti də fənnindən asılı olaraq dəyişilirdi. Bir valideynə məktəbə yola salacaq övladı üçün 5-6 fəndən iş dəftəri almaq 30 manata başa gəlirdi.

Dərsliklərin məktəbdən pulsuz verilməsi valideynləri az da olsa dərslik almaq xərcindən azad edib. Ancaq məktəbdən verilməyib valideynin özünün almalı olduğu “Sinifdənxaric oxu” kimi dərsliklər də var ki, onların da qiyməti 5 manata idi.

***
Maraqlıdır, hər il məktəb ərəfəsində kəllə çarxa qalxan qiymətlərin qarşısını almaq üçün tədbirlər görülürmü?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ictimai nəzarət olmasa bu cür halların davam edəcəyini bildirdi: “Məlumdur ki, bazarda bu mallara tələb artıb. Hər bir seqment müəyyən qurumların əlindədir və qiyməti onlar müəyyən edir. Baxmayaraq ki, ölkə prezidenti dəfələrlə bazarda inhisarçılığın mövcudluğunu dilə gətirib, kartersiz özəlləşmələrin, yəni qiymətləri razılaşdırmamış qoyulmasının qarşısını alınması barədə tapşırıqlar verir. Lakin buna baxmayaraq hər il bu iş təkrarlanır.

Bu sahədə ən dəhşətli vəziyyət isə məktəbli formaları ilə bağlıdır. Məktəbli formalarını tikən qurum özünün hökmran mövqeyindən istifadə edərək uşaqlara uyğun olmayan formaları çıxartdırırlar. Bakı Tikiş Evinin arxasında da 40 minlik müəllim ordusu və böyük bir nazirlik durur. Ona görə də hökumət gərək bunun standartlarını müəyyənləşdirib elan etsin. Bazar tam liberallaşsın və kim hansı ölkədən necə məktəbli forması istəyirsə, gətirib satsın. Lakin bunu etmirlər. Eləcə də məktəbli çantalarında problemlər var. Düşünürəm ki, bazar bu sahədə liberallaşmalıdır.

Bu sahəyə nəzarət edən dövlət qurumları, İqtisadiyyat və Sənaye Nazirliyi ciddi nəzarət etməlidir. Adı çəkilən dövlət qurumları əhalinin sosial müdafiəsinə yönəlmiş tədbirləri daha da gücləndirməlidir. Bunların da səhv cəhəti odur ki, onlar kütləvi informasiya vasitələri ilə, ictimai təşkilatlarla mütəşəkkil işləmirlər. Baxmayaraq ki, ölkə prezidenti 27 may Respublika Günündə çıxış edib, ölkədə ictimai nəzarətin vacib olduğunu dedi. Amma ictimai nəzarəti dövlət qurumu istəyir ki, daim öz əlində saxlasın. Bu da çox səhv fikirdir. Nə qədər ki, ictimai nəzarət zəifdir, bu cür hallar baş verəcək”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button