Gündəm

Əli Kərimli İlham Əliyevə müraciət etdi

Əli Kərimli İlham Əliyevə müraciət etdi“Bu təklifləri qəbul etmədiyinizə görə bir gün mütləq peşman olacaqsınız”

AXCP sədri Əli Kərimli Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə, hakimiyyətin buna cavab olaraq Avropa Birliyinə “müharibə” elan etməsi və ATƏT-in ölkədə qarşıdan gələn parlament seçkisini müşahidədən imtina qərarı barədə fikirlərini paylaşıb. Ə.Kərimli facebook səhifəsində əvvəlcə hakimiyyət-Avropa Birliyi mövzusuna, sonra isə ATƏT-in qərarına yer ayırıb.

Avropa Birliyi ilə münasibətlər mövzusunda AXCP lideri yazır:

“Azərbaycan hakimiyyəti tam təcrid olunur. Beynəlxalq aləmlə qarşıdurmaya gedir. Bəs beynəlxalq birliklə qarşıdurmaya getmək olarmı? Əlbəttə, olar. Lakin yalnız bir halda. Söhbət Azərbaycanın dövlət müstəqilliyindən və ərazi bütövlüyündən gedərsə. Amma indi belə bir durum yoxdur axı. Tam əksinə, Avropa Birliyi (AB) və bütövlükdə Qərb Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə dəstək verib və verir. Kimsə haqlı etiraz edə bilər ki, ərazi bütövlüyümüzə verilən dəstək güclü dəstək deyil. Elədir. Amma hər halda zəif də olsa, dəstək verirlər, daha Rusiya kimi Ermənistanı, Qarabağ separatçılarını silahlandırıb üzərimizə göndərmirlər.

Bu gün Avropa Birliyinin Azərbaycan hakimiyyətindən tələb etdikləri isə Azərbaycan xalqının tələbləri ilə üst-üstə düşür. AB tələb edir ki:

– Heç bir günahı olmadan həbs edib, girov kimi saxladığınız siyasi məhbusları azad edin;

– Müstəqil və ədalətli məhkəmə yaradın, xalqınıza zülm etməyin;

– Bilirik ki, indiyə qədər bütün seçkiləri saxtalaşdırmısınız. İndiki şərtlərlə keçirəcəyiniz parlament seçkiləri də saxta olacaq. Ona görə də hətta onu müşahidə etməyə də dəyməz. Nəticə indidən məlumdur. Azad və ədalətli seçkilərə şərait yaradın;

– Korrupsiya sahəsindəki şöhrətiniz bütün dünyaya yayılıb. Dayandırın bu korrupsiyanı və s.

Siyasətə qarışmağınız lazım deyil. Sadəcə insafla deyin, Azərbaycan xalqı da bunları tələb etmirmi?

Amma təəssüf ki, eyni tələblərlə çıxış edən xalqımızın hələlik rejimə sanksiya tətbiq etmək imkanı yoxdur. AB-nin isə var. Ona görə də AB Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə daha sonra deyilir ki, əgər bu tələblərə əməl edib xalqınıza qarşı zülmü dayandırmasanız, biz də sizin repressiya aparatının əsas fiqurlarına qarşı sanksiya tətbiq edəcəyik. Özünüz haqda olan korrupsiya ittihamlarını da artıq AB-nin rəsmi orqanları vasitəsilə araşdıracağıq və oradan da nələrin çıxacağını artıq özünüz yaxşı bilirsiniz.

Əziz həmvətənlər, indi özünüz qərar verin. Avropa Parlamentinin qəbul etdiyi bu sənəd anti-Azərbaycan sənəddir, yoxsa əksinə, Azərbaycanın lehinə, sadəcə rejimin əleyhinə olan sənəddir?”.

ATƏT-in seçkiləri müşahidədən imtina etməsini isə AXCP sədri saxta yolla formalaşacaq parlamentin artıq bəri başdan qeyri-legitim elan edilməsi kimi qiymətləndirib.

“Avropa Birliyinin ardınca ATƏT də parlament seçkilərini müşahidə etməkdən imtina etdi. Bu şəraitdə “seçiləcək” yeni parlament dünya tərəfindən artıq qeyri-legitim elan edildi. Belə də olmalıydı.

Haram pul gözlərini örtmüşdü. Çox ərköyünlük etdilər. Vaxt çatıb, artıq dünyadan haqq etdikləri münasibəti görməyə başlayıblar. Heç olmasa indi dayanmaq lazımdır. Xalq tərəfindən seçilməyən, dünya tərəfindən tanınmayan parlament günü gündən kəskinləşən sosial-iqtisadi böhran şəraitində bu ölkəyə problemdən başqa nə verə bilər?

Rejim xalqla və beynəlxalq birliklə qarşıdurmadan imtina etməlidir. Özünün də, millətin də taleyini daha çətinə salmalı deyil. Saxta parlament seçkiləri təxirə salınmalı, siyasi məhbuslar azad edilməli, Seçki Məcəlləsi dəyişdirilməli, seçki komissiyaları müxalifətin iştirakı ilə yenidən təşkil olunmalıdır. Seçkilərdə real yarış və rəqabət mühüti yaradılmalıdır. Xalqla və dünya ilə qarşıdurma siyasətindən imtina edilməli, ölkə demokratiyaya dinc və tədrici keçidə hazırlanmalıdır.

Əlbəttə, siz bu xoşgörülü təklifləri hələ də qəbul etməyə bilərsiniz. Xalqı da, özünüzü də daha qaranlıq perspektivə apara bilərsiniz. Lakin o halda yadda saxlayın ki, bu təklifləri qəbul etmədiyinizə görə bir gün mütləq peşman olacaqsınız”, – deyə Ə.Kərimli yazıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button