Gündəm

Xədicə İsmayılın işində şok detallar, yeni təfərrüatlar

Xədicə İsmayılın işində şok detallar, yeni təfərrüatlarMövzuya dair sensasion bilgilər ; jurnalisti tutduran Tural Mustafayev evli və 2 uşaq atası olub; Əli Həsənov: “Baş Prokurorluğun açıqlaması onun həbsində hər hansı siyasi motivi istisna edir”

AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı sirr pərdəsi yavaş-yavaş çözülür. Keçmiş iş yoldaşı, yaxın dostluq münasibətlərində olduğu Tural Mustafayevi “intihar həddinə çatdırması” iddiası ilə barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilən jurnalistlə bağlı əməliyyatın arxasından maraqlı detallar üzə çıxır.

Öncə T.Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimlinin “Meydan TV”yə verdiyi müsahibə ilə bağlı iddialarına aydınlıq gətirək. Tural Mustafayev daha öncə sosial şəbəkədə elan etmişdi ki, R. Rəhimlinin müsahibəsi təhrif olunub və müsahibə SMS vasitəsilə götürüldüyü üçün məzmunu dəyişdirilib, orada redaktələr edilib. Həmin müsahibədə isə R.Rəhimli T.Mustafayevlə ayrılmalarına sonuncunun psixoloji problemlərinin səbəb olduğunu demişdi.

Sözügedən müsahibənin müəllifi, “Meydan TV” ilə əməkdaşlıq edən tanınmış jurnalist Aynur Elgünəş “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, T.Mustafayevin keçmiş nişanlısından aldığı müsahibədə heç bir təhrif yoxdur: “Rövşanə xanım mənə 6-cı gün səhər zəng elədi. Xədicə İsmayıl tutulmuşdu artıq. Dedi ki, bir xəbər var, onun ”Meydan\”da getməsini istəyir. Özü ilə danışdım, sonra mənə mesaj da yazdı. Ondan soruşdum ki, Turalla Xədicə İsmayıla görə ayrılmısız? Dedi, “əlbəttə yox. Psixoloji və maliyyə problemlərimiz var idi”. Amma xahiş etdi ki, onunla bağlı açıqlamada Xədicənin adını çəkməyim. Mən də çəkmədim\”.

Rövşanə Rəhimli dekabrın 8-də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müsahibədə yazılanlar həqiqəti əks etdirir. O, T. Mustafayevin bu barədə dediklərini şərh etmək istəmədi və bu barədə mətbuata heç bir açıqlama verməyəcəyini dedi. Onun sözlərinə görə, istintaqda bu mövzu ilə bağlı hər hansı açıqlama verməyəcəyi yönündə iltizam verib.

Bu arada “Yeni Müsavat” Tural Mustafayevlə bağlı ciddi bilgilər də əldə edib. Məlum olub ki, bu şəxsin son iş yerlərindən biri ann.az saytı olub. Bundan başqa, o, cumhuriyyet.info və publika.az saytları ilə də əməkdaşlıq edib. Ötən ilin martından sonra T.Mustafayev 3 yerdə işləyib. Onun qısa müddət ANS TV-də çalışması da yayılan məlumatlar sırasındadır. Hətta qısa müddət öncəyə qədər bu, onun facebook profilində də əks olunmuşdu.
“Meydan TV”yə isə T.Mustafayev 3 aylıq layihə çərçivəsində cəlb olunub. Layihənin müddəti bitdikdən sonra onun oradan uzaqlaşdığı bildirilir. Xatırladaq ki, sözügedən layihənin rəhbəri Emin Milli artıq bununla bağlı məlumat yayıb. O, bəyanatında deyib ki, T.Mustafayev \”Meydan TV” ilə əməkdaşlıq etdiyi aylarda işinə laqeyd yanaşdığı, verilən tapşırıqları lazımınca yerinə yetirmədiyi, dəfələrlə iş etikasını pozduğu, həmçinin psixoloji baxımdan qeyri-adekvat addımlarına görə işdən uzaqlaşdırılıb.

Amma T.Mustafayevin şəxsi həyatındakı ilginc detalları AXCP üzvü Kəmalə Bənəniyarlı facebook profilində paylaşıb. K.Bənəniyarlı son statuslarından birində belə yazır: “Tanınmış jurnalistin üzünə balasına aliment verməyən birini dirəndirdilər. Həm də dəlixanadan yenicə çıxmış birini. Uşağına aliment verməyən Xədicənin üzünə dirənir. Xədicənin üzünə duran Turalın avqust ayının 8-də rəsmi nikahı pozulub .Onun 13 yaşında oğlu var. Göyçay icra məmurları onu məhkəməyə çağırıb alimentlə bağlı. Tural məhkəməyə gedəndə şəxsiyyət vəsiqəsi olmayıb.

Çünki onun şəxsiyyət vəsiqəsi dəlixanada qalıb. Tural oğluna aliment verməkdən boyun qaçıraraq icra məmurlarına ”nə bacarırsınızsa edin\” deyərək oradan çıxıb. Çox güman ki, dəlilik kağızına güvənirmiş\”.

T.Mustafayevin yaxın zamana qədər rəsmən evli və 2 uşaq atası olması faktını vaxtilə birgə çalışdığı iş yoldaşları, həmçinin dostları da təsdiqlədilər. Və onlar bu məsələdə iki versiyanın olmasına inanırlar. 1. Tural Mustafayev həqiqətən də öyrədilərək, xüsusi sifarişlə Xədicə İsmayılın yaxınına yerləşdirilib, daha sonra yönləndirilib. 2. O, intihar edəndən sonra evində aparılan baxış zamanı (intihar hadisəsi baş verəndən sonra adətən polislər “qurban”ın yaşadığı evə baxış keçirirlər) şəxsi yazışmaları, dostluğunda olan şəxslərin kimliyi müəyyənləşdirib və bundan onun dostluğunda olan X.İsmayıla qarşı istifadə ediblər.

T.Mustafayev sosial şəbəkədəki statusunda “susmur”. Onun son statusu aşağıdakı kimidir: “Hakimiyyəti tərk edən edənin dalınca yüyürür müxalifətə. Siz ilk öncə öz dünya görüşünüzə müxalif olun. Yoxsa kimsə hakimiyyəti söyür müxalifətçidir, bizim adamdır, amma iç üzünüz açıldıqca məlum olur ki, nə haqq, nə ədalət. İşiniz ancaq kiminsə pulunu sayıb – hesablamaq, üzlərinə deyə bilmədiklərinizi arxasınca qışqırmaqdır. Müxalifətdə hərənin özünün kiçik bir ”kruqu\” var. Biri haqqını tələb edən kimi it sürüsü kimi ancaq hücum çəkməyi bilirsiniz. Mən sizləri bu iki ildə tanıdım, yaxından və uzaqdan. İndi gedin mən yaşadığım yerdən mənim haqqımda öyrənin görün hansımız kişi kimi yaşamışıq. Mən heç vaxt müxalifətdə, ya da iqtidarda olmamışam. 50 ilin siyasi fahişələri indi çıxıb siyasi sifariş olduğunu deyir. Kimin kim olduğunu insanlar yaxşı tanıyır, əl qatmayın özünüzə…\”
Sözügedən statusun altında şərh yazanlardan biri isə T.Mustafayevə o məlum sualı verib: “Nə qədər pul almısan?”

T.Mustafayevin o suala cavabı isə “anlayışınız elə bu qədərdi. Doğal haqqını istəmək satqınlıq sayılırsa daha sizlərdən nə gözləyək…” olub.

“AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova konkret cinayət əməlində şübhəli bilinib və məhkəmənin qərarı ilə həbs olunub”. Bu sözləri \”AzərTAc\”a açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Ə.Həsənov deyib: “Baş Prokurorluğun açıqlaması onun həbsində hər hansı siyasi motivi istisna edir. Buna görə də bəzi yerli və xarici dairələrin, təşkilatların məsələ ilə bağlı səsləndirdikləri bəyanatlar qərəzlidir, əsassızdır və bir mərkəzdən idarə olunan proses təəssüratı bağışlayır. Düşünürük ki, bu siyasiləşmiş bəyanatlar həm də hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu işlə bağlı obyektiv istintaqın həyata keçirilməsinə təzyiq xarakteri daşıyır.

Hüquqi, demokratik dövlət olan Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və məlumat azadlığı, hər bir vətəndaşın sərbəst şəkildə öz fikirlərini ifadə etmək hüququ tam təmin edilib. Azərbaycanda mövcud qanunlar çərçivəsində fəaliyyətinə, siyasi baxışlarına, fikirlərinə görə heç bir jurnalist həbs olunmur və bundan sonra da həbs olunmayacaq».
«Mənə elə gəlir ki, bu yolla insanı həbs etmək çox gülüncdür. Mənə də bu inandırıcı görünmür, yerli-dibli uydurmadır».

Yazıçı Əkrəm Əylisli X.İsmayılın həbsinə münasibət bildirərkən belə deyib. Yazıçıya görə, belə bir ittihamla jurnalisti həbs etməklə hüquq-mühafizə orqanları düşüncəsizlik ediblər:
«Həbsin motivi bütün cəmiyyətə, Azərbaycan xalqına bəllidir. Hamı bilir ki, Xədicənin həbsi onun jurnalist fəaliyyəti ilə bağlıdır. Buna bir kəsdə bir damla olsun belə şübhə yoxdur. Bu cür addım atmaq düşüncəsizlikdir. Adama qəribə gəlir ki, ciddi insanlar necə belə bir şey edir. Məndə acınacaqlı təəssürat yaranır».

Yazıçı ümid edir ki, işin istintaqı ədalətli aparılacaq və jurnalist tezliklə azad olunacaq.
Hadisə haqqında Tural Mustafayev “Yeni Müsavat”a eksklüziv müsahibə də verib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button