Gündəm

Xədicənin anası: \”Uşağım orda ac qalacaq…\”

Xədicənin anası: "Uşağım orda ac qalacaq..."Məhbus jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova “Azadlıq” radiosuna danışıb.

Dekabrın 5-də həbs olunan Xədicə İsmayıl jurnalist Tural Mustafayevi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham olunur.

– Elmira xanım, 4 gün ərzində Xədicə ilə görüşmək, danışmaq imkanınız olubmu?

– Yox, görüşmək imkanımız olmayıb. Bircə dekabrın 9-da zəng edib. Səsini eşidib çox sevinmişəm. Deyir yaxşıyam, pis deyiləm. O da məndən narahatdır, deyir ki, özündən muğayat ol.

– Ona yemək çatdırmaqda probleminiz yaranıb…

– Hə, hər gün yemək aparırıq, almırlar, deyirlər yalnız həftədə bir dəfə gətirə bilərsiz. Qaldı bir də bazar gününə. İndi bilmirəm uşağım orda ac qalacaq, ac qalmayacaq.

– Bununla bağlı Penitensiar Xidmətə müraciətiniz olubmu?

– Yox, olmayıb.

– Xədicə əməliyyat (mədəsindən – red.) olunub. Ona həftədə yalnız bir dəfə yemək çatdırılması səhhətində hər hansı problem yarada bilərmi?

– Səhhəti üçün təhlükəlidir. O, hər gün protein qəbul etməli, ət yeməlidir. İmkan vermirlər hər gün lazım olanı aparaq, geri qaytarırlar. Çox narahatam buna görə.

– Xədicənin məhz belə bir ittihamla həbs olunacağı gözlənilən idimi?

– Yox, mən gözləmirdim. Bu, böyük yalandır. Bunu hamı bilir. Özü də heç gözləmirdi. Onu vətən xaini elan etmək istəyirdilər, alınmadı, ona görə bu adamı (Tural Mustafayevi nəzərdə tutur – red.) üzə durdurdular.

– Bundan sonra gözləntiləriniz nədir?

– Mən bu hökumətdən hər şey gözləyirəm. Mənə elə gəlir ki, Xədicə bu maddə ilə məhkəməyə getməyəcək. Çünki bu absurddur.

– Bəs, sizcə, yeni ittiham irəli sürə bilərlər?

– Mənə elə gəlir ki, tapsaydılar, çoxdan edərdilər. Bir şey ki yoxdur, onu necə edə bilərlər?

– Siz tərəfdən hansı addımlar olacaq?

– Müdafiəçimiz əlindən gələni edir. Görək nə olur.

Bakı İstintaq Təcridxanasında saxlanan Xədicə İsmayılla əlaqədar başqa istintaq və məhkəmə işləri də var. Bu il fevralın 17-də Xədicə İsmayıl “Feysbuk” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir.

Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın gedişi zamanı Xədicə İsmayılovanın ölkədən çıxmasına məhdudiyyət də qoyulub.

Xədicə İsmayıl fevralın 17-də “Feysbuk”da yaydığı materiala görə məhkəməyə də çəkilib. Onu xalq hərəkatı fəalı Elman Türkoğlu məhkəməyə verib. Jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsində Elman Türkoğlu qeyd edib ki, Xədicə İsmayıl “Feysbuk”da yaydığı materialla onun adını MTN-in agenti kimi hallandırıb, şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb.

Elman Türkoğlu jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib. Oktyabrın 9-da Binəqədi Rayon Məhkəməsində bu iddia ilə proses başlanıb. Proses hələ yekunlaşmayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button