Zavod direktoru ilə birgə kreditə “girdi”… evini itirdi
Vətəndaşın 3 min manat borcuna görə bank mülkü hərraca çıxararaq özü alıb
Göyçay sakini, ikinci qrup əlil Həyat Ələkbərova \”Bizim Yol\” qəzetinə müraciət edib. Şikayətçi \”Göyçay Konyak\” zavodunun direktoru Vaqif Məmmədovu özünün Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsindəki birotaqlı evini girov qoyub əlindən çıxartmaqda günahlandırır. Şikayəti yerində araşdırmaq üçün Göyçay rayonuna gedib tərəflərin mövqeyini öyrəndik. H.Ələkbərova ilə bir də görüşdük.
Şikayətçinin sözlərinə görə, uzun illər V.Məmmədovla ailəcə dostluq ediblər, həm də qohumdurlar. Bakıdan Göyçaya daimi yaşamağa qayıdandan sonra da zavod direktorunun ailəsi ilə yaxın münasibətləri davam edib: \”Biz rayona qayıdanda ata evim satılmışdı, yoldaşımın da evi yoxdur. Vaqif Məmmədovun həyat yoldaşı Salihə Məmmədova 38 illik rəfiqəmdir, kirayədə yaşamağımızı qəbul eləmirdi, deyirdi \”bunu qəlbim götürmür, gəlin Bakıdakı evinizi banka girov qoyub pul götürün, ev tikin\”. Məni tanıyanlar kredit götürmədiyimi bilirdilər, kreditdən qaçırdım, geriyə faiz ödəyə bilməyəcəyimdən çox qorxurdum. 3 il bu söhbət davam elədi, heç cür razılaşmırdım. 2010-cu ilin may ayının 10-u zəng eləyib soruşdu ki, \”Həyat, evinizi banka qoyursan?\” Dedim \”Salihə, vallah, mən qorxuram\”. Əl çəkmədi, üz ətdəndir. Həmin gün düz 3 dəfə mənə zəng vurdu. Məndən evin \”kupça\”sının olub-olmadığı ilə maraqlandı. Olduğunu bilib \”sürücü Mürşüdü göndərirəm, \”kupçanı\” göndər Vaqif baxsın\”, dedi. Evinə qonaq gedəndə üzümə o qədər xoş baxırdı ki, daha ona \”yox\” deyə bilmədim. Bir gün sonra zəng elədi, \”notariusa getmək lazımdır, gedib etibarnamə verirsiz\”, deyə sual elədi. Başqa çarəm qalmadı. Sürücünü göndərdilər, notariusa gedib etibarnaməni sürücüyə verdim\”.
Paytaxtda birotaqlı mənzil müqabilində bank 13 min manat verdi
Dediyinə görə, onlara o qədər inanıb ki, notariusda qol çəkdiyi kağızı da oxumayıb, imzaladığı sənədin məzmunundan xəbərsizdir: \”Heç notarius da məni xəbərdar etmədi ki, evim əlimdən gedə bilər. Siftə 10 min manat kredit istədim, yoldaşım razılaşmadı ki, bu məbləğə ev tikmək olmaz, heç olmasa 15-20 min manat olsun. Ancaq pulu və onun faizini geri qaytarmaq məsuliyyətini düşünüb kredit məbləğini sadəcə 2 min manat artırdım. Tək mənim evim deyildi, Vaqif eyni vaxtda baldızının rayondakı mülkü və özünə aid zavodun səhmlərini də \”VTB\” Banka girov qoyub 300 min manat kredit götürdü. Etibarnaməni verəndən sonra heç 10 gün çəkmədi, krediti aldılar. Güc-bəla ilə Salihədən 12 min manat götürə bildim. \”Güc-bəla ilə\” ona görə deyirəm ki, bizə o qədər pul vermək istəmirdilər. Qardaşım da təzə ev tikdirirdi, onun xahişi ilə də 1000 manat alıb verdim. Bir az torpaq sahəmiz vardı, daş-kəsəkdən təmizləyib özümüzə bir ev tikdik. Bütün fəhlə işlərini özümüz görmüşük, daş-kəsəyi əllərimlə təmizləyirdim, çünki o qədər vəsaitə evi tikib başa çatdırmaq lazım idi. Ömrümüzün axırına kimi kirayədə qalmaq istəmirdik. Mən bank filan tanımırdım, hər ay 150 manat faizi aparıb Salihəyə verirdim. 1 il 9 ay belə davam elədi. 21 ayda onlara 3150 manat faiz ödədim. Sonradan bank bizi məhkəməyə verəndə aydın oldu ki, faizi ödəmirmişlər, \”sevimli rəfiqəm\” gedib o pulu \”cibxərcliyi\” edib. Halbuki mən onu yeməyimizdən kəsib yoldaşım və özümün əlillik pensiyamızdan ödəyirdim. O vaxt pensiyamız çox aşağı idi, indi bir qədər artıb\”.
Soruşdum, \”sizə kredit lazım idisə, nə üçün özünüz banka müraciət edib, evinizi girov qoyub götürmürdünüz\”? Belə cavab verdi: \”Əslində mənim heç girov qoyub pul götürmək niyyətim yox idi, onlar məni üzdən-gözdən saldılar. İkincisi də Vaqifin hər iki əmlakı rayonda olduğundan, bank da şərt qoyubmuş ki, əmlakın biri mütləq Bakıda olmalıdır, əks halda kredit verilməyəcək. Buna görə də məni \”bişirirdilər\”. Mənim evim üçün zamin durub \”əgər kredit alan pulu ödəmək gücündə olmazsa, bu işi tam icra etməyi üzərinə almaq\” barədə bank qarşısında öhdəlik də götürdü. Salihənin bacısı Nəzakət Məmmədova qardaşımın qayınanasıdır, eyni vaxtda onun da rayondakı üçotaqlı evini girov qoydu. Onun evini qoymasaydı, bəlkə də etibar eləməzdim. Sonradan çox çalışıb baldızının evini girovluqdan çıxartdı, mənimki isə qaldı. Ona faizdən başqa əsas borcdan 3 dəfə pul ödəmişəm – iki dəfə üst-üstə 7 min manat vermişəm, əvəzində həmin pulları aldığı barədə zavodun möhürü ilə nömrələnmiş iki qəbz verib. Bir dəfə də 3 min manatı əlbəəl ödəmişəm. Aldığı min manatı qardaşım qaytarıb. Mənim banka cəmi 3 min manat borcum qalırdı\”.
\”Sürücü baba\” hərracda başqasının mənzilini necə \”aldı\”?
2011-ci ilin avqust ayında məhkəmədən ona bildiriş gəlib. Məlum olub ki, məktub ev haqq-hesabıyla bağlıdır, bank onları məhkəməyə verib. Qardaşının qayınanasına da o bildirişdən gəlib. Bildirdiyinə görə, rəfiqəsinə zəng edib, vəziyyəti danışıb, o isə \”narahat olma, boş şeydir\”, cavabını verib. Bundan sonra ailənin qara günləri başlayıb.
Bankın \”Göyçay Konyak Zavodu\” ASC, N.Məmmədova və H.Ələkbərovaya qarşı \”kredit müqavilələri üzrə borc tələbi, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi\” tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsində baxılıb. Bankın iddiasına görə kredit şəklində götürülmüş üst-üstə 300 min manat, ona hesablanmış faizlər və cərimələr cavabdehlər tərəfindən \”VTB\” (Azərbaycan) ASC-yə ödənilməlidir. İşin hallarını araşdıran məhkəmə qət edib ki, \”Göyçay Konyak\” Zavodunun 16 aprel 2010-cu il tarixli 65 saylı \”Kredit Müqaviləsi\” üzrə yaranmış 5557 manat gecikdirilmiş əsas borc, 680 manat faiz borcu, 200 manat cərimə, ümumilikdə 6437 manat məbləğində pul vəsaiti, 19 may 2010-cu il tarixli 72 saylı \”Kredit Müqaviləsi\” üzrə yaranmış yenə yanvarın 23-ü tarixinə banka borclu olduğu 233795 manat əsas borc, 27356 manat faiz borcu, 10 min manat cərimə, ümumilikdə 271152 manat adıçəkilən ASC və V.Məmmədovdan alınaraq banka ödənilsin. Tələb xüsusi mülkiyyət hüququ ilə N.Məmmədovaya məxsus ümumi sahəsi 81.5 kv.m. olan Göyçaydakı mənzilə, H.Ələkbərovaya məxsus ümumi sahəsi 56.7 kv.m. olan paytaxtdakı mənzilə, zavodun girovla yüklü edilmiş hər birinin nominal dəyəri 2 manat olan 92400 səhminə yönəldilib və qərara alınıb ki, girov predmetləri hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 277678 manat pul banka köçürülsün.
H.Ələkbərovanın dediyinə görə, məhkəmədən və çıxarılan qərardaddan xəbərləri olmayıb. Bir də xəbər tutublar ki, mənzilləri hərraca çıxarılıb: \”Söhbət etdiyimiz bank mütəxəssisi deyir ki, iş məhkəmədə olanda faiz ödənişi qanunla dayandırılmalıdır, lakin onlar hətta işimiz məhkəmədə ola-ola yerdə qalan vəsaitə faiz hesablayırmışlar. Birinci hərracda Vaqif Məmmədov, adına vəkalətnamə verdiyim sürücüsü, bir də bank nümayəndəsi iştirak edib. Guya hərracı sürücü qazanıb, evi \”alıb\”. Amma sözdə \”alıb\”, o sürücü kasıb adamdır, hərraca girib ev almağı mümkün deyil. Əli pulla oynayan direktor, bank guya kənardan müşahidə edib, ev sürücüyə \”qalıb\”. Amma 7 bank günü müddətində pulu ödəmədiyi üçün hərracın nəticələri ləğv edilib. Bizim heç hərracdan xəbərimiz də olmayıb. Öyrəndiyimizə görə mənzil ilk növbədə mülkiyyət sahibinə təklif olunmalı idi, əgər o imtina edərsə, bu halda başqalarına satıla bilərdi. Bank mütəxəssislərinin sözlərinə görə, hərrac qanun pozuntuları ilə müşayiət olunub, heç başqa adamlar iştirak etməyib. Sonrakı hərracda bank əmlakı özü alıb\”.
Əmlakın dəyərini ödəyəcəyinə notarial qaydada \”söz verib\”
Yasamal Rayon Məhkəməsinin 13 avqust 2014-cü il qətnaməsindən görünür ki, iddiaçı Bank VTB (Azərbaycan) ASC Ələkbərovlara qarşı \”istifadə hüququnun itirilmiş hesab edilməsi və ipoteka predmetinin boşaldılması tələbi\”nə dair iddia qaldırıb, bildirib ki, sözügedən mənzili hərracda 60 min manata alıb. Məhkəmə iddianı təmin edib, Ələkbərovların mənzilə istifadə hüquqlarını itirilmiş hesab edib.
H.Ələkbərova: \”Bank əmlak üzərində bütün hüquqlarımı əlimdən alıb. Doğrudur, mənzilin açarları hələ də bizdədir, amma qaz, işıq, su kəsilib, orada yaşamaq mümkün deyil. Psixoloji vəziyyətim də yaxşı deyil, artıq vəsiyyətnaməmi yazmışam. Mən övladsız bir qadınam, 65 yaşım var, bu gün sabah əlimdən tutub qaldıranım olmayacaq. Özünün Bakının mərkəzi yerlərində çoxsaylı daşınmaz əmlakı, burada 2 zavodunun milyonlarla dəyəri var. Onları girov qoymur, mənim əmlakıma göz dikib sonda da onu güdaza verir. Müqavilələrdən də görünür ki, o, mənim cüzi məbləğdə götürdüyüm pulu özünün böyük \”oyunlar\”ına qatıb, mənim borclu qaldığım 3 min manat onun 300 min manatının içində itib-batır. Bu gün bankla aralarında problem, ya da bir anlaşma var, bilmirəm, amma ara yerdə \”qurban\” gedən mənim əmlakımdır. \”Bir bank 3 min manata görə dəyəri 60-70 min manat olan mənzili ələ keçirə bilməz\”, deyə fikirləşirəm. Evimin bazar dəyərini ödəyəcəyinə rəsmi qaydada söz verib\”.
V.Məmmədov bu ilin oktyabrın 24-də öz imzası ilə Göyçay notariat kontorunda, reyestrdə 7E-12319 nömrəli qeydlə notarial qaydada təsdiqlənmiş sənəddə yazır ki, \”Həyat Ələkbərovaya məxsus Zahid Xəlilov küçəsindəki 64 saylı mənzil \”VTB\” Banka mənim tərəfimdən girov qoyulub. Bank həmin mənzilə tutma yönəltdiyi halda əmlakın dəyərini bazar qiymətinə uyğun olaraq ödəyəcəm\”.
Onun vədlərindən \”doyan\” Ələkbərovlar bugünlərdə qətnamədən Apellyasiya Məhkəməsinə şikayət veriblər. Prosesdə iştirak etsələr də, bitməsini gözləməyiblər. Odur ki, çıxarılan qərardan xəbərsizdirlər. Bununla belə, hesab edirlər ki, bu instansiya məhkəməsində də onları ürəkaçan qərar gözləmir. Yazdığı şikayətlərə cavabda hər kəs ya araşdırmağı tapşırır, ya da araşdırıldığını bildirir. Dediyinə görə, direktoru da \”unutmur\”, ara-sıra qapısına gedir, amma onunla görüşə bilmirlər. H.Ələkbərova mənimlə də birlikdə V.Məmmədovun evinə getdi, darvazasını döydü, amma qapını üzümüzə açan olmadı…
P.S. Yazıda barəsində söhbət gedən V.Məmmədovla müsahibəni növbəti sayımızda dərc edəcəyik.