Gündəm

Rusiyadan böyük köç ola bilər: Soydaşlarımız qayıdır?

Rusiyadan böyük köç ola bilər: Soydaşlarımız qayıdır?İqtisadi sanksiyalar və digər amillər Rusiyada vəziyyəti daha da ağırlaşdırır və bu, ölkədə müvəqqəti və daimi yaşayan müxtəlif xalqların nümayəndələrinin ciddi köç artımına şərait yaradır. MDB-nin ikinci ən böyük dövləti olan Ukraynada da vəziyyətin ağırlaşması da köç qorxusu iqtisadi tənəzzüllə yanaşı, bu amili səbəb olur. Təbii ki, Rusiyada və Ukraynada iqtisadi çöküşün yaşanması bu ölkələrdə məskunlaşan miqrantların 50 faizdən çoxunun ölkəni tərk etməsi ehtimalını artırır.

Ekspertlər proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmağın çətin olduğunu, bunun ölkədə işsizlik ordusu yaradacağını düşünürlər: \”Rusiyada və Ukraynada yaşayan soydaşlarımızın vətənlərinə qayıdışı ölkə daxilində əlavə sosial problemlər yarada bilər.\”

Dövlət orqanları nümayəndələri isə ölkəmizdə işsizlik ordusunun yaranma ehtimalının olmadığını, işsizliyin qarşısının alınması üçün ciddi tədbirlər görüldüyünü, bu məqsədlə vaxtaşırı əmək yarmarkalarının təşkil edildiyini və qabaqlayıcı layihələrin hazırlandığını söyləyirlər.

Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, ötən bir ayda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7725 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ümumiyyətlə, noyabrda qeydiyyatla bağlı 64056 əcnəbinin müraciəti qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ANS PRESS-ə bildirilib ki, Dövlət Məşğulluq Xidməti orqanları məşğulluq haqqında ölkə qanunvericiliyinə uyğun olaraq, müraciət edən hər bir işsiz və işaxtaran vətəndaşın məşğulluğuna kömək göstərilməsi, münasib iş yeri ilə təmin olunması üçün müvafiq tədbirlər görür.

Bu və ya digər səbəblərdən hər hansı xarici ölkədən qayıtmış şəxslər də münasib işlə təmin olunmaq üçün rayon (şəhər) Məşğulluq Mərkəzlərinə müraciət edə bilərlər. İşaxtaran şəxsin lazımi peşə və ya ixtisası olmadığına görə münasib iş seçməsi mümkün olmadıqda, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün peşəsini (ixtisasını) dəyişdirməsi zəruri olduqda, onun əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə və s. hallarda o, müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığına da cəlb oluna bilər.

Nazirlik rəsmiləri ölkədə işsizlik ordusunun yaranacağına əmin deyillər: \”Davamlı iqtisadi inkişaf prosesinin yaşandığı Azərbaycanda həyata keçirilən məqsədyönlü dövlət proqramları nəticəsində yeni yaradılan iş yerləri, əhalinin məşğulluq imkanları daim artır. Bu proseslər nəticəsində son 10 ildə işsizlik səviyyəsi kəskin şəkildə azalaraq 5%-ə enib.

Dövlət Məşğulluq Xidməti orqanlarının fəaliyyətinin bir istiqaməti olaraq, respublikanın bütün bölgələrində əmək yarmarkaları keçirilir. Cari ilin əvvəlindən bu günədək ölkənin 59 rayon və şəhərində Əmək yarmarkaları keçirilib. Bu tədbirlərdə 5711 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 80 faizi işlə təmin olunub. Bu tədbirlərdə həmçinin 464 nəfər peşə hazırlığına, 275 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb. Qarşıdakı dövrdə də bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Ümumiyyətlə, Rusiyada təqribən 3 milyona yaxın azərbaycanlının yaşadığı, bu ölkədə iqtisadiyyatının çökməsindən Azərbaycana 1 milyondan çox vətəndaşımızın qayıdacağı ehtimal olunur. Son statistikaya görə, 2011-ci ildə təqribən 750 min azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib. Hazırda bu rəqəm 1 milyona çatıb.

Ekspertlər deyiblər ki, soydaşlarımızın kütləvi şəkildə vətənə köçü ölkə üçün işsizlik, kriminogen durum, cinayətkarlıq və s. kimi problemlər yarada bilər. Rusiyada işsizlik və digər səbəblərdən Azərbaycana gələn soydaşlarımızın burada iş tapmaqda çətinlik çəkməsi qaçılmazdır. Bir sözlə, Rusiyadan vətənə qayıtmaq Azərbaycanda minlərlə ailənin sosial vəziyyətini pisləşdirəcək.

Onların fikrincə, köç axını ölkədə mənzil bazarına da təsir göstərəcək. Çünki Azərbaycanın mənzil bazarında ev satan və alanların əhəmiyyətli hissəsi Rusiyaya gedən və gələn soydaşlarımızdır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button