Ərdoğanın siyahısındakı 1 nömrəli şəxs: Gülən beynəlxalq axtarışa verilir
“Gülən camaatı”na qarşı dünəndən etibarən başladılan əməliyyatlar davam edir. Türkiyə mətbuatı hökümətin nəzarətə götürdüyü camaat üzvlərinin sayının dəqiq olaraq 37 olduğunu yazır.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı və “Samanyolu” televiziyasının (STV) baş direktoru Hidayet Karaca da var.
“Gülən camaatı” ilə bağlı başladılan istintaqda adı yer alan 37 nəfərdən 5-i bir müddət əvvəl saxlanılmışıd. Dünən başladılan əməliyyatlarla bağlı yeni siyahıda isə 32 nəfərin adı yer alır.
“Milliyet” qəzetinin hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, 32 nəfərdən biri camaatın və “silahlı terror təşkilatı”nın lideri Fətullah Güləndir. Amma Türkiyə hökuməti F.Gülən haqda həbs qərarı çıxara bilməyib. Səbəb onun ABŞ-da yaşamasıdır.
Qəzetin yazdığına görə, dünən başlayan əməliyyatı icra edən İstanbul Prokurorluğu, Gülən haqqında hazırlanan sənədləri qırmızı bülleten çıxarılması üçün Ədalət Nazirliyinə göndərəcək. Ədalət Nazirliyi məsələni araşdırdıqdan sonra Fəthullah Gülənin İnterpol xətti ilə beynəlxalq axtarışa veriləcəyi, onun barəsində qırmızı bülletenlə axtarış elan ediləcəyi deyilir.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bir müddət əvvəl F.Gülənin İnterpol xətti ilə beynəlxalq axtarışa veriləcəyini, onun barəsində qırmızı bülletenlə axtarış elan ediləcəyini demişdi.