Gündəm

Bakıda uçan… qatarlar

Bakıda uçan... qatarlarGəncəli Afaq Bakıda tələbədir və ildə bir neçə dəfə valideynlərini görməyə gedir. Ən sevmədiyi variant gecə qatarı ilə səfərə çıxmaqdır.

\”Vaqonun içində iy çox olur, həm də bürküdür. Yenə yayda dözmək olur, pəncərələri açırlar. Amma qışda dəhşətdir, ürəyi xəstə adam orda çətin dözər. Bir də qonşu kupelərdəki cavanların səsi yatmağa qoymur – gülürlər, telefonla danışırlar. Üstəgəl qatar bahadır, kupe 12 manata çıxır. Amma avtobusla 7 manata getmək olur\”, – deyə gənc qız bildirir. Gülnarın dediyinə görə, gecə qatarından fərqli olaraq kupe nisbətən əlverişlidir: \”Təxminən avtobusla eyni qiymətədir, həm də avtobusdan rahatdır, salon genişdir, hərəkət imkanı var. Amma 7-8 saat yol gedir\”. Bütün bu amillər sərnişinləri 7 manat qarşılığında 5 saata Gəncəyə çatdıran avtobuslara meyli artırır.

Araşdırmalarımıza görə, ölkə səviyyəsində götürdükdə vəziyyət daha acınacaqlıdır. Bakıdan rayonlara və əyalət şəhərlərinə dəmir yolu ilə getmək istəyələrin sayı çox sürətlə azalır. Əsas səbəb yerli xətlərdə işləyən qatarlarına şəraitsiz olması və çox ləng hərəkətidir. Məsələn, Xaçmaza avtbusla 2 saata rahat getmək mümkün olduğu halda, çox şəraitsiz Bakı – Yalama elektrik qatarı 4-5 saat vaxt alır. Təbii ki, bu, statistik göstəricilərə də təsir göstərir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əgər 2009-cu ildə Azərbaycanın yerli dəmir yolu xətlərindən 5 milyon 938 min sərnişin istifadə etmişdisə, 2013-cü ildə bu göstərici 2 milyon 164 min nəfərə düşüb. Dörd ildə Azərbaycan Dəmir Yolları 3 milyon 774 min müştəri itirib. İl üzrə 944 min, yəni təxminən 1 milyon müştəri deməkdir.

Yəni ildə təxminən 1 milyon müştəri dəmir yolundan imtina edərək avtobuslara keçir və bu, ekologiyaya fəlakətli təsir etməklə yanaşı, yollarda da qəzaların sayını artırır. Əgər 2009-cu ildə ölkədə 2 min 792 yol-hərəkət hadisəsi baş veribsə, 2013-cü ildə bu göstərici 2 min 846-ya qalxıb. Yol-hərəkət hadisələrində ölənlərin də sayı artıb. Əgər 2009-cu ildə 930 nəfər avtomobil qəzalarında dünyasını dəyişmişdisə, 2013-cü ildə bu göstərici 1164 nəfərə qalxıb. Yəni indi Azərbaycanda əsas avtomobil yollarına çıxmaq bir növ riskli məsələyə çevrilib.

Nəqliyyatın təşkili üzrə ekspert Azər Allahverənov vəziyyətdən çıxış yolu kimi Azərbaycanda da başqa ölkələrdə olduğu kimi sürət qatarlarının istifadəyə verilməsini vacib sayır. \”Bizdə istər Gəncəyə olsun, istər Böyük Kəsiyə olsun, qatarların qiyməti Avropanın sürət qatarlarının biletindən bahadır. Həm də Bakı – Qars – İstanbul dəmir yolu layihəsi çərçivəsində yollarımızda sürətin qaldırılması nəzərdə tutulur. O zaman niyə Gəncəyə və ya Qazaxa sürət qatarları işləməsin? Bu qatarların təşkili yolarımızda vəziyyəti xeyli yaxşılaşdıra bilər\”,- deyə ekspert bildirib.

Dünən İstanbulla Konya arasında yeni sürət qatarının işə salınması Azər Allahverənov kimi düşünənlərin sayını daha da artırıb. Əvvəllər 7 saata gedilən yolu yeni qatar 3 saat qət edir ki, bu da Türkiyənin iki keçmiş paytaxtı arasında gediş-gəlişi çox rahatlaşdırır. Əksər ekspertlər bu fikirdədir ki, bunun üçün qərb ölkələrində və ya Yaponiyadakı kimi hansısa modern yollar, hava yastıqları üzərində hərəkət edən qatarlar inşa etməyə ehtiyac yoxdur. Sadəcə, sovet illərinin təcrübəsindən yararlanaraq qatarların hərəkətində müəyyən dəyişikliklər etmək lazımdır. Bu təcrübə hələ 1984-cü ildə Moskva – Sankt Peterburq dəmir yolunda tətbiq edilmişdi. Qatarlar 560 kilometrlik bu yolu əvvəllər 11 saata qət edirdi və 1984-cü ildə aparılan yenidən təşkilatlanma yolu ilə yolu 4 saata endirdilər. \”Strela\” adlandırılan həmin qatarın hərəkət etdiyi xətlərdən yük vaqonları yığışdırıldı.

İndi Moskva ilə Sankt-Peterbuq arasında çox sayda sürət qatarı hərəkət edir və Rusiyanın iki paytaxtı arasında qatarla hərəkəti hətta təyyarədən də rahat edir. Bu təcrübədən Gürcüstan da istifadə edib və artıq Batumla Tiflis arasında sürət qatarları hərəkət edir. İki şəhər arasında təminən 20 dollar verərək 5 saata hərəkət etmək mümkündür. Eyni təcrübədən Bakı – Gəncə – Böyük Kəsik dəmir yolu xəttində də yararlanmaq olar.

Azərbaycan Dövlət Dəmir yolunun 5 il qabaq verdiyi bir açıqlama da bu fikri gücləndirir. Həmin vaxt verilən açıqlamada Azərbaycan dəmir yollarında hərəkət sürətinin saatda 140 kilometrə qalxacağı bildirilmişdi. Hazırda isə qatarlarımız saatda 80 kilometr sürətlə hərəkət edir. O vaxt Dünya Bankından alınmış 750 milyon dollar kreditin bu istiqamətdə sərf ediləəcyi və layihənin 2014-cü ilin sonuna başa çatdırılacağı da vurğulanmışdı. Sürətin bu qədər qalxması, təbii ki, 2015-ci ildən Bakıdan Gəncəyə qatarla 2,5-3 saata getməyə, iki şəhər arasında gün ərzində bir neçə elektrik qatarı reysi təşkil etməyə imkan verərdi. Bu, gün ərzində Bakı- Qazax istiqamətində 100-ə yaxın avtobusun, yüzlərlə minik avtomobilinin hərəkətini dayandırmağa imkan yaradardı. Minlərlə sərnişin daha rahat və təhlükəsiz səfər imkanı qazanardı.

Lakin Azərbaycan Dəmir Yolları QSC-nin katibliyinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, bu, yalnız 2016-2017-ci illərdə mümkün olacaq. \”Hazırda dəmir yolunda sabit cərəyandan dəyişən cərəyana keçilir, Bakı – Böyük Kəsik dəmir yoluk boyunca yarımstansiyalar qurulur. Həmçinin xətdə rabitə-siqnal sistemi modernləşdirilir ki, dəmir yolunu Bakıdan vahid pultla idarə etmək mümkün olsun. Bundan başqa dəmir yolu xəttinin özü dəyişdirilir ki, onun üzərində qatarların hərəkəti mümkün olsun. 1000 kilometrlik yolun 400 kilometri təmir edilib. Bütün bu işlər Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması müddətinə, yəni 2016-2017-ci ilə kimi başa çatdırılacaq\”,- deyə Nadir Əzməmmədov vurğulayıb (ANS PRESS).

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button