Hadisə

74 yaşlı ər deyingən arvadını öldürdü, sonra da ssenari qurdu

74 yaşlı ər deyingən arvadını öldürdü, sonra da ssenari qurduBakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Layiq Axundovun məhkəmə prosesi yekunlaşıb.

Məlumata görə, prosesə hakim Azər Orucov sədrlik edib.

İttihama görə, Layiq Axundov 2014-cü il, avqust ayının 12-də yaşadığı Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən mənzildə həyat yoldaşı, 67 yaşlı Lətifə Axundovanı öldürüb.

Münaqişəyə 74 yaşlı ağsaqqalın təqaüdünü alsa da evə bazarlıq etməməsi səbəb olub. Belə ki, günorta saatlarında evə gələn L.Axundov ona bununla bağlı iradını bildirən arvadını yumruqla vurub. Daha sonra isə mətbəxdən götürdüyü bıçaqla ona ürək nahiyəsindən zərbə endirib. Lətifə Axundova aldığı bıçaq zərbəsindən hadisə yerindəcə dünyasını dəyişib.

Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən Layiq Axundov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində L.Axundova ilə 1966-cı ildə ailə həyatı qurduqlarını, birgə nikahdan 4 övladlarının olduğunu göstərib: “Lətifə axır vaxtlar çox deyingən olmuşdu. Əsassız yerə mənə iradlar tuturdu. Hadisə baş verən gün pensiyamı alıb evə gəlmişdim. Lətifə evə bazarlıq etmədiyimə görə məni danladı. Ona “bir az dincəlim, bazara gedəcəm” desəm də xeyri olmadı. Qarşımda dayanıb ata-anamı söyməyə başladı. Onun ağır söyüşlərinə dözməyib əsəbiləşdim. Oturduğum yerdən ayağa qalxıb əlimlə alnına yumruqla vurdum. Lətifə zərbədən büdrəyib yerə yıxıldı. Amma yenə də söyməyə davam etdi. Lətifəni öldürmək məqsədilə mətbəxdən götürdüyüm bıçaqla ona zərbə endirdim”.

Təqsirləndirilən şəxs deyib ki, arvadını öldürəndən sonra özünü də öldürmək istəyib, amma buna nail ola bilməyib: “Öldüyünə əmin olandan sonra özümü də öldürmək istədim. Lətifəni vurduğum bıçağı qarnıma soxmaq istədim, ağrı hiss etdiyimdən bir qədər geri çəkildim. İkinci dəfə yenidən cəhd etsəm də bıçaq qarnıma girmədi. Özümü öldürə bilmədim. Törətdiyim hadisədən çox peşman idim. Biabırçılıqdan çəkindiyimə görə qərara aldım ki, qızıma və kürəkənimə zəng vurub deyim ki, guya naməlum şəxs bıçaqla Lətifəyə, sonrasa mənə zərbə endirib, hadisə yerindən qaçıb.

Qarnım yaralanmışdı, həyətə düşüb üstümün qanını təmizlədim, bıçağı yuyub digər bıçaqların yanına qoydum. Sonra zəng vurdum, uydurduğum hadisəni kürəkənimə danışdım. Çox keçmədi ki, polis əməkdaşları gəldilər. Onlara əvvəlcə evə başqa şəxsin girməsi və hər ikimizi bıçaqla vurması barədə danışdım. Amma özümü müdafiə etmək üçün uydurduğum cəfəngiyyat inandırıcı olmadı. Odur ki, hər şeyi etiraf etdim”.

Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilən Eldar Əliyev ifadəsində mərhum bacısı ilə Layiq Axundovun münasibətlərinin normal olduğunu göstərib: “Layiq mənə zəng vurub dedi ki, pensiyamı alıb gələrkən bir nəfər Lətifəni vurdu, sonra da mənə xəsarət yetirdi, mən də həmin şəxsi çəkiclə vurmaq istədim, amma qaçıb getdi. Ona təcili yardım çağırmağı və polisə məlumat verməyi məsləhət gördüm. Layiq isə Lətifənin artıq öldüyünü dedi. Təcili bacımgilə getdim. Layiqin danışdıqları mənə inandırıcı gəlmədi. Sonradan məlum oldu ki, Layiq özü Lətifəni öldürüb, sonra da özünə xəsarət yetirib. Məsuliyyətdən qurtarmaq üçün hamıya nağıl uydurub danışıb. Bacımı öldürdüyünə görə Layiqə qanunla nəzərdə tutulmuş ən ağır cəza verilməsini tələb edirəm”.

Şahid qismində dindirilən Aygün Ələsgərova ifadəsində deyib ki, son vaxtlar atasının yaddaşında yaşla əlaqədar pozulmalar olub, qulağı zəif eşidib: “Atam bazara gedəndə bəzi ərzaqları almağı unudurdu. Ona görə də anam deyinirdi. Dəfələrlə həm bacılarım, həm də mən anamı tənbeh edib atamı yola verməsini, yaşlanmasını, səhhətində olan problemləri nəzərə almasını xahiş edirdik. Atamdan da anamı yola verməsini xahiş edirdik. Hadisə baş verən gün atam zəng vurub “bizi vurublar, anan da, mən də qan içindəyik, anan ölüb, mən də yaralanmışam, ərinlə gəl” dedi.

Dərhal atamgilə getdim. Evə çatanda atamın qan içində olduğunu gördüm, onun yarasına baxdım, ilkin yardım etdim. Polislər gələrək atamı polis idarəsinə apardılar. Sonradan məlum oldu ki, anamı elə atam özü vurub”.

Məhkəmənin hökmü ilə Layiq Axundov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Virtualaz.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button