Bakıda ailəyə silahlı hücum: bacı-qardaş bıçaqlandı, oğlan öldü – (Video)
Bakının Səbayel rayonu ərazisində bacı-qardaşın bıçaqlanması ilə nəticələnən qanlı hadisə törədilib.
II Bibiheybət döngəsi, ev 19-da baş vermiş hadisə nəticəsində həmin evdə yaşayan 33 yaşlı Hüseynova Türkan Elçin qızı və onun kiçik qardaşı, 24 yaşlı Elvin Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı xəstəxanaya çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, döş qəfəsindən 4 bıçaq zərbəsi alan Elvin Hüseynov gətirilərkən yolda dünyasını dəyişib. Həkimlər müayinə zamanı artıq onda həyat əlamətləri müşahidə etməyib. Türkan Hüseynovanın xəsarətləri yüngül olduğundan ilkin tibbi yardımdan sonra o, evə buraxılıb.
Bir nəfərin bıçaqla öldürüldüyü, digərinin isə yaralandığı hadisənin təfərrüatlarını Səbayel Rayon Prokurorluğu araşdırır. İlkin araşdırmalar zamanı məlum olub ki, qətli Türkan Hüseynovanın tanışı Rasim adlı şəxs törədib. Həmin şəxs evdə heç kimin olmadığı zaman əvvəlcədən Türkanın və Elvinin yaşadığı mənzilə gələrək orada gizlənibmiş. Türkan, Elvin və onların anası evə gələndə Rasim özü ilə gətirdiyi bıçaqla onları vuraraq qaçıb.
Hazırda rayon polisi hər yerdə onu axtarır. Ailəli və təxminən 34-35 yaşlarında olduğu deyilən Rasimin Bakının Binəqədi rayonu ərazisində yaşadığı bidirilsə də Hüseynovların evinə nə məqsədlə soxulduğu hələlik məlum deyil. Onun oğurluq niyyəti ilə evə daxil olduğu da ehtimal edilir.
Artıq qanlı cinayət faktına görə Səbayel Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Rasim adlı şəxsin saxlanılıb-saxlanılmaması barədə ərazi üzrə Səbayel RPİ-nin 8-ci polis bölməsinə müraciət olunsa da bölmədən konkret olaraq qətllə bağlı məlumatsız olduqlarını bildirdilər (ANS).