Qarabağda döyüşlər qızışdı, iki düşmən əsgəri məhv edildi
Az əvvəl erməni mənbələri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu gün baş vermiş ciddi insident barədə məlumat yayıb.
Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, qondarma “DQR müdafiə nazirliyi”nin yaydığı məlumata əsasən Azərbaycan ordusunun bölmələri fevralın 28-də təxminən saat 14:25 radələrində erməni ordusunun cənub-şərq istiqamətindəki mövqelərindən birinə diversiya-kəşfiyyat həmləsi edib. Bu zaman baş verən atışmada erməni ordusu iki hərbçisini itirib.
Bunlar 1979-cu ildə anadan olmuş hərbçi Artak Aqekyan və 1995-cı ildə anadan olmuş çağırışçı əsgər Ayk Baroyandır.
Düşmən tərəf Azərbaycan ordusunun da döyüş zamanı “itki verərək geri çəkildiyini” iddia edir.
Qeyd edək ki, bu, təmas xəttində ötən il dekabrın sonlarından başlayaraq yaşanan gərginliyin ardınca yaranmış nisbi sakitlikdən sonra ilk ciddi insidentdir. Yanvar ayı ərzində Ermənistan ordusu təmas xətində az qala hər gün itki verib, düşmən həmlələrinin qarşısı alınarkən Azərbaycan ordusu da şəhidlər verib. Lakin ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın regiona səfəri ərəfəsində və səfərdən sonrakı günlərdə təmas xəttində gərginlik nisbətən azalmışdı.
Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində bugünkü atışma barədə xəbərlərə hələlik şərh verməyib.